Hadisə

Tağı Əhmədov YAP-ın binasında adam döymə və sələmçilikdə ittiham olunur

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov istintaqda dindirilib. Ondan bu yaxınlara qədər rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının binasında şəxsi döyməsi, sələmlə pul verməsi soruşulub.
Bizimyol.info xəbər verir ki, fevralın 4-də Tağı Əhmədovun məhkəmədə də dindirilməsi tələb olunub. Tağı Əhmədovun YAP-ın binasında ona sələmlə pul verdiyini, qaytara bilməyəndə isə onu döydüyünü iddia edən Səadət Xəlilov bunu tələb edir. Onun vəkili Hafiz Ələsgərov məhkəmədə vəsatət qaldıraraq bildirib ki, Tağı Əhmədov istintaqda dindirilib, məhkəməyə də gəlib bir sıra məsələlərə aydınlıq gətirməlidir.

Mərmər biznesiylə məşğul olan Səadət Xəlilov 2 milyon manatlıq dələduzluqda ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, o, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən mərmər biznesi adıyla pulu alıb, sonra onu aldadaraq, geri qaytarmayıb. Soltan Əliyev bu işdə zərərçəkmiş qismində tanınıb.

Səadət Xəlilov isə deyir ki, pulun sahibi Soltan Əliyev yox, Tağı Əhmədovdur. Onun sözlərinə görə, Tağı Əhmədov pulu ona sələmlə verib. Əvvəl 200 min, sonra 800 min, daha sonra 1 milyon manat aylıq faizlə pul verib. Hər ay da ona pul ödənilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İran və Qazaxıstandakı tərəfdaşlarıyla problemlər yarandığına görə biznesdə uğursuzluq yaranıb, pulu ödəyə bilməyib. Problemlər yarananda isə Tağı Əhmədovun həm özü, həm də qohumları tərəfindən zorakılığa məruz qalıb.

“Elə bir məhkəmə iclası olmayıb ki, orada Tağı Əhmədovun adı çəkilməsin. Hüquqlarını müdafiə etdiyim şəxslə Tağı Əhmədov arasında dəfələrlə telefon danışıqları olub. Xahiş edirəm, mobil operatora sorğu göndərilsin, müvəkkilimlə Tağı Əhmədov arasındakı telefon danışıqları haqda məlumat alınsın, məhkəmədə araşdırılsın. Müvəkkilim bildirir ki, Tağı Əhmədov pulu ona YAP-ın binasında verib, onu YAP-ın binasında döyüb. Xahiş edirik, Tağı Əhmədov məhkəməyə çağırılsın”, – vəkil Hafiz Ələsgərov bildirib.

Müdafiəçi xatırladıb ki, metropolitenin sabiq rəisi bu iş üzrə istintaqda dindirilib. Ona görə məhkəmədə də dindirilməsi vacibdir.

Məhkəmə vəsatəti təmin etməyib. Lakin Tağı Əhmədovun istintaqdakı ifadəsi elan edilib. O, həmin ifadəsində bildirib ki, pulu Səadət Xəlilova yox, dostu Soltan Əliyevə borc verib. O isə Səadət Xəlilova birgə biznes məqsədilə verib: “Mən onların işinə qarışmamışam, maraqlanmamışam”.

Bununla belə, Tağı Əhmədov ifadəsində təsdiqləyib ki, Səadət Xəlilov YAP-ın Yasamal təşkilatında onun kabinetinə Soltan Əliyevlə birlikdə gələrək pulu alıb.

O, Səadət Xəlilovu YAP-ın binasında döyməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

Bənzər yazılar

Back to top button