ManşetSiyasət

Şeyxin vurulması prosesinin pərdəarxası məqamları – Hədəf Azərbaycanın milli maraqlarıdır…

Yaxud Şeyxi əvəz etmək cəhdinin ən böyük zərbəsi ölkəmizin təhlükəsizliyinə və maraqlarına dəyə bilər

Son dövrlər ölkədə gedən proseslər bəzi qanunlarda ciddi dəyişiklikləri zəruri edir. Amma islahat naminə bütün qanunlarda dəyişiklik etməyin dəb halına salınması gələcəkdə ciddi nəticələrə səbəb ola biləcəyi bəzi başbilənlərin ağlına belə gəlmir. Təbii ki, bu sırada ölkənin qanunverici orqanı və xalqı təmsil edən deputatlar daha çox məsuliyyət daşıyırlar.

Məsələn, mediada yer alan məlumatlara görə, “Dini etiqad azadlığı haqqında” Qanunda da dəyişiklik edilməsi prosesi artıq başa çatmaq üzrədir. Əvvəlcə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, “Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsinin ikinci hissəsində “təşkilat məsələlərində” sözləri “dini məsələlərdə” sözləri ilə əvəz edilir, üçüncü hissəsinin birinci cümləsində “rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi” sözləri “din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, ikinci cümləsində isə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin” sözləri “Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin” sözləri ilə əvəz edilir, maddənin yeddinci hissəsi isə ləğv olunur.

AzToday.az xəbər verir ki, Milli Məclis fevralın 1-də “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci, fevarlın 15-də isə ikinci oxunuşda təsdiqləyib. Təbii olaraq edilən dəyişikliyin məğzindən xəbərdar olmayan bəzi deputatlar dəyişikliklərin dövlət-din münasibətləri baxımından əhəmiyyətindən bəhs ediblər. Həmişə olduğu kimi, millət vəkilləri düzəlişlərin bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyi barədə boğazdan yuxarı danışıblar. Amma…

Amma odur ki, dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. Burada əsas hədəf uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri vəzifəsində çalışan və bu vəzifəyə bütün Qafqazın dini icma rəhbərləri ömürlük seçilən Şeyxülislam Hacı Allahşükür Paşazadənin səlahiyyətlərinin əlindən alınmasıdır. Amma Şeyxin səlahiyyətlərinin əlindən alınması yönündə aparılan dəyişikliklər əslində Azərbaycanın əsas qanununa ziddir. Belə ki, Konstitutsiyaya görə, din dövlətdən ayrıdır və din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməklə dini etiqad azadlığının təmin olunmasına maneələr yaratmaq üçün şərait yaradılır ki, bu da qətiyyən yolverilməzdir.

Burada əsas mühüm məqamlardan biri odur ki, yeni dəyişikliklərlə QMİ-nin ölkədəki və Qafqazdakı nüfuzu sual altına düşür. Bu isə uzun illərdir Azərbaycanda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin və Şeyxülislamın bütün Qafqaz müsəlmanlarınını dini lideri olmasını həzm etməyən erməniləri və onların oyununa gələrək ara-sıra bu liderliyə zərbə vurmağa çalışan bəzi xarici və daxili qüvvələri sevindirə bilər. Düzdür, Şeyxülislam Hacı Allahşükür Paşazadə yeri gələndə həddindən artıq balanslaşdırılmış mövqedən çıxış edə, hətta onun Rusiya və ya İranla bağlı bəzi yanaşmaları kiməsə xoş gəlməyə bilər. Amma QMİ rəhbəri həlledici məqamda heç vaxt Azərbaycanın maraqlarından güzəştə getməyib.

Digər tərəfdən, əgər Şeyxülislamı dəyişmək məqsədi varsa, onu etməyin müxtəlif vasitələri və yolları mövcuddur. Amma bu və ya digər hallarda təkcə ölkə daxilində deyil, bütün Qafqaz regionundakı, habelə Gürcüstanda, Dağıstanda, digər respublikalardakı müsəlmanlara və azərbaycanlılara təsir rıcağını əldən vermək Azərbaycan dövləti üçün ən böyük səhv ola bilər. Çünki QMİ-nin fəaliyyəti ənənəvi dini cərəyan nümayəndələrinin ölkədə və regionda fəallıq göstərən vəhabilik, nurçuluq (FETO və s.) təsirinə düşməsinin qarşısını almaq üçün əlverişli mexanizm kimi qəbul edilir.

Ümumiyyətlə, uzun illərdir regionda böyük nüfuz və aktiv fəaliyyəti ilə seçilən Qafqaz Müsəlmanları İdarəsini zəiflətmək və ya sıradan çıxarmağa aparan bu kimi cəhdlər həm ciddi oyunların hədəfində olan bölgənin, həm də Azərbaycanın gələcəyi üçün təhlükəlidir. Bu məsələdə QMİ-nin ölkədə və Qafqazdaki nüfuzunu sual altına almaq məqsədi varmı və ya kimlər belə cəhdlərlə məşğul olur? Onu demək bir qədər çətindir. Amma hər halda düşünülmüş və ya islahat naminə aparılmasından asılı olmayaraq belə bir prosesin başa çatması ölkəmizin təhlükəsiziliyinə və maraqlarına ən böyük zərbə ola bilər…

Elmidar Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button