Cəmiyyət

Uşaqpuluna görə tənqid edilən deputatdan yeni açıqlama – “18 il o pula dəyməsinlər…”

Millət vəkili Arzu Nağıyevin “uşaqpulu” ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.

Onun bəzi ailələrin “uşaqpulu” üçün dünyaya daha çox uşaq gətirdiyini deməsi sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.

Deputat qeyd edib ki, bəzən çoxuşaqlı ailələrdə valideynlər özlərinin işini qurmaq və ya təmtəraqlı yaşayışını təmin etmək üçün “uşaqpulu”ndan istifadə etdikləri halda, uşaqlarını təmin etmirlər.

Digər məqam isə odur ki, A.Nağıyev uşaqların sayını qəsdən artırmaqla “uşaqpulu”ndan sui-istifadə hallarının yolverilməz olduğunu vurğulayıb.

“Uşaqpulu” tələb edənlərin bir qrupu düşünür ki, uşağın 1 yaşından 18 yaşınadək dövlət onlara pul ayırmalı, valideynlər də işləməyib uşaqlarının hesabına dolanmalıdırlar”, – deyə deputat açıqlamasında bildirib.

A.Nağıyev müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.

O, “uşaqpulu”na qarşı olmadığını, lakin fikrində qaldığını deyib: “Bir daha vurğulamaq istəyirəm ki, “uşaqpulu”nun əleyhinə deyiləm və olmayacağam. Hər zaman istəmişəm ki, insanların rifahı yüksək olsun və yaxşı dolansınlar. İstəyirəm ki, valideynlər normal uşaq böyütsünlər. Demişəm ki, verilən “uşaqpulu” uşağın özünə xərclənməlidir. Onsuz da 6 uşaqdan sonra dövlət hər bir uşağa maliyyə yardımı edir və pul ayırır. Sadəcə olaraq pulu uşaqların rifahı, gələcəyi üçün xərcləmək lazımdır.

“Bundan sonra dünyaya uşaq gətirilməsin” deməmişəm, sadəcə bildirmişəm ki, “uşaqpulu”ndan bu məqsəd üçün sui-istifadə edilməməlidir. Valideyn “uşaqpulu”na göz dikib öz həyatını qurmamalıdır. Əgər hər ay “uşaqpulu” veriləcəksə, o zaman həmin pul yalnız və yalnız uşağın özünə xərclənməlidir. Digər halda isə valideynlər bir kart açsınlar və verilən “uşaqpulu”nu övladının18 yaşına kimi həmin kartda onun gələcəyi üçün saxlasınlar. Valideynlər buna razı olarlarmı? Gəlin, bir-birimizi başa düşək”.

Bənzər yazılar

Back to top button