İqtisadiyyat

Fermerlərin subsidiya ƏNGƏLİ – Məbləğ niyə dəyişmir?

Azərbaycanda aqrar sahənin təşviqi üçün ayrılan subsidiyanın baza həcmi bir hektara 200 manat hesablanıb. Bu məbləğ 2020 və 2021-ci il illə analogiya təşkil edib, indiyə qədər heç bir dəyişiklik aparılmayıb.

Üç il ərzində artım görməyən baza subsidiya məbləği müasir bazar şərtləri çərçivəsində fermer və əkin işlərini qane edirmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Bizim.Media”ya açıqlaması zamanı bu məbləğin mövcud şərtlər daxilində fermerlərin heç bir ehtiyacını qarşılaya bilmədiyini söyləyib:

“Son bir il dörd ay ərzində yanacağın qiymətinin 30% artmasına rəğmən subsidiyalar normal kompensasiya edilmədi. Bununla yanaşı, təkcə yanacaq deyil, fermerlərin digər xərcləri də artıb”.

Ekspert bir sıra fermerlərin, ümumiyyətlə, subsidiya ilə təmin olunmadığını da qeyd edib:

“Subsidiya məbləğinin aşağı olması ilə bərabər, subsidiyanın ödənilməsi qaydası da uyğun deyil. Birincisi, subsidiya almaq üçün fermer qeydiyyatdan keçməlidir, bu isə internet üzərindən, onlayndır. Təəccüblü deyil ki, fermerlərin çoxu bunu bacarmır. Ona görə də bir çox fermerlər bu subsidiyadan kənarda qalır. Yaxşı olardı ki, hər bir fermerə torpağının dövlət aktına uyğun olaraq, hökumət subsidiya versin. Dövlət aktının nömrəsini təqdim etməklə fermerlərin subsidiya almaq imkanları olmalıdır”.

İqtisadçı fermerlərin ödənilən subsidiyanın heç də hamısını nağdlaşdıra bilməməsi və bəzi şirkətlərin bundan sui-istifadə etməsini də diqqətə çatdırıb:

“Fermerin nağdlaşdıra biləcəyi məbləğ ödənilən subsidiyanın 25%-dir. Yəni, 100 manatdan yalnız 25 manatını fermer nağdlaşdıra bilir. 75 manatına isə fermerə lazım olan gübrə, bitkilərin qidalandırılması ilə bağlı pestistlər almalıdır. Bunları da ölkəyə bəlli şirkətlər gətirir, bunu öz monopoliyalarında saxlayırlar. Bununla bir qrup şirkətə fermeri təhkim edirlər. O şirkətlər də bilir ki, fermer gübrə, toxum və s. almaq məcburiyyətindədir.

Akif Nəsirli qeyd edib ki, subsidiyaların həcmini ən azı üç dəfə artırmaq lazımdır. Subsidiyaların tam məbləğinin nağdlaşdırılması üçün fermerə imkan yaradılmalıdır ki, fermer onu azad şəkildə bazardan alsın. Bu zaman keyfiyyətdən, məhsuldarlıqdan söhbət etmək olar.

Bənzər yazılar

Back to top button