GündəmManşet

İranlı rejissor Cəfər Pənahi 12 il əvvəl aldığı həbs cəzasına görə niyə yenidən həbs olunub?

İranlı rejissor Cəfər Pənahi 6 il müddətinə həbs olunub.

Ötən həftə İranın paytaxtı Tehranda saxlanılan rejissor Cəfər Pənahi 2010-cu ildə ona verilmiş 6 illik həbs cəzasının hamısını çəkməyə məhkum edilib.

“Pənahi 2010-cu ildə 6 illik həbs cəzasına məhkum edilib. O, cəzasını çəkmək üçün Evin həbsxanasına gətirilib”, – Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi bildirib.

Cəfər Pənahi 2010-cu ildə hökumət əleyhinə nümayişləri dəstəklədikdən sonra saxlanılıb, “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 il həbs cəzası almış, ona film çəkmək, ssenari yazmaq və ölkədən çıxmaq qadağan edilmişdi.

Ancaq rejissor iki ay həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılmışdı.

Cəfər Pənahi bu il iyulun 11-də keçirilən etiraz aksiyasına qatıldıqları üçün həbs edilən rejissor yoldaşları Muhammed Rəsulof və Mustafa Əl Əhməd haqqında məlumat almaq üçün Evin həbsxanasına getdikdən sonra yenidən saxlanılıb.

BBC Farsca xidmətinə danışan Pənahinin həyat yoldaşı Tahirə Səidi onun həbsini qanunsuz “oğurluq” kimi qiymətləndirib.

“Cəfərin bir vətəndaş kimi müəyyən hüquqları var. Qanuni prosedur var. Kimisə həbs etmək üçün ilk növbədə ona xəbərdarlıq etmək lazımdır. Amma həbsxanadan kənarda etiraz aksiyası keçirən birinin həbs edilməsi çoxlu suallar doğurur. Bu, adam oğurluğudur”, – Səidi bildirib.

Pənahi iki həmkarının azadlığa buraxılması üçün birgə müraciət imzaladıqdan bir gün sonra saxlanılıb.

Muhammed Rəsulof və Mustafa Əl Əhməd may ayında Abadan şəhərində 10 mərtəbəli binanın uçması nəticəsində 40-dan çox insanın ölümü ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarına görə həbs edilmişdilər.

İki rejissor təhlükəsizlik qüvvələrini “silahlarını yerə qoymağa” və fəlakətlə bağlı etirazların qarşısını almamağa çağırmışdı. Etirazçılar “səriştəsiz məmurları” günahlandıraraq, onların cəzalandırılmasını tələb ediblər.

İRNA dövlət xəbər agentliyi xəbər verir ki, iki rejissor “iğtişaşları qızışdırmaqda və cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaqda” ittiham edilib.

İRNA xəbər agentliyinin məlumatına görə, islahatçı siyasətçi və daxili işlər nazirinin keçmiş müavini Mustafa Taçzadə də “milli təhlükəsizliyi pozmaq” şübhəsi ilə Tehranda saxlanılıb.

Kino yaradıcılarından açıqlama
Pənahi 334 iranlı kinorejissor və fəalın imzaladığı bəyanatı öz İnstaqram hesabında paylaşıb.

Bəyanatda “Müstəqil kino xadimlərinin və azad düşüncə sahiblərinin məruz qaldığı təzyiq və qorxutma siyasətini, həmçinin, əsas fərdi və ictimai hüquqların müvafiq qurum və təşkilatlar tərəfindən sistematik şəkildə pozulmasını pislədikləri” ifadə olunub.

62 yaşlı Cəfər Pənahi beynəlxalq film festivallarında bir çox mükafatlar qazanıb.

Bunların arasında “Taksi” filmi ilə 2015-ci ildə Beynəlxalq Berlin Film Festivalının ən böyük mükafatı olan “Qızıl Ayı” və “Üç həyat” filmi ilə 2018-ci ildə Kann Film Festivalında “Ən Yaxşı Ssenari” mükafatı var.

2009-cu ildə İranda keçirilən mübahisəli prezident seçkilərindən sonra baş verən hökumət əleyhinə kütləvi etirazlara dəstək verdiyi üçün 2010-cu ildə həbs edilən Pənahi daha sonra “sistem əleyhinə təbliğat aparmaq”da təqsirli bilinərək 6 il həbsə məhkum edilmiş, 20 il film çəkməsi və ya xaricə səfər etməsi isə qadağan olunmuşdu.

Kann Film Festivalı “bu həbsləri və İranda sənətçilərə qarşı davam edən repressiya dalğasını qətiyyətlə pislədiyini” bildirərək, üç rejissorun dərhal azadlığa buraxılmasına çağırıb.

Berlin Film Festivalının şənbə günü yaydığı açıqlamada bildirilib ki, “Şeytan mövcud deyil” filminə görə 2020-ci ildə “Qızıl Ayı” mükafatını qazanan Rəsulof və Əl Əhmədin saxlanması xəbəri “dəhşət” doğurub.(BBC)

Bənzər yazılar

Back to top button