Dünya

Karen Donfrid: “Kremlin zərbələri Ukraynanın ruhunu və bizim dəstəyimizi sarsıda bilməz”

Ukraynaya son raket zərbələri “nə Ukraynanın ruhunu, nə də bizim onu dəstəkləmək əzmimizi qıra bilməz”, – çərşənbə axşamı Dövlət Departamentinin Avropa üzrə baş diplomatı Karen Donfrid bildirib. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, bununla o, ABŞ-ın Rusiyanın Ukrayna ərazisini anneksiya etməsini “heç vaxt” tanımayacağına açıq işarə edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Vaşinqtonda brifinq zamanı ötən həftə Birləşmiş Millətlər Təşkilatında Ukrayna üzrə səsverməyə toxunub. Bu səsvermə Rusiyanın təcavüzünün bütün dünya üçün qəbuledilməz olduğunu “aydın nümayiş etdirdi”. 143 ölkə bunun əleyhinə səs verib və Kremlin qanunsuz olaraq Ukrayna ərazisini güc yolu ilə anneksiya etmək cəhdini pisləyib. “Dünya ölkələrinin böyük əksəriyyəti azadlıq, suverenlik və ərazi bütövlüyünün tərəfindədir”.

“Biz əvvəllər də demişik və yenə də deyəcəyik: Rusiya suveren dövləti xəritədən silə bilməyəcək, güc yolu ilə sərhədləri dəyişdirə və ya başqa ölkənin ərazisini ələ keçirə bilməyəcək”, – Donfrid vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatında səs verməyən region ölkələri, o cümlədən Azərbaycan hansı nəticəni çıxarmalıdır? Turan-ın müxbirinin bu sualının cavabında Donfrid deyib ki, getdikcə daha çox ölkə “daha ​​böyük və güclü qonşunun suveren ərazinizi udmaq istəyə biləcəyi bir dünyada yaşamaq istəmirlər”.

“Düşünürəm ki, bu, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müdafiə etdiyi ərazi bütövlüyünə inamdır, ötən həftə səsvermə də bununla bağlı idi və biz Birləşmiş Millətlər Təşkilatına üzv hər bir dövlətin ərazi bütövlüyünü qoruyan beynəlxalq sistemə bu ümumi inamı görürük”, – o deyib.

Putinin hərəkətləri açıq şəkildə göstərir ki, ukraynalıların həyatı kimi, rusların da həyatının “onun üçün heç bir mənası yoxdur”.

O, Rusiyanın Ukraynanın enerji infrastrukturuna son zərbələrini şərh edərkən deyib ki, qış ərəfəsində Moskva ukraynalıların soyuqda və qaranlıqda əziyyət çəkməsinə şərait yaratmağa çalışır.

“Amma aydındır ki, Rusiyanın təcavüzündə gördüyümüz bu qeyri-insanliq və qəddarlıq indi də mülki infrastruktura hücumlarda özünü göstərir”, – o əlavə edib.

“Məhz buna görə də biz təkcə Ukraynada dağıdılmış ərazilərin bərpasında köməyə yox, həm də Ukraynanın dinc sakinlərini öldürən bu pilotsuz təyyarələri və raketləri daha çox vurmağa kömək edəcək hava hücumundan müdafiə sistemlərinin təchizatına diqqət yetirəcəyik”.

Vaşinqtonda hesab edirlər ki, Ukraynada münaqişə danışıqlar masası arxasında başa çatacaq, lakin Rusiya xoş niyyətlə danışıqlara hazır olduğunu göstərməlidir. Donfridin dediyi kimi, “Rusiyanın hərəkətlərində xoşməramlı danışıqlarda iştirak etmək istəyini göstərən heç nə yoxdur”.

“Biz özümüzü və öz ərazimizi Rusiyanın təcavüzündən qorumaq üçün Ukrayna xalqını müdafiə etməyə və onu dəstəkləməyə davam edəcəyik. Biz bunu nə qədər lazımdırsa, o qədər edəcəyik”, -o, fikrini yekunlaşdırıb.

https://www.facebook.com/watch/?v=1204856753784095

Bənzər yazılar

Back to top button