Siyasət

Ekspert rəyi: Azərbaycan-İran münaqişəsi Tehran və Bakıya lazım deyil

Ötən həftə az tanınan bir neçə Azərbaycan saytı tezliklə, 10 gündən sonra Azərbaycanda İran agenturasının sərt şəkildə təmizlənəcəyi barədə məlumat yayıblar. Hakimiyyətin İran şəbəkəsini, yəni casuslardan daha çox, təsir agentlərini zərərsizləşdirmək niyyəti bildirilib. Eyni zamanda, həmin adamların və təşkilatların adları açıqlanmayıb.

Tezliklə Azərbaycanda İran agenturasından “təmizlənmə” prosesi başlayacaq. “Bunun üçün hazırlıq çoxdan başlamalıydı. Amma gözləyirdilər ki, bəlkə ağılları başlarına gəlsin. Görünür, onlar bunu başa düşmədilər və bağışlanmayacaqlar. Proses yaxın 10 gündə baş tutacaq”, – country.az saytı bildirib.

Turan İranşünas, Azərbaycanın İrandakı səfirliyinin keçmiş əməkdaşı Sədrəddin Soltandan bu informasiyanın yayılmasının səbəbləri və İranda xalq iğtişaşlarının perspektivi barədə sualları cavablandırmayı xahiş edib.

Tezliklə Azərbaycanda İranpərəst qüvvələrin miqyaslı təmizlənməsi barədə xəbəri rəsmi KİV yox, teleqram- kanallar yayıb, Soltan cavab verib.

Dövlət bu informasiyanı nə təsdiq edib, nə də təkzib edib.

“Mən ilk dəfə AzFront kanalından oxudum. Bu informasiyanın sürətlə yayılmasının səbəbi İran və onun hərəkətləridir. İran ölkəmizlə sərhəddə hərbi manevrlər həyata keçirir, Azərbaycanı hədələyir. Eyni zamanda, sosial şəbəkədə Azərbaycanda İran agenturasına qarşı genişmiqyaslı əməliyyat barədə bildirirlər. Bu xəbər İrandakı hadisələrlə üst-üstə düşür, buna görə də inandırıcıdır və digər KİV-lərdə də yayılır. İnformasiya və ya bəlkə də şayiə cəmiyyətə lazımi vaxtda çatdırılıb”, – Soltan deyib.

Eyni zamanda Azərbaycanda İran agentləri, satqınlar həbs olunur. Bu, yeni hadisə deyil. 1992-ci ilin payızında Azərbaycan müstəqilliyini bərpa edəndə İran kəşfiyyatının Azərbaycandakı rezidenti həbs edilmişdi. Sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da daxil olmaqla, belə həbslərlə bağlı başqa hallar da oldu. Bu yaxınlarda İranın ali lideri Xameneyinin nümayəndəsi Ocaq Nicat Bakıdan qovulub. O, Azərbaycanda beşinci kolonun yaradılması ilə məşğul olub, Ayətullah Xomeyninin İran inqilabi doktrinasını ölkəmizdə təbliğ edib, ölkəmizin təhlükəsizliyinə xələl gətirib. Təbrizdə, Tehranda bizim ölkənin diplomatik nümayəndəliklərinin qarşısında vahid mərkəzdən idarə olunan antiazərbaycan aksiyaları keçirilib, ekspert qeyd edib.

Azərbaycanda İran qüvvələrinin miqyaslı həbsləri, əgər baş tutarsa, iki ölkə arasında münasibətləri pisləşdirəcək. Hadisələrin belə inkişafına gərək varmı? Soltan bu sualın cavabında deyib: “İran və Azərbaycan ictimaiyyətini ortaq dəyərlər birləşdirir. İranda yaşayan 30 milyondan çox azərbaycanlı eyni dinə etiqad edir, şimaldakı ilə eyni mədəni xüsusiyyətlərə malikdir. Azərbaycanda isə rəsmi Tehran ideologiyasının tərəfdarları var. Bu, Azərbaycan Respublikasında İranla bağlı problemlər yaradır. Adamlar dini vətənpərvərliklə, öz ölkəsinə sədaqətlə səhv salır, odur ki, bizim vətəndaşlarımızın xəyanəti istisna olunmur. İranın Qum şəhərində və ola bilsin ki, başqa yerlərdə Azərbaycan vətəndaşları bizim ölkəmizin əleyhinə təbliğat aparırlar, ölkəmizdə mövcud olan dövlət quruluşunu devirməyə çalışırlar.

İranla münaqişə Azərbaycana lazım deyil, həmçinin Azərbaycanla düşmənçilik də İrana zərər verir. Ölkələrimiz arasında münaqişə Tehranın orada yaşayan azərbaycanlılara təzyiqinin və İranın Ermənistana dəstəyinin artmasına səbəb olacaq. Azərbaycanla münaqişə İrana da lazım deyil, çünki ölkəmiz blokadalar və sanksiyalarla əhatə olunmuş Tehran üçün həmişə nəfəslik olub. Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas meyarı və İrandakı azərbaycanlılar üçün nümunə olaraq qalır. Bizə qarşı ehtiyatlı siyasət yürütmək məcburiyyətində qalan Tehran bununla hesablaşır.

Ekspert misal çəkib: 44 günlük müharibə zamanı və ondan sonra Tehran Azərbaycana qarşı yalan xəbərlər yaydı, ancaq sonra bizimlə münasibətləri normallaşdırmağa məcbur oldu. Bu yaxınlarda İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla sərhəddə keçirdiyi təlimlər bizim ölkəmizə qarşı yönəlməyib, təlimlər yalnız ordunun öz daxili ehtiyacları üçün keçirilir.

İranda kütləvi aksiyaların iştirakçılarının qarşıya qoyduğu məqsədlər nə dərəcədə reallaşa bilər? Soltan hesab edir ki, İrandakı Azərbaycan türklərinin irəli sürdükləri “Qadın, həyat, azadlıq!” və “Azadlıq, ədalət, milli hökümət!” şüarları bütün dünyaya xəbər verir ki, xalq təkcə qadınlara və xalqa azadlıq tələb etmir, həm də milli dövlətin yaradılmasını tələb edir.

“1945-ci il dekabrın 12-də Azərbaycan türkləri 1 il mövcud olmuş milli dövləti yaratdılar. 1946-cı ildə İranda fars rejimi Şimali Azərbaycanı qana boyadı, gənc dövlətin fəalları öldürüldü və ya Bakıya qaçdı. Odur ki, İran Azərbaycanında milli hökumətin yaradılması tələbi yenidən irəli sürülür. Səbəb İranda milli məsələnin həll olunmaması, hökumətin millətlərin bərabərliyilə bağlı konstitusion, sadə milli hüquqlara, milli sərvətin ədalətli bölüşdürülməsi, dillər və s. – Konstitusiyanın 15, 19 və 20-ci maddələrinə məhəl qoymamasıdır.

Xalq əsas qanunun icrasını gözləyir, islahatlar, konstitusiyaya dəyişikliklər tələb edir. 44 ildir ki, İran dövləti dəyişmir, inkişaf etmir və bu, bütün İranda kütləvi etirazlarla nəticələnən problemlərə səbəb olub”, – İranşünas Sədrəddin Soltan deyib.

Bənzər yazılar

Back to top button