ManşetSiyasət

Antalyada Rubinyanın Hacıyevlə mübahisəsi Bakı və Yerevan arasında ciddi fikir ayrılıqları olduğunu təsdiq edir

Cümə günü, martın 1-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatik Forumu açılıb. “Cənubi Qafqazda sülh, inkişaf və qarşılıqlı əlaqə” (“Peace, Development and Connectivity in the South Caucasus”) mövzusunda panel müzakirəsində Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev çıxış ediblər.

Moderator spikerlərə belə bir sualla müraciət edib: Bu yaxınlarda iki ölkə liderinin Münhendə və XİN başçılarının Berlində keçirdikləri görüşlərdən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar hansı mərhələdədir?

Rubinyan suala cavabda deyib ki, Ermənistan sülhə hazırdır və razılaşdırılmış prinsipləri sülh müqaviləsində təsbit etmək üçün əlindən gələni edir. Sülh müqaviləsi Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması və sərhədlərin delimitasiyasının və demarkasiyasının onun əsasında həyata keçirilməsi prinsiplərinə əsaslanmalıdır. Ermənistan həmçinin suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında regional kommunikasiyaların açılmasının tərəfdarıdır.

Yerevanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Sülh müqaviləsinin layihəsində Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı və bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə olmayacağı haqqında 2 razılaşdırılmış müddəa var.

Öz növbəsində, Hikmət Hacıyev sülh müqaviləsinin real məzmuna malik olmalı və Brüssel və Parislə deyil, Bakı və Yerevan arasında bağlanmalı olduğunu bildirib. Sülh müqaviləsi etibarlı olmalıdır və bu mənada Azərbaycanın sualları var. Ermənistan konstitusiyasında indiyədək Azərbaycana qarşı ərazi iddiaları və Qarabağla birləşmə çağırışları (“miatsum”) var. Bu, Yerevanın istinad etdiyi Almatı Bəyannaməsinə də ziddir.

Bundan başqa, Cənubi Qafqaz regionunda “geosiyasi intriqalar” baş verir, onlar yalnız vəziyyəti çətinləşdirir və “yeni ayırıcı xətlərin” yaradılması məqsədinə xidmət edir. Bu mənada Bakının Avropanın müşahidəçilər missiyası və Ermənistanın hərbiləşmə planları ilə bağlı sualları var, deyə Hacıyev qeyd edib.

Buna cavab olaraq Rubinyan deyib ki, Ermənistanın daxili qanunvericiliyinə istinad etməyə dəyməz, bu, “sülh müqaviləsinin müddəalarının pozulması demək deyil”. O, həmçinin qeyd edib ki, Ermənistan hərbiləşmir, sadəcə olaraq öz müdafiəsini gücləndirir. “Ermənistan Azərbaycana görə öz təhlükəsizliyindən narahatdır və müdafiəsini təşkil etmək üçün suveren hüquqa malikdir”, deyə Rubinyan bildirib.

“Biz sülh müqaviləsində öhdəliklərimizi təsbit etməyi və bir-birimizin ərazi bütövlüyünü tanımaq öhdəliyi götürməyi təklif edirik. Lakin Azərbaycan tərəfin buna hazır olduğunu görmürük”, deyə Rubinyan qeyd edib.

Buna cavab olaraq Hacıyev deyib ki, Bakının Yerevanın səmimiyyətindən şübhə etmək üçün əsasları var, çünki 2020-ci ildə müharibə başa çatdıqdan sonra üç il ərzində Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdan imtina edib. 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən hərbi əməliyyatın səbəbi məhz bu olub.

Ermənistanın daxili qanunvericiliyinə müdaxilə haqqında iradlara gəlincə, söhbət bunun Azərbaycan qanunvericiliyinə nə dərəcədə aid olmasından gedir. Ermənistanın Müstəqillik Bəyannaməsində, konstitusiyasında və Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrə verdiyi sənədlərdə Azərbaycan ərazilərinə iddialar yer alır, deyə Hacıyev vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button