ManşetSiyasət

Ərdoğan: “Türkiyə, Azərbaycan və Pakistan əməkdaşlığı genişləndirirlər”

Türkiyənin Pakistan və Azərbaycanla üçtərəfli əməkdaşlığı sürətlə inkişaf edir. Bu barədə noyabrın 25-də prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında bildirib.

O, danışıqların yekunlarını şərh edərkən deyib ki, Türkiyə və Pakistan liderləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər, “Anadolu” agentliyi bildirib.

Prezidentin sözlərinə görə, tərəflər həmçinin ümumi gündəliyin mühüm regional və beynəlxalq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

O qeyd edib ki, Türkiyə və Pakistan Cənubi Asiyada sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş bir sıra birgə əməkdaşlıq layihələrini uğurla həyata keçirirlər.

Dövlət başçısı əlavə edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 1 milyard dollara çatıb və artmaqda davam edir. “Ticarətimizi 5 milyard dollara çatdırmaq məqsədinə nal olmaq üçün zəruri siyasi iradəmiz və qətiyyətimiz var”, – o deyib.

Türkiyə lideri Əfqanıstandakı vəziyyəti də şərh edib. O qeyd edib ki, “Əfqanistanda sülhün və sabitliyin bərqərar olması, əfqan qardaşlarımızın qarşısında humanitar borcumuzla yanaşı, ümumi təhdid və risklər baxımından da vacibdir”.

Onun sözlərinə görə, Ankara və İslamabad “əfqan xalqının üzləşdiyi humanitar böhranın nəticələrini aradan qaldırmaq” üçün birgə səyləri davam etdirəcəklər.

Prezident Ərdoğan Ankaranın İslamabadın terrorla mübarizəsinə dəstəyini təsdiqləyib.

“Biz hər zaman Pakistanın ağrısını bizim ağrımız, sevincini bizim sevincimiz, uğurunu bizim uğurumuz hesab etmişik”, -Türkiyənin dövlət başçısı deyib.

Öz növbəsində Şahbaz Şərif Türkiyənin qoşulması yoluyla Çin-Pakistan iqtisadi dəhlizi marşrutunun uzadılmasını təklif edib.

Baş nazir qeyd edib ki, bu, tərəflər üçün “yaxşı imkanlar” açacaq.

“Çin və Pakistan böyük dostlardır və biz Çin Xalq Respublikasının sədri Si Tsinpinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Pakistan iqtisadi dəhlizinin üstünlüklərindən istifadə edirik. Mən təklif edərdim ki, bu, Çin, Pakistan və Türkiyə arasında əməkdaşlıq olsun”, – Şərif qeyd edib.

Hökumət başçısı əmin olduğunu bildirib ki, üç ölkə arasında belə əməkdaşlıq “bütün regiona firavanlıq və tərəqqi gətirəcək”.

“Bu, yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılmasına kömək edəcək ki, bu da təhsilin inkişafına öz töhfəsini verəcək. Beləliklə, biz bu günün çağırışlarına cavab verə biləcəyik”, – Pakistanın baş naziri deyib.

Şahbaz Şərif noyabrın 13-də İstanbulda törədilmiş terror aktı nəticəsində adamların həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Bənzər yazılar

Back to top button