GündəmManşet

Laçın dəhlizinin blokadası davam edir (VİDEO)

Bazar ertəsi saat 17:00-da Şuşa şəhəri yaxınlığında Laçın dəhlizinin azərbaycanlı fəallar tərəfindən blokadası davam edir. Azərbaycan KİV nümayəndələrinin hadisə yerindən verdiyi məlumata görə, yola qaldırıcı kran gətirilib və üstündə Azərbaycan bayrağı asılıb.

Erməni mənbələrin məlumatına görə, yolun Laçından Şuşa şəhərinə gedən hissəsində 100-dən çox erməni blokadada qalıb. Bu, sülhməramlılar Ermənistan tərəfdən Laçın dəhlizinə girişi bağladıqdan sonra baş verib.

Artıq 7 saatdır ki, yol bağlıdır. Aksiya iştirakçılarının tələblərinə baxmayaraq, Rusiya sülhməramlılarının komandiri hadisə yerinə gəlməyib.

Sülhməramlılarla azərbaycanlı fəallar arasında ciddi insident qeydə alınmasa da, sözlü atışmalar və itələşmələr baş verib.

Müəyyən məqamda fəallarla sülhməramlıların arasında Azərbaycan xüsusi təyinatlıları dayanaraq rus hərbçiləri sıxışdırıb, onların fəalları sıxışdırmasına imkan verməyiblər.

Qeyri-rəsmi məlumatlara görə, Bakı, sülhməramlıların komandanlığı, Moskva və Yerevan arasında intensiv danışıqlar davam edir. Görünür, hələlik heç kim geri çəkilmək fikrində deyil.

Fəallar çadırlar qurublar, orada növbə ilə keşik çəkməyi planlaşdırırlar, həmçinin isti yemək və çay təşkil olunub.(Turan)

Bənzər yazılar

Back to top button