Cəmiyyət

“Selektiv aborta məcbur edilən qadınlar var”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsi fevralın 9-da Azərbaycan və bəzi ölkələrlə bağlı araşdırmanın nəticələrini dərc edib.

Azərbaycanla bağlı hesabatda Komitə yeniyetmə hamiləlik və cinsə görə oğlanların xeyrinə selektiv abortların sayının çox olması məsələsini qaldırıb. Komitə hökuməti cinsə görə abortların köklü səbəblərini aradan qaldırmağa çağırıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda 2010-cu ildə hər 100 doğulan qıza 117, 2020-ci ildə – 114, 2021-ci ildə isə 116 oğlan düşür. 2021-ci ildə Azərbaycanda doğulan 73 min 177 körpə arasında oğlanların xüsusi çəkisi 53.4, qızlarınkı isə 46.6 faiz olub.

Azərbaycan qanunvericiliyinə əsasən, cinsə görə abort qadağandır. Qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər. Mütəxəssislərin sözlərinə görə, dölün cinsiyyəti yalnız 12 həftəyə yaxın bilinir.

Selektiv abortların qarşısının alınması üçün Azərbaycanda “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” hazırlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov “Turan”a bildirib ki, Azərbaycanda xüsusi Milli Fəaliyyət Planı var, qəbul edilərək icraya yönəldilib: “Bu plan selektiv abortların, oğlan və qız uşaqları arasında nisbətin aradan qaldırılması üçün qəbul edilib. Bununla bağlı 11 dövlət orqanı həmin plan çərçivəsində tədbirlər görür”.

Komitə rəsmisi qeyd edib ki, maarifləndirici tədbirlər, konfranslar keçirilir: “Ancaq bu, yetərli deyil. Fikrimcə, ilkin tədbir olaraq qanunvericilikdə təkmilləşmə işləri aparılmalıdır. Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində selektiv abortlara görə xüsusi norma, ağırlaşdırıcı hallar olmalıdır və selektiv abortun hüquqi tərifi verilməlidir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da hesab edir ki, bu məsələlər ətrafında müzakirələri intensivləşdirib bir ortaq qərara gəlmək lazımdır: “Biz ya beynəlxalq konvensiyalara uyğun davranışlar sərgiləməliyik, ya da bundan imtina etməliyik. Amma bütün hallarda selektiv aborta qarşı cəmiyyətdə ən doğru metodologiya təbliğat və maarifçilikdir”.

Deputat reproduktiv sağlamlıq haqqında qanunun müxtəlif səbəblərə görə hələ qəbul olunmamasına diqqət çəkir: “Çünki bir uzlaşma əldə olunmayıb. Amma bütövlükdə bu cür həyati təzahürlərin qanunvericilikdə olması artıq yavaş-yavaş gerçəkləşməlidir”.

“Qadın üçün” Təşəbbüs Qrupunun təsisçisi Zümrüd Yağmur isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda selektiv abortlarla bağlı problem o qədər qabarıb ki, əhali sayına görə böyük olmayan ölkə bu göstərici üzrə dünyada birinci yerdədir: “Əslində dövlət bununla bağlı çox ciddi proqram hazırlamalı, problemin verdiyi fəsadlar və gender bərabərliyin pozulması ilə bağlı bilgiləndirmə aparmalıdır. Proqram olsa belə, onun səmərəli şəkildə həyata keçirildiyinə ümidli deyiləm. İndiyə qədər bir çox problemlərlə bağlı qəbul edilən proqramların o qədər də səmərəli olduğunu görmürük”.

Onun sözlərinə görə, selektiv aborta məcbur edilən qadınlar var: “Onlar evdə əri və qayınanası tərəfindən aborta məcbur edilir. Bu qadınlar bunu istəməsələr belə, mexanizmin qabağında dura bilmirlər, çünki onlar kimə güvənməli olduqlarını bilmirlər, bətnindəki uşağını, özünü qoruyacağı mexanizm yoxdur”.

Z.Yağmur hesab edir ki, cəmiyyətdə qadına münasibət dəyişməlidir, bunun üçün də ciddi maarifləndirmə işləri aparılmalıdır.

Bənzər yazılar

Back to top button