İqtisadiyyatManşet

İlham Əliyevin Davos Forumundakı görüşləri

Davosda Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən prezident İlham Əliyev bir sıra beynəlxalq şirkətin rəhbərləri ilə görüşüb.

“Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşdə Azərbaycanda alternativ enerji sahəsində layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

2022-ci ilin sonlarında Azərbaycanın Energetika Nazirliyi və “Fortescue Future Industries” şirkəti arasında imzalanmış sazişə əsasən, 12 min meqavatt külək və günəş enerjisi istehsalı üzrə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yeni obyektlərin yaradılması Azərbaycanın Avropa ölkələrinə yaşıl enerji ixrac etməsinə imkan verəcək.

Bununla əlaqədar Əliyev Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasının əhəmiyyətini qeyd edib.

Azərbaycanın beynəlxalq energetika şirkətləri ilə imzaladığı qarşılıqlı anlaşma memorandumları və sazişlər ölkədə 22 min meqavatadək külək və günəş enerjisi istehsal etməyə imkan verəcək.

Əliyevin CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə Azərbaycanda rəqəmsallaşdırma layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

CISCO şirkətinin iştirakı ilə Zəngilan rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri həyata keçirilir.

Söhbət zamanı Azərbaycanda su resurslarından istifadədə CISCO şirkətinin texnologiyalarının tətbiqindən danışılıb, təhsil və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan prezidentinin həmçinin Niderlandın Damen Shipyards Group şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, The Goldman Sachs Group Inc. şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, Kromatix SA şirkətinin baş icraçı direktoru Rafik Hanbali, Signify (əvvəlki adı Philips Lighting) şirkətinin baş icraçı direktoru Erik Rondolat, Carlsberg Group şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub. (Turan)

Bənzər yazılar

Back to top button