Siyasət

Aİ və NATO Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünün nəticələrini alqışlayıb

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın 1-4 may tarixlərində ABŞ-da aparılan danışıqlarını alqışlayıb.

“Vaşinqtondan ümidverici xəbərlər gəlir. Avropa İttifaqı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dörd günlük danışıqlarını alqışlayır. İrəliləyiş yalnız dialoq vasitəsilə əldə oluna bilər. Biz tərəfdaşlarımızla işləyərək, möhkəm sülh axtarışında Azərbaycanı və Ermənistanı dəstəkləməyə davam edirik”, deyə Klaar öz Twitter səhifəsində yazıb.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstək ifadə edib.

“Vaşinqtonda 4 günlük konstruktiv danışıqlardan sonra sülh sazişi yolunda hiss olunan irəliləyiş əldə olunduğunu eşitmək çox xoşdur. Məsələnin həllinin yeganə yolu danışıqlar və dialoqdur. NATO iki tərəfdaşımız arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, deyə Kolomina öz Twitter səhifəsində yazıb.(Turan)

Bənzər yazılar

Back to top button