CəmiyyətGündəm

Korrupsiyanın törətdiyi bəlalardan biri: Nəzarətsizlik

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 19 saylı məktəbin idman zalında 7 yaşlı uşağın məşq zamanı məşqçisi tərəfindən döyülməsini əks etdirən kadrlar ictimaiyyət tərəfindən xeyli qəzəblə qarşılandı və geniş müzakirələrə səbəb oldu.

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 19 saylı məktəbin idman zalında 7 yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi 4 ay müddətinə həbs-qətimkan tədbiri seçdi. Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Niyə bir uşaq öldükdən və görüntülər yayıldıqdan sonra problem ortaya çıxır? Niyə nəzarət yoxdur? Dövlət qurumları vəzifələrini niyə vaxtında yerinə yetirmir ki, belə faciələr yaşanır? Baş verənlərə görə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsuliyyət daşımırmı? Ümumiyyətlə, idman dərnəkləri inkişaf etmiş ölkələrdə necə tənzimlənir?

Fransada yaşayan hüquqşünas Rəşid Hacılı mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Rəşid bəy, məşq zamanı ölən 7 yaşlı uşağın ölümünə görə ancaq məşqçi məsuliyyət daşıyırmı? Bəs ona bu şəraiti yaradan məktəb rəhbərliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, uşaqlara cavabdeh olan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin heç bir məsuliyyəti yoxdurmu bu məsələdə?

Cavab: Çox üzücü kadrlar idi. Belə olaylarda bir şəxsin məsuliyyətindən danışmaq olayın üstünü bağlayıb unutmaq kimi bir şeydir. Ən pisi də elə budur. Normal adamlar, toplumlar ən azı öz səhvlərindən öyrənməlidir. Başqalarının təcrübəsindən öyrənə bilsələr daha yaxşı.

Bu olay ölkədə döyüş idman növlərinin öyrədilməsi sahəsinin idarə edilməsində boşluqlar olduğunu üzə çıxardı, Azərbaycanda kim, harada, kimə, necə istəsə öyrədə bilər belə zorakı döyüş bacarıqlarını? Bu belə də olmalıdırmı? Heç bir düzənləmə, nəzarət olmadan?

Ən azı belə suallar verilməli və müzakirələr olmalıdır. Bu bir şəxsin, bir ailənin yox, toplumun problemidir. Uşağını belə döyüş idman qruplarına qoymaq istəyənlərdən tutmuş, çənəsi belə döyüş bacarığı olanların yumruğu ilə sınanlaradək.

Bəli, uşaqların da, böyüklərin də belə risklərdən qorunması üçün idarəetmədə düzənləmə olmalıdır. Təhsil Nazirliyi məktəblərdə belə döyüşçülərin yetişdirilməsi işinin içinə giribsə, onun borcudur riskləri görsün və önləsin.

Əslində sizə əcaib gəlmirmi bir qədər. Təhsil hara, zorakı döyüş növləri hara? Boks, sambo, karate, təpikləmə, kikboksinq hara?

Sual: Hazırda demək olar ki, Bakının və Sumqayıtın bir çox məktəblərində, eləcə də rayonlarda həm məktəblərdə, həm də İdman olimpiya komplekslərində bu kimi idman növləri üçün dərnəklər təşkil olunur. Kimdir bunlara nəzarət etməli olan, kimdir bunlara sertifikasiya verən? Bu məşqçilərin psixoloji durumunu, uşaqlarla işləmə bacarığını yoxlamadan onlara bu şəraiti yaratmaq nə dərəcədə düzgündür?

Cavab: Gənc idmançıların oxuduğu xüsüsiləşmiş məktəblər ola bilər. Elm və Təhsil nazirliyinin işi keyfiyyətli ümumtəhsil vermək olmalıdır normalda, döyüş idmanı öyrətmək yox.

İdman dərslərini normal keçsələr, gənclərə idmanı, bədən tərbiyəsini öyrətsələr, sevdirsələr, yetər. Hətta yoqa da olar. Zorakı döyüş artıqdır təhsil sistemi üçün.

Kim istəyirsə gedib klublarda öyrənsin. Hətta məktəblərin öz idman yerlərini kənar şəxslərə kirayə verməsi də qəribə görünür. Bu həm də məktəblərdə güvənlik üçün problemlər yaradır. Kənar şəxslərin məktəb binasına girməsinə imkanlar açır.

Qayıdaq döyüş-idman növlərinin öyrədilməsi sahəsində düzənə. Həm öyrətmə prosesinin özü, həm də öyrənmiş şəxslərin davranışı özündə bəzi risklər daşıyır. Bunu, məsələn, ov silahlarının satışı kimi bir məsələ ilə müqayisə edək. Ov silahı həm onu alan, həm yaxınları üçün risk mənbəyidir. Üstəlik, başqa cinayətlərdə işlədilə bilər. Hələ brakonyerlik, ov qaydalarını pozulması, nadir heyvanların öldürülməsi. Bu üzdən də ov silahlarının satışı ciddi düzənləmə və nəzarət tələb edir.

Döyüş idman bacarıqları da elə. Döyüş bacarığı olan sanki özüylə odlu silah gəzdirir və hər zaman bu silaha əl uzada bilər. Dünən bir boksçunun dövlət məmuruna hücum edib çənəsini qırma səhnəsində biz bunu gördük.

Beləliklə, bu idman növlərini öyrədənlərin gərəkli dövlət diplomu və ya sertifikatı olmalıdır. Uşaqların, gənclərin bədən quruluşu, funksionallığı, anatomiyası və fizioloji xarakteristikasını bilmək lazımdırmı onlara? Əlbəttə. Bunsuz o zərər vura bilər həmin şəxslərin orqanizminə, artıq-əskik fiziki ağırlıqlar verərək.

Uşaqlarla məşğul olursa, mütləq pedaqoji bilikləri olmalıdır. Əks halda uşaqlarla, gənclərlə effektiv kommunikasiya qura bilməyəcək, psixoloji gərginlik yaranacaq. Zorakı idman başqa vasitələr olmayanda zorakılığa həvəsləndirir hər zaman.

Və təbii öyrətdiyi idman növünü bilməlidir təlimçi şübhəsiz. Əks halda nə öyrədəcək?

Təlimçi olmaq istəyənlərə bir neçə aylıq kurs ərzində risklər və onların aradan qaldırılması yolları öyrədiləcək, döyüş idman bacarıqları olan şəxslər üçün zəruri olan etik davranış, güc tətbiqinin yol verildiyi hallar, məsuliyyətlər haqqında bəzi biliklər də öyrədiləcək ki, o da bunları öz öyrətdiyi şəxslərə anlatsın.

Beləliklə, təhsil almış, addımlarının hüquqi-administrativ, etik, fizioloji nəticələrini bilən trenerlərə inam daha çox olacaq. Onların göstərdiyi xidmətin keyfiyyətinə etibar da. Ən azı biləcəksən ki, fatal zərərlər olmayacaq.

Dövlətin də borcu elə budur. Belə xidmətlərin risksiz, etibarlı, keyfiyyətli olması üçün onları düzənləmək.

Sertifikatla yanaşı belə trenerlərin fəaliyyəti də nəzarətdə olmalıdır. Davamlı. Yoğun olmaya bilər bu nəzarət, amma effektiv olmalıdır.

Sual: Sizin yaşadığınız ölkədə və ya Avropada bu məsələlər necə həll olunur? Orda da istənilən idmançı və ya başqa peşə sahibi bu formada özünə özfəaliyyət dərnəyi qurmaq istəsə, hökumət orqanları ona şərait yaradacaqlarmı?

Cavab: Avropa ölkələrində, yaşadığım Fransada, məsələn inzibati düzənləmə var, təbii. Avropada, özəlliklə Qərbi Avropanın inkişaf etmiş ölkələrində az qala hər addım düzənlənir. Hətta Azərbaycan tərəfdən baxsaq, çox sərt. Hər bir peşə sahibinin mütləq dövlət tərəfindən tanınan sertifikat və ya diplomu omalıdır. Vətəndan saçını rəngləməyi etibar etdiyi şəxsin zəruri biliklərə sahib olduğuna arxayın olmalıdır. Özü yoxlaya bilməz bunu. Deməli, hökumət etməlidir bunu. Sertifikatı olmayan işləyə bilməz. Saç rəngləyənin işlətdiyi kimyəvi vasitələr, onların işlənmə təlimatları, saça və dəriyə təsirləri və nəticələri barədə bilikləri olmalıdırmı? Şübhəsiz.

Avtomobilimizin təmirini götürək. Avtomobil təhlükə mənbəyidir. Onu düzəldən mexanikin zəruri bilikləri olmazsa, bu təkcə sizin avtomobiliniz üçün yox, həm sizin, həm də ətrafdakılar üçün təhlükələr yarada bilər. Siz hər qaraja girəndə işçilərin diplomu olub-olmadığını yoxlaya bilməzsiniz. Bunu kimlərsə etməlidir sizlər üçün. Təbii ki, publik institutlar.

Əksər az-çox riski olan sahələr beləcə düzənlənir.

Azərbaycanda özəl torpağında ev tikirsənsə, yalnız memarlıq baxımından razılaşdırırsan. Çoxqatlı olanda FHN də baxmalıdır. Fransada bütün hallarda evin güvənli olması ilə bağlı bütün məsələlər mühəndis nəzarətindən keçir. Yəni hökumətin etibar edib sertifikat verdiyi müstəqil mühəndislər yoxlayıb rəy verirlər, vəssalam. Çünki, hətta kiçik daxma belə düzgün tikilməzsə uçub orda yaşayanlara zərər vura bilər.

Aşırı zorakı idman növlərinin öyrədilməsi də onun kimi.

Fransada belə trenerlər üçün uyğun təhsil, biliklər və diplom tələbi mütləqdir. Üstəlik, trener kimi işə başlayan hər kəs yerli prefekturun idman və gənclər bölümünə tələb edilən sənədləri təqdim etməlidir. Bununla nəzarət başlayır. Dəyişikliklər olduqca (məsələn, treninq zalı, yaxud diplom, yaxud trener kimi işləməyi qadağan edən məhkəmə qərarı və s) prefektura məlumat verilir. Prefektur da gərəkli bildiyi hallarda nəzarətini edir.

Fransada qanunvericilikdə bəzi kateqoriyadan olan şəxslərin döyüş idman üsulları öyrətməsi ümumiyyətlə qadağandır. İşgəncə vermək, seksual təcavüz, narkotrafik, narkotik sui-istifadəsi, başqalarını təhlükədə qoymaq, uşaqlara qarşı təhlükəli hərəkətlər, sutenerlik və bir neçə başqa cinayətlər törətmiş şəxslər döyüş idman növləri üzrə təlimçi ola bilməzlər. Üstəlik, uşaqların qorunması ilə bağlı qanunları pozduğuna görə bəzi şəxslər belə idman növlərini uşaqlara öyrətmək hüququndan məhrum edilirlər.

Sual: Sizcə, Azərbaycanda bu məsələlərin normal qaydada tətbiqi üçün hansı addımlar atılmalıdır? İndi övladının idmanla məşğul olmasını istəyən əksəriyyət valideyn bu addımdan çəkinəcək. Bu isə Azərbaycanın gələcəkdə idman sahəsində uğurlar qazanmasını əngəlləyəcək. Hökumət hansı addımlar atmalıdır ki, insanlar övladlarını idmana yazdırmaqdan çəkinməsinlər və dərnəkləri təşkil edənlərə etibar etsinlər?

Cavab: Göründüyü kimi bu birbaşa Gənclər və İdman nazirliyinin qayğısına qalmalı olduğu problemlərdir. Azərbaycanda sertifikat, diplom, imtahan, təlimat, tənzimləmə, nəzarət kimi məsələlərə bir təpki, qıcıq var. Korrupsiyanın törətdiyi bəlalardan biri də budur. Hamı düzənləmədən qorxur, bürokratiyadan qaçır. Nəzarətə nifrət edir. Amma xeyli məsələlər var ki, bunlarsız ictimai xidmətlər, etibarlılıq, güvənlilik çox aşağı səviyyədə olacaq, riskləri azaltmaq mümkün olmayacaq.

Bənzər yazılar

Back to top button