İqtisadiyyat

Naxçıvanda qum, daş monopoliyası: İkiqat bahalaşma

Naxçıvanda qum və çay daşının qiyməti iki dəfə bahalanıb. Əvvəllər bir maşını 180 manata satılan çay daşının qiyməti 400 manata, bir kub metri 10 manata olan qum isə 20 manata qaldırılıb. Bahalaşmaya səbəb „Arkoz Holdinq“in bu işi manopoliyaya alması olduğu bildirilir. Naxçıvanda hakimiyyət dəyiməzdən öncə isə, bu işlərə o vaxtkı hakim ailə Talıbovlara məxsus şirkətlər nəzarət edirdi.

Qiymətlərin ikiqat qalxması yerli sakinlərdə ciddi narazılığa səbəb olub. Bahalaşmaya görə, kərpic sexləri işlərini dayandırıb, bir çox fərdi evlərin tikintisi yarımçıq qalıb. Şərur rayonundakı kərpic sexlərindən birinin sahibi S. Babayev „Gündəlik Naxçıvan“a deyir ki, müəssisə bağlandıqdan sonra bir neçə ailə işsiz və qazancsız qalıb:

“Əvvəl 5-10 manat verib, qumu özümüz çaydan daşıyırdıq, tökdüyümüz kərpic çox ucuz qiymətə başa gəlirdi. Biz də üstünə biraz qoyub, satırdıq. Bu səbəbdən Naxçıvanda kərpicin qiyməti Bakıya nisbətən 50 faiz ucuz idi. Əvvəlcə qum daşıyan maşınlarımızı tutub, 300-500 manat cərimələməyə başladılar. Daha sonra isə, tam qadağa qoyuldu. İndi qumu çıxarmaq yalnız „Arkoz Holdinq”ə tapşırılıb. Qumu daşıyıb, özlərinin xüsusi yerlərinə boşaldırlar. Ancaq gedib, oradan almaq olur. Onlar da elə qiymət qoyub ki, əvvəlkindən ikiqat baha. Bu qiymət sərf eləmir deyə, sexləri bağlamalı olduq. Bu səbəbdən onlarla ailə çörəksiz qalıb“.

Yeni evlənmiş oğluna ev tikmək istəyən Şahbuz rayon sakini Qadir Mustafayev də bahalaşmadan sonra tikintini dayandırmağa məcbur olduğunu bildirir:

“Dədə-babadan evin təməlinin möhkəm olması üçün, həm də ucuz başa gəlməsi üçün çay daşından istifadə etmişik. Demək olar ki, kəndlərdə tikilən evlərin böyük əksəriyyəti çay daşları və sexlərdən alınmış kərpiclərlə tikib. İndi çay daşı iki dəfədən artıq bahalanıb. Qumun da balanmasına görə, görə kərpic sexləri də işini dayandırıb. Bu cür olmaz, axı. Onsuz da əhalinin sosial vəziyyəti çox ağırdır. Baş verənlər həm də tikinti materiallarının qiymətinin qalxmasına gətirib çıxarır. Bu səbəbdən xeyli fərdi tikinti işləri yarımçıq qalıb“.

Bənzər yazılar

Back to top button