İqtisadiyyatManşet

“Ekspress Bank” və “Muğanbank” bağlana bilər – Vurulmuş oliqarxların bankları …

Mayın 16-da Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv olundu.

Bununla da Azərbaycanda lisenziyası ləğv olunan bankların sayı 14-ə çatdı. Hazırda ölkədə ümumilikdə 24 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət, 22-si isə kommersiya bankıdır. Lakin kulislərdə banklarla bağlı heç də xoş olmayan xəbərlər gəzir. Belə ki, bu banklardan da bəzilərinin yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. Azərbaycanda bank sisteminin öz axarı ilə yaranmadığı və inkişaf etmədiyi sirr deyil. Əsasən oliqarx və yüksək vəzifəli məmurların müdaxiləsindən sonra bank sektoru böyüməyə başlayıb.

Ona görə Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin hansısa yüksək vəzifəli məmura bağlı olması ilə bağlı məlumatlar yayılır və əsasən də təkzib olunmur. Bank sektoruna müxtəlif məmurlar tərəfindən nəzarət olunur. O banklardan bir çoxu isə hələ də “vurulmuş” məmurların kurasiyasındadır. İllərlə dövlətin verdiyi imtiyazlardan özünə bank yaradan sabiq məmurlar indi də bu sektordan əl çəkmək istəmirlər. İslahatla ayaqlaşa bilməyən bankları əllərində saxlamaqla indi gəlir yerlərini qorumaq niyyətindədirlər.

AzToday.az xəbər verir ki, “vurulmuş” məmurların nəzarətində olan bu bankların eyni zamanda ölkə iqtisadiyyatının inkişafına qatqı payı çox azdır. Eyni zamanda isə onlar bu banklar vasitəsilə siyasi və iqtisadi maraqlarını təmin etmək üçün ölkə iqtisadiyyatına həm də ciddi problemlər yarada bilər. Ortada Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri Cahangir Hacıyev kimi acı təcrübə var. C.Hacıyevin qanunsuz olaraq ölkədə 10 milyard dollar civarında vəsait çıxardığı bildirildi. Təbii ki, o, törətdiyi maliyyə cinayətlərinə görə, 15 il müddətinə həbs olundu. 2016-cı ildə həbs olunan Cahangir Hacıyev hələ də həbsdədir. Cahangir Hacıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudova yaxınlığı ilə tanınırdı.

Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra Cahangir Hacıyevin törətdiyi cinayətlər üzə çıxdı. Bu baxımdan vəzifəsindən uzaqlaşdırılmış məmurların hansısa banka nəzarət paketini əlində saxlaması strateji baxımdan təhlükəlidir. Lakin dediyimiz kimi, hələ də sabiq oliqarx məmurlara bağlı olan banklar var və onlar həmin banklara nəzarət paketinə sahibdirlər. Yayılan məlumatlara görə, həmin bankların yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir.

Bağlanmaq təhlükəsi ilə üzləşən banklardan biri də “Ekspress Bank”dır. “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınan “Ekspress” ötən ili mənfəətlə başa vursa da, bankın uzun müddət bazarda qalacağı şübhə doğurur. Etibar Pirverdiyev vəzifədə olan zaman işləri “xod” gedən bankın maliyyə bazarına təsiri çox cüzidir. Yəni, belə bir bankın bağlanması bank sahəsinə ciddi təsir göstərməyəcək.

Ötən ilin nəticələrinə görə, ən az mənfəət əldə edən bank (56 min 650 manat) olan “Muğanbank”-ın da lisenziyasının ləğv olunmasını gözləmək olar.

Sabiq deputat Əhməd Vəliyevin ailə üzvlərinə məxsus olan bankın da bazar payı cüzidirş Qeyd edəj ki, bankın payçıları belədir: Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri – red.), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Ə.Vəliyevin qızı – red.), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi – red.) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası – red.)

Yeri gəlmişkən, Əhməd Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.

Bənzər yazılar

Back to top button