Dünya

Əhməd Obalını vəhşicəsinə döyən oğlu olub? – Yeni məlumatlar yayıldı

Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ-da yaşayan “Günaz TV”nin sahibi Əhməd Obalının naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülməsi barədə məlumat yayıldı.

Yeniavaz.com xəbər verir ki, ABŞ-ın “The New York Sun” nəşri hadisə ilə bağlı polisdəki mənbələrinə istinadən yeni məlumat açıqlayıb.

Nəşrin yaydığı məlumatda bildirilir ki, “Günaz TV”nin sahibi Əhməd Obalı öz oğlu tərəfindən döyülüb.
Əhməd Obalının ailəsi və yaxınları isə bu məlumatı təkzib ediblər. Onlar bu hücumun arxasında İran rejiminin olduğunu bildirirlər.

“The New York Sun” yazır ki, hadisə Kaliforniyada “Santa Clara” Universitetinin hüquq fakültəsini bitirən Əhməd Obalının oğlu Dəniz Obalının məzun gecəsində baş verib. İşə cavabdeh olan müstəntiqlər iddia edirlər ki, hadisə siyasi səbəblərdən deyil, ailədaxili mübahisə nəticəsində baş verib.
Qeyd olunur ki, polis Dəniz Obalını şübhəli şəxs kimi saxlayıb.

Xatırladaq ki, hadisə baş verəndən sonra “Günaz TV”dən verilən məlumatda Əhməd Obalı və oğlu Dəniz Obalının ABŞ-da vəhşicəsinə döyüldüyü bildirilib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib ki, Əhməd Obalının oğlu Dənizin vəziyyəti atasınınkından da pisdir.

Məlumat üçün bildirək ki, Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil vilayətində anadan olub. İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına görə 19 yaşında həbs olunub. Daha sonra təzyiqlərə məruz qalıb və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-a mühacirət edib.

Əhməd Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinici qurultayında konqresin idarə heyətinə üzv seçilib.

“Günaz” TV 2004-cü ildə Əhməd Obalı tərəfindən təsis edilib. Mərkəzi ofisi Çikaqoda (ABŞ) yerləşir. 2007-ci ildə kanalın Azərbaycan bürosu fəaliyyət göstərməyə başlayıb. Bundan başqa Almaniya, Hollandiya və Kanadada ofisləri var.

Hazırda İran hakimiyyətinə qarşı ən çox tənqidi fikirlər səsləndirən şəxslərdən biridir.

Bənzər yazılar

Back to top button