HadisəManşet

Sakinlər şikayət edir: “İcra başçısı şagirdlərin ayaqyolusunu zəbt edib”

“Əziz Əzizov indi də dolanışığını ayaqyolu hesablına təmin etməyə çalışır”

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Suraxanı qəsəbəsində Qubadlı rayon Qaralar kənd orta məktəbinin ayaqyolusunu zəbt edib.

Bunu vətəndaş Aytən İsmayılova “Arqument.az”a yazıb.

O bildirib ki, məktəbin ayaqyolusunun kanalizasiya sisteminə çıxışı olmadığı üçün çirkab sular məktəb hasarından kənarda qazılan “şambo”ya tökülürdü:

“Rayon ərazisindəki torpaqların istilasını həyata keçirən Əziz Əzizov bu kəs həmin əraziyə göz dikdiyi üçün “şambo” qazilan yeri asfaltladıb. Nəticədə, zəhərli qazların çıxması üçün “şambo”da qoyulan havalandırma deşikləri də qapadılıb. Əraziyə daş tökən icra başçısı, yaxın günlərdə “şambo”nun üzərində hansısa tikinti işi aparmağı planlaşdırır. Tikinti meydançasına nəzarət edəcək şəxsin qalması üçün əraziyə köşk də qoyulub”.

Ərazinin fotogörüntülərini təqdim edən İsmayılova deyir ki, sakinlərin şikayətlərinə də məhəl qoyulmur:

“İcra başçısının ayaqyolu “şambo”sunu zəbt etməsi məktəblilərin həmin ayaqyolundan istifadəsini mümkünsüz hala gətirib. Hansı ki həmin məktəbdə yüzlərlə şagird, eləcə də şəhid və qazilərin övladları təhsil alır. Onu da qeyd edək ki, icra başçısı rayon ərazisindəki torpaqları, eləcə də ictimai məkanları, yol və səkiləri bir çox hallarda özünü qazi adlandıran müxtəlif şəxslərin adı ilə zəbt edir. İş o yerə çatıb ki, qazı və veteran çətiri altında özünə geniş biznes quran Əziz Əzizov artıq məktəb ayaqyolusunu da ələ keçirməkdən çəkinmir”.

O, valideyn və müəllimlərin rayon rəhbərliyindən çəkindiyini də deyir: “Valideynlər, eləcə də müəllimlər icra başçısının qorxusundan baş verənlərə açıq etirazlarını bildirməsələr də, vəziyyət, həqiqətən də, acınacaqlıdır. Təqdim etdiyimiz fotolar icra başçısının ayaqyolu “şambo”sunu “işğal etməkdə” nə qədər qərarlı olduğunu göstərir. Sizdən icra başçısının bu qanunsuzluğunu araşdırmağı, baş verənləri ictimaiyyətin və əlaqədar dövlət qurumlarının diqqətinə çatdırmağı xahiş edirik”, – deyə o bildirib.

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovla əlaqə saxlamaq, məsələyə münasibət öyrənmək mümkan olmayıb.

Bənzər yazılar

Back to top button