Siyasət

Rusiya Ermənistandan və Qarabağdan gedə bilməz – Peskov

Rusiya Ermənistanla konstruktiv münasibətlərə dəyər verir, amma baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu haqqında tezisləri ilə razılaşmaq olmaz. Bu barədə çərşənbə axşamı jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya bu regionun tamamilə ayrılmaz tərkib hissəsidir, buna görə o, heç yerə gedə bilməz. Rusiya Ermənistandan gedə bilməz”, deyə Peskov bildirib.

O, “Rusiyada Ermənistanın özündə olduğundan daha çox erməni yaşadığını” unutmamağa çağırıb. Onların əksəriyyəti vətənpərvər RF vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfələrini verirlər.

Peskov həmçinin qeyd edib ki, Rusiya Qarabağda təhlükəsizliyin zamini rolunu oynamağa davam edir və öz missiyasını dayandırmaq niyyətində deyil.

“Rusiya bu regionda vəziyyətin sabitləşməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox vacib rol oynayır. Rusiya heç yerə getmir və getmək niyyətində deyil”, deyə o bildirib.

Xatırladaq ki, sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın La Republica nəşrinə müsahibəsində Rusiyanın Qarabağda öz rolunu yerinə yetirmədiyini və tədricən Cənubi Qafqaz regionundan getdiyini bildirib. (Turan)

Bənzər yazılar

Back to top button