ManşetSiyasət

“Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalanması daha çox hakimiyyətin niyyəti və siyasi iradəsindən asılıdır”

Avropa İttifaqı ilə bağlanmalı olan Asossiasiya Sazişindən son vaxtlar söhbət getmir. Nəhökumət nümayəndələri bu barədə danışır, nə də Avropa İttifaqının rəsmiləri bu məsələnin üstünə gedir. Səbəb nədir? Niyə Moldova, Gürcüstan, Ukrayna bu sazişi imzalayır, Ermənistanla imzalanmış saziş Azərbaycanla bağlı gecikdirilir?

“Demokratiyanın Monitoru” təşkilatının sədri Fuad Həsənov mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Fuad bəy, Avropa İttifaqı ilə imzalanmalı olan saziş indi hansı mərhələdədir?

Cavab: Sazişin hansı mərhələdə olduğunu heç Avropa İttifaqı özü müəyyən edə bilmir. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko tərəfindən son optimist bəyanat 2022-ci ilin dekabrın 16-da verilmişdi və bu açıqlama sazişin imzalanmasına sayılı günlər qalması təəssüratını yaradırdı. İki aydan sonra bu optimist açıqlamanın ildönümü olacaq, amma yenə də soyuq nəticə ortadadır. Avropa İttifaqı rəsmilərilə vaxtaşırı bu barədə də fikir mübadiləsi aparırıq, amma deyim ki, əvvəlki kimi optimist deyillər.

Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) arasında xüsusi tərəfdaşlığı nəzərdə tutan Şərq Tərəfdaşlığı təşəbbüsü 2009-cu ilda Praqa Sammitində təsis edildi. Tərəfdaşlıq ölkələri ilə Avropa İttifaqı arasında yaxınlaşmanı dərinləşdirməyi nəzərdə tutan Assosiasiya Sazişi və Dərin Əhatəli Azad Ticarət Sahəsi Sazişi özünü çox gözlətmədən Moldova, Gürcüstan və Ukrayna ilə 2014-cü ildə imzalandı və tezliklə Saziş hər üç ölkədə qüvvəyə mindi. Bu zaman Ukraynanın siyasi durumu xüsusi idi, o bir az gecikdi. Azərbaycan, Ermənistan və Belarus isə Sazişi ölkəyə gətirməkdə tələsməməyə üstünlük verdilər. Çünki hər üç ölkədə mövcud olan məhdudiyyətlərlə dolu olan iqtisadi-siyasi system, iqtisadyyatda dərinləşmiş və institutlaşmış monopoliya, şəffaflıq üzrə bərbad indeks, qanunvericilik və məhkəmə-hüquq sisteminin icra hakimiyyətindən asılılığı, siyasi azadlıqların boğulması, seçki imitasiyaları Sazişdən irəli gələn islahat tələbləri ilə bir araya sığmayacaqdı. Hər üç ölkənin siyasi hakimiyyəti belə açılıma hazır deyildilər. Ermənistan hakimiyyətinin siyasi gücü daha zəif, maliyyə asılılığı daha dərin idi.

Azərbaycan Sazişdən irəli gələn öhdəlikləri dərk edəndən Saziş üzrə danışıqlarda daha çox ləngimə, manevr etmək mövqeyini seçirdi və keçən bu müddət ərzində Sazişin adını 2 dəfə dəyişməyə nail ola bildi. Saziş orijinalda Assosiasiya Sazişi adlanır, Moldova, Gürcüstan və Ukrayna Sazişi bu adla da imzalayıblar. Azərbaycan isə əvvəlcə Assosiativ Sazişdən imtina etdi, daha sonra özünün təklif etdiyi Strateji Tərəfdaşlıq Sazişini yenə dəyişikliyə uğradaraq prosesi bir az da uzatdı və hazırda imzalanacaq, əgər doğurdan da imzalanarsa, perspektiv Saziş Yeni Əhatəli Aİ-Azərbycan (New Comprehensive EU-Azerbaijan Agreement) Sazişi adlanır. Təbii ki, bu müddət ərzində Azərbaycan hakimiyyəti Assosiasiya Sazişinin klassik məzmun və mahiyyətini dəyişə bilmək üçün də ciddi dirənişlər göstərib. Məsələn, ölkə Avropa İttifaqı ilə daha çox iqtisadiyyat, enerji sahəsində əhatəli tərəfdaşlıqda olduğunu heç vaxt gizlətməyib və demokratikləşmə, insan haqlarının təmin edilməsində, xüsusilə mülki və siyasi hüquqların diskriminasiyadan kənar təminində maraqlı olmadığını davranışlarında açıqca hiss etdirib. Amma yuxarıda göstərilən səbəblərdən Dünya Ticarət Palatasına qoşulma şərtinin Saziş üzrə danışıqılardan çıxarılmasına nail olur və hansısa ticarət tərəfdaşlığı təklifləri üzrə danışıqları bir az daha dalana dirəyə bilir.

Sual: Azərbaycanla bərabər tutulan digər postsovet ölkələri ilə bağlı vəziyyət nə yerdədir?

Cavab: Bu arada qeyd edim ki, Azəbaycanla eyni statusla Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkə kimi Gürcüstan, Moldova və Ukrayna artıq 2014-ü ilin iyun ayının 27-də Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalayıb və Saziş Moldova və Gürcüstanda 1 iyul 2016-cı ldən qüvvəyə minsə də, Ukrayna üçün bu 2017-ci ilin sentaybrın 1-də baş tutub. Saziş hər üç Şərq Tərəfdaşlığı ölkəsilə həm də Dərin və Əhatəli Azad Ticarət Sahəsi Razılaşmasını (DCFTA) da əhadə edirdi.

2017-ci ilin avqustunda öz təşəbbüsü ilə 3 hesabat hazırlamaq İlk dəfə olaraq Avropa Parlamenti Xarici Əlaqələr Komitəsindən xahiş edilib və Sazişi artıq imzalamış 3 ölkə – Moldova, Ukrayna və Gürcüstan üzrə Sazişin icra vəziyyəti Latviya, Litva və Almaniyadan olmaqla 3 parlament qrupu üzvü olan məruzəçilər tərəfindən qiymətləndirilib. O zaman Sazişin icra vəziyyətinin qiymətləndirilməsi zamanı müəyyən edilmiş problemlərin həlli ilə bağlı hər üç ölkə üçün Avropa Parlamenti mühüm tövsiyə və qətnamələr də təqdim etmişdi. Bu zaman AA/DCFTA-nın səmərəli icrasının təmin edilməsi üçün tövsiyələr və qətnamələrdən irəli gələn tələblər irəli sürülmüşdü ki, bunlar bir çox sahələrdə islahatları əminliklə vurğulayırdı, bura gömrüyə, enerji və rəqəmsal birliyə və Şengen zonasına çıxış imkanlarının təmin edilməsi üzrə çalışmaları iddia edirdi. Moldova, Ukrayana və Gürcüstandan daha əvvəl bu Sazişi imzalayaraq artıq 2014-cü ilin 28 aprelindən ölkə vətəndaşları üçün biometrik passportla heç bir maneə olmadan vizasız Şengen ərazisinə səfər etməklə bu coğrafiyada 90 gün ərzində qala bilmək imkanını qazanmışdı. Bu Moldova vətəndaşlarının Avropa İttifaqı ilə mobillik imkanlarını daha təsisatlı edə bilmək üçün ilk kütləvi imkan idi. Təbii ki, bu imkan Şengen coğrafiyasında qanunsuz sığınacaq axtaran miqrantların sayını da artırır və Avropa İttifaqı üçün yeni əlavə problemlər yaradırdı. Gürcüstan və Ukrayna isə Sazişi nisbətən gec imzaladıqları üçün vizasız səfər imkanlarını yalnız 2017-ci ildə əldə edə bildilər.

Növbəti illər üçün artıq ölkələr üzrə ilk qiymətləndirmə hesabatından sonra diferensial fərdi yanaşma özünü daha çox göstərməyə başlayır və bizim üçün daha çox maraqlı olan yaxın qonşu Gürcüstanda yenə də Avropa Parlament Tədqiqat Xidməti 2020-ci ildə Avropa İttifaqı ilə Gürcüstan arasında bağlanmış Assosiasiya Sazişi üzrə Avropanın icra qiymətləndirilməsini nəzərdə tutulmuş müvafiq öhdəliklərin icrası vəziyyətini qiymətləndirir. Bu dəfə qiymətləndirmə artıq siyasi gəlişmələrə daha çox yer ayırmışdı. Demokratik proseslər, qanunun aliliyi, insan hüquqları və fundamental azadlıqlar, media azadlığlı, vətəndaş cəmiyyəti, gender bərabərliyi, diskriminasiya, uşaq hüquqları, pis rəftar, işçi hüquqları, korrupsiya, ticarətin liberallaşdrılması, gömrük xidmətləri, texniki məhsul standartları və tənzimləmələr, maliyyə xidmətləri, kibertəhlükəsizlik və bir sıra digər qeyd etmədiyim çox vacib sahələr Sazişin icrasının qiymətləndirilməsi siyahısına daxil idi.

Ən acınacaqlısı da odur ki, həmişə özümüzü müqayisə etdiyimiz Ermənistan da 2015-ci ildən başlayaraq qonşusu Azərbaycanın davranışlarından ilhamlanaraq Avropa Qonşuluq Siyasətinin sərfnəzər edilməsi, üzv ölkələrə münasibətdə daha diferensial və uyğunlaşdırılmış yanaşma sərgilənməsi iddiasını müdafiə etdi və 2021-ci ildə Avropa İttifaqı ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) imzaladı.

Sual: Azərbaycan niyə onlardan geri qalır? Buna səbəb nədir?

Cavab: Təsəvvür edək ki, Azərbaycan da sazişi imzalayıb və onun qiymətləndirilməsi prosesi yuxarıda sadalann parametrlər üzrə və daha əhatəli baş verəcək. İki ildən bir Avropa Parlamentinin müəyyən etdiyi məruzəçi daha konkret və prinsipial öhdəliklərə əsaslanan hüquqi çərçivədə sazişin icrasını monitorinq edib və qiymətləndirməlidir, sonra zərurət olduqda bu hesabatlar hökumətin xoşlamadığı Avropa Parlamentində də müzakirə edilə biləcək. Bununla iş bitmir, ikitərəfli və çoxtərəfli təmaslarda bu tövsiyə və qətnamələr ünvanlı şəkildə müzakirə edilir və tapıntılar üzrə hesab sorulur, dəyişiklik və islahatlar üçün son tarixlər (deadline) müəyyən edilir.

Məsələn siyasi məhbus problemini köklü şəkildə həll etmək üçün siyasi motivli həbslərə birdəfəlik son qoyulmalıdır. Bunun üçün siyasi iradədən kənar, yalnız azad hüquqi iradəyə əsaslanan məhkəmə sistemi qurulmalıdır. İndiki siyasi şərtlərdə yumşaq desək, icrası ağır deyilmi?

Ölkə Dünya Ticarət Təşkilatına üzv olmasa da ticarətin liberallaşdırılmasını və digər şərtləri öhdəlik kimi müəyyən edən oxşar müddəaları özündə daşıyan alternativ sənəd(lər)ə imza atmaq hökumət üçün arzuolunmaz olduğu üçün asan deyil. Belə halda hakimiyyətin durumunun ağır olacağı danılmazdır.

Sual: Ümumiyyətlə, bu məsələ son vaxtlar niyə unudulub? Niyə nə Avropa İttifaqından və ya rəsmi Bakıdan bununla bağlı heç nə deyilmir?

Cavab: Bu məsələ ümumiyyətlə könüllü unudulmasa da, hazırkı qlobal və regional həssas şərtlər və çağırışlar bu məsələnin görünənliyini digər vacib problem və qayğıların fonunda azalda bilib. Avropa İttifaqı Azərbaycan ilə 2017-ci ildən başlayaraq İnsan Hüquqları Dialoqu aparır. Danışıq raundu rotasiya ilə əvəzlənir, bir il Bakıda, növbəti il Brüsseldə. 2017-2019-ci illərdə beynəlxalq tərəfdaş təşklatların təşkilatçılığı ilə biz də bu prosesə faydalı töhfə verməyə çalışmışıq. Avropa İttifaqı ilə Azərbaycan arasında perspektiv imzalanacaq sazişdə insan hüquqları əhəmiyyətli yerlərdən birini tutmalı olduğu üçün Avropa İttifaqı bu sahədə mümkün müsbət irəliləyişləri həm də bu Dialoq mexanizm və platforması vasitəsilə əldə etməyə çalışır. Dialoq prosesinin uğurlu getdiyinə tam inanmasam da, həll edilməli olan aktual insan hüquqları problemlərinin ünvanlanması baxımından vacib alətdir.

Rusiyanın Ukraynaya qarşı savaşı və regionda yaratdığı dəhşətli durum, muharibənin uzanması və yekunlaşa bilməsi ehtimalının 2024-cü ilin sonundan və ya 2025-ci ilin ilk yarısından tez görünməməsi və bunun Ukraynanın əsas dəstəkçisi olan Avro-atlantik məkanı, o cümlədən Avropa İttifaqı gündəmini daha da yükləməsi danılmaz reallıq kimi önümüzdədir. Çox həssas bir dövrdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması prosesində və Şimal-Cənub Nəqliyyat Dəhlizinin təmin edilməsində Azərbaycanın aldığı rol Azərbaycanın asan imzaya sahib olmayacağını göstərir. Rusiyanın maneəsinə rəğmən işğala məruz qalmış ərazilərimizin əksər hissəsinin tam azad edilməsi uğrunda Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibə və Rusiyanın poza bilmədiyi ikitərəfli sülhə nail olmaq üçün sülh danışıqları üzrə Vaşinqton və Brüssel prosesində Azərbaycanın beynəlxalq aktorlarla fəal təmasları onun manevr imkanlarını artırıb. Avropa İttifaqının şərq qonşuluğunda davamlı sülhün əldə edilməsinin vacibiyi, sülh prosesində uğurlu perspektiv nəticələrə inamın ölməməsi və Azərbaycanın bu prosesdə tərəddüdsüz iştirakı da yumşaq gücü Azərbaycanın Avropa İttifaqı ilə imzalamalıı olduğu əhatəli Sazişə nail olmaqda ehtiyatlı davranmağa sövq edir. Belə bir şəratitdə Avropa İttifaqı ilə onsuz da gecikmiş Saziş Azərbaycan hakimiyyəti üçün çoxlu arzuolunmaz öhdəliklər yaradacağı üçün onu onsuz da çox olmayan cazibədən uzaqlaşdırır.

Sual: Sizcə, bu sazişin imzalanması daha çox hansı tərəfdən asılıdır?

Cavab: Avropa İttifaqı daha çox yumşaq güc olduğu, məcburetmə mexanizmlərinə sahib olmadığı və Azərbaycanın maliyyə asılılığının ciddi olmadığı bir vaxtda sazişin imzalanmasının Avropa İttifaqı tərəfindən sürətli təşviqi mümkün görünmür. Ona görə Sazişin imzalanması daha çox Azərbaycandan və ölkədəki siyasi hakimiyyətin niyyəti və siyasi iradəsindən asılıdır.

Sual: Bu sazişin imzalanması üçün hansı addımlar atılmalıdır?

Cavab: Əvvəlcə hər iki tərəf saziş üzrə razılaşdırıla bilinməmiş qalmış müddəalar barədə açıqlama verməli, səbəbləri və maneə olan amilləri göstərməlidirlər. Saziş üzrə intensiv danışıqlar vətəndaş cəmiyyətinin çökdürüldüyü dövrə təsadüf edir. Müstəqil vətəndaş cəmiyyətinin bu prosesi yaxından izləyib, sorğulaya bilməməsi öz işini görüb.

Bənzər yazılar

Back to top button