AnalitikaSiyasət

Əsaslı dərəcədə fərqli durum

Seçkidən keçən 100 gündə xarici siyasətdə edilən “məcraya dönmə” dəyişikliyini görməmək mümkün deyil. Dövlət başçısı Erdoğanın “NATO-ya üzv olmaq Ukraynanın haqqıdır” sözlərilə başlayan “dönüş” prosesi 4 sentyabr Soçi görüşündə Türkiyənin lehinə olan çalarlarla zənginləşərkən Ermənistanın baş naziri Nikol Paşinyanın birbaşa cənab Erdoğan vasitəsilə etdiyi yaxınlaşma cəhdlərinin də o çərçivədə analiz edilməsi lazımdır.

Bəli,Volodimir Zelenskinin Türkiyəyə gəlib getməsilə başlayan yeni prosesin dirijoru başda ABŞ olmaqla, Qərb ölkələri olub, Türkiyə o prosesdə aktiv rolu öz üstünə götürmüşdü. Yox, heç kim tələsərək bu prosesi 2009-cu ilin oktyabrında Türkiyə ilə Azərbaycanın arasını əməlli-başlı vurmuş Sürix protokolları ilə müqayisə etməsin.Yerlə Göy qədər fərq var. Ən mühüm fərq isə o vaxtkı proseslərin, xarici işlər naziri Ahmet Davutoğlunun çoxu fantaziyalardan ibarət olan təşəbbüsüylə, indiki proseslərin isə 2021-ci ilin noyabrında ikitərəfli təşəbbüslərlə və eyni zamanda startının verilməsidir.

Bəli,Türkiyə dövlət başçısının o vaxtkı mətbuat katibi, bu günün milli kəşfiyyat başqanı İbrahim Kalın iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün əsas əngəlin aradan qalxdığını, 44 günlük müharibədə Azərbaycanın qalib gəldiyini və buna görə Ermənistan ilə münasibətlərin normallaşdırılmasının önündə heç bir mühüm əngəlin qalmadığını ifadə etmişdi.

Cənab Kalın yeni bir “normallaşma prosesi”nin başlaması üçün Bakı ilə məsləhətləşdiklərini də xatırlatmışdı. Ancaq adının açıqlanmasını istəməyən bir mənbədən yeni “normallaşma prosesi” barədə aldığımız məlumatlar işlərin qarşıya qoyulan məqsədə uyğun şəkildə irəliləmədiyini göstərirdi. Aradan keçən 19 aylıq müddətdə (noyabr 2021-iyul 2023) “normallaşma prosesi” Ermənistanın xarici işlər naziri Mirzoyanın 6 fevral zəlzələsindən sonra Türkiyəyə gəlməsi və baş nazir Paşinyanın yenidən prezident seçilmiş cənab Erdoğanın andiçmə mərasimində iştirak etməsilə yadda qalsa da, ciddi sayıla biləcək irəliləyişi Volodimir Zelenskinin səfəri “tətiklədi”.

“NATO-ya üzvlük Ukraynanın haqqıdır” sözüylə Türkiyənin yenə 70 ildən bəri olduğu yerdə olduğunu Rusiyaya göstərən Türkiyə dövlət başçısının sözləri eyni zamanda Cənubi Qafqazdakı gəlişmələrin yeni mərhələsi üçün bir “işarə fişəngi” oldu. Ölkəsinin varlığı üzərindəki Rusiya təsirini azaltmağa çalışan və prosesləri diqqətlə izləyəndə bunun üçün Qərbdən açıq dəstək aldığı görünən Nikol Paşınyan həm idarə etdiyi ölkənin mövcud vəziyyətini, həm də dəstək aldığı yerlərin tövsiyələrini hesaba qataraq Türkiyəyə üz tutdu.

Bir vaxtlar bunu Saakaşvilinin Gürcüstanı etmiş və çox faydasını görmüşdü,Ukraynaya hücum edəndən sonra sanksiyaların altında beli bükülən Rusiyanın Türkiyədən başqa nəfəs borusu yoxdur. Beynəlxalq münasibətlərin naturası bu cürdür-nə əbədi dostluq, nə əbədi düşmənçilik var, savaşın meydana çıxardığı durumdan Rusiya ilə münasibətlərində məharətlə istifadə edən prezident Erdoğan beynəlxalq konyunkturanın gətirib-gəldiyi şərtləri yaxşı mütaliə edərək üzünü yenidən Qərbə çevirdi.

Levon Ter-Petrosyanın başçılığı altındakı heyətin 1993-cü ilin fevralında Ankarada keçirdiyi gizli görüşlərdən bəri prosesləri yerində izləyən biri kimi iki ölkə arasındakı münasibətlərin “normallaşması” prosesinin ən ciddi və qərarlı dönəminin iyul ayından bəri yaşandığını deyə bilərəm. Soruşa bilərlər ki, 2009-ci ilin oktyabrında da Sürix protokolları İsveçrənin vasitəçiliyi, ABŞ-ın himayədarlığı və Rusiyanın müşahidəçiliyi altında imzalanmışdı, bəs niyə proseslər irəliləmədi? Gəlişmələri yaxından izləyənlər bu sualın bir neçə konkret cavabının olduğunu çox yaxşı bilirlər. O cavablardan biri də budur ki,Qarabağı işğal etmiş Köçəryan, dalınca isə Sarkisyanın iqtidarda olduğu bir Ermənistanın Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyaraq Rusiyanın ən mühüm kartını əlindən alması heç kimin yuxusuna da girməzdi. Ancaq 2023-cü ilin sentyabrında seçici dəstəyi heç vaxt 60%-in altına düşməyən Nikol Paşinyan bunu açıqlamaqla qalmayıb Roma sazişini parlamentin ratifikasiyasına göndərməkdən əsla çəkinmir ki, parlamentin ratifikasiya etməsi durumunda Haaqa məhkəməsi tərəfindən haqqında həbs qərarı çıxarılmış Rusiya Federasiyası dövlət başçısının Ermənistana gedişi onun həbsinə səbəb ola biləcək.

44 günlük savaşdan sonra Bakıdan səsləndirilən “Artıq işğal altındakı torpaqlar problemi yoxdur”, “Dağlıq Qarabağın statusu cəhənnəmə vasil oldu” və s. qəbildən sözlərə Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanıması faktı da əlavə edilincə, Ankaranın bu durumu öz lehinə çevirməsi ehtimalı da güclənir. Bəli, 8 aprel 1993-cü ildə Ermənistan ilə sərhədini “Azərbaycan torpağını işğal etdiyinə görə” bağlayan Türkiyə indi fərqli bir durumla üz-üzədir və buradan irəli addım atmaq yerinə 44 günlük savaşdan əvvəlki statikoda qalması xarici siyasətin əvvəlkindən daha çox Bakının ipotekası altında qaldığını göstərəcək.

Daxili siyasətmi dediniz?

Kilid də, açar da Türkiyə siyasətinin və dövlət idarəçiliyinin ən güclü şəxsiyyəti Tayyip Erdoğanın əlində qalmağa davam edir. Şəriət diktaturasına “evolyusiya” ehtimalını başqa bir yazıda analiz edərik.

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button