Hadisə

Nazim Bəydəmirlinin həyat yoldaşı ölümlə hədələndiyini deyir

Fəridə Bəydəmirli DİN-ə və DTX-yə müraciət edəcəyini bildirib

Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli ölümlə hədələndiyini deyir.

Bu barədə məlumatı Meydan TV-yə Fəridə Bəydəmirli verib.

Dediyinə görə, həyat yoldaşının həbsindən sonra rəhbəri olduğu “Loğmed” klinikasına bir xəstə gəlməyə başlayıb: “Adı Nazilə olan bu xanım özünü Qarabağ qazisi və şizofren kimi qələmə verərək həkimləri şantaj edib pul alırdı. Hər gəlişində söyüş söyür, bağırırdı. Klinikamız yaşayış binasının birinci mərtəbəsində yerləşir. Sakinləri və xəstələri narahat etməsinə baxmayaraq, bu günə qədər, öyrədilib göndərilmiş bu xəstəni kollektiv şəkildə yola vermişik”.

Fəridə Bəydəmirli qadının xəstəxanaya gəlməsini heç də təsadüf olmadığını deyir: “Keçən ilin bu günü, 04.07.23-cü ildə Nazim Bəydəmirli 16:00-da elektron qeydiyyatdan keçərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, rəis Əbülfəz Rzayevin görüşünə gedib. “Bir saata dönəcəyəm”, – demişdi, bir il oldu. Həmin qadın Nazim həbs olunduğu gündən bu klinikaya gəlməyə başlayıb. Nə təsadüf ki, bu gün yenə gəldi, eyni formada dava-qışqırıq saldı. Hər kəsi narahat etdiyinə görə polis çağırmaq məcburiyyətində qaldım. Polis gələnə qədər xanım var qüvvəsi ilə bağırırdı. 25-ci Polis Bölməsinin əməkdaşını görən kimi qonşuların, xəstələrin və küçədən keçənlərin eşidəcəyi bir şəkildə bağıraraq, “Buranın yiyəsi bir ildir həbs olunub, bu yaxında səni də həbs edəcəklər, sənin və ailənin başına çox oyunlar gələcək”, – dedi. Üstəlik, məni ölümlə hədələdi. Heç bir iş-gücü olmayan, səhərdən-axşamadək “Maklerlər bağı” deyilən ərazidə oturan, dilənib-dolanan qadının bütün bunlaq haqqında məlumatı hardandır və məqsədi nədir?”

Fəridə Bəydəmirli bildirib ki, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.

Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.

Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə pul tələb edərək sonda istədiyini alıb.

Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir:

“Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.

Bənzər yazılar

Back to top button