Dünya

Rusiyanın Ukraynaya qarşı təcavüzünü Çin, Şimali Koreya və İran dəstəkləyir – NATO baş katibi

Rusiyanın Ukraynadakı müharibəsi dinc demokratik ölkəyə “amansız hücumdur” və Qərb alyansının uğursuzluğa düçar olduğunu görmək istəyən “Çin, Şimali Koreya və İran” tərəfindən dəstəklənir. Bu barədə NATO baş katibi Yens Stoltenberq cümə axşamı dövlət katibi Entoni Blinkenlə danışıqlardan sonra Dövlət Departamentində keçirilən brifinqdə bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Onlar Ukraynada uğur əldə etməyə çalışırlarsa, bu, bizi daha həssas, dünyanı isə daha təhlükəli edəcək”, deyən Stoltenberq NATO-nun Ukraynaya dəstəyinin “xeyriyyə deyil, təhlükəsizlik maraqları” olduğunu sübut edib.

“Biz hamımız istəyirik ki, bu müharibə başa çatsın, ancaq Rusiya sülh təklif etmir və Putin qarşısında təslimiyət heç bir təhlükəsizliyi təmin etməyəcək. Bizim dəstəyimiz nə qədər güclü olsa, müharibə o qədər tez başa çatacaq, buna görə ABŞ və Ukrayna arasında təhlükəsizliklə bağlı sazişi alqışlayıram”, deyə o bildirib.

Blinken həmçinin Rusiyaya silah tədarükünə görə İranı və Şimali Koreyanı qınayıb. O, həmçinin Çini Rusiyanın müdafiə sənayesini dəstəkləməkdə ittiham edib, bunun Rusiyanın müharibəni davam etdirməsinə imkan verdiyini qeyd edib.

Rusiyanın idxal etdiyi dəzgahların 70%-i Çindən tədarük olunur, mikroelektronikanın 90%-i də oradan gəlir. Və bu, Rusiyanın öz müdafiə sənayesinin işini dəstəkləməsinə və müharibəni davam etdirməsinə imkan verib. Buna görə ABŞ Ukraynaya yardımı davam etdirir, deyə Blinken qeyd edib.

Stoltenberq əlavə edib ki, Avropa da öz töhfəsini verir. NATO-nun iyul sammitində Avropalı müttəfiqlər və Kanada Ukraynaya daha böyük maliyyə dəstəyi və hərbi dəstək göstərəcək, bu da ABŞ-ın yükünü azaldacaq, deyə NATO rəhbəri bildirib.(Turan)

Bənzər yazılar

Back to top button