Bizim seçimCəmiyyətGündəmİqtisadiyyat

Abunəçiləri məhkəmə ilə hədələyən “Azercell”in qəzəbinə tuş gələn bu dəfə “AzToday.az” oldu

Yaxud müştərilərinə etinasızlıq göstərdiyini yada salmaq məqsədi güdən replikaya böyük dözümsüzlüklə reaksiya verən “Azercell” MMC-nin başbilənlərinə daha bir xatırlatma

Bu günlərdə saytımızda gedən “Evdə qal” çağırışını əldə bayraq edən “Azercell”in riyakarlığı” sərlövhəli replikaya etiraz əlaməti olaraq “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət (???) şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın adından materialın həcmindən bir yarım dəfə böyük məktub daxil olub. Məktubu olduğu kimi təqdim edirik.

Aztoday.az portalının baş redaktoru Elmidar Əliyeva

Hörmətli cənab Elmidar Əliyev,
30 Mart, 2020-ci il tarixində aztoday.az portalında yerləşdirilən “Evdə qal” çağırışını əldə bayraq edən “Azercell”in riyakarlığı “başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.
İlk növbədə qeyd etmək istərdik ki, Azercell öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edən şirkətdir. Lakin rəhbərlik etdiyiniz portalda dərc olunan yazıda fəaliyyətimizə aid məlumatlar “Azercell Telekom” şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq, şirkətin müsbət yöndə olan fəaliyyətinə kölgə salmaq cəhdi təəssüratını yaradır. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdik:
“AzToday.az xəbər verir ki, bu günlərdə bu dəstəyə kampaniya xətrinə qoşulanlar da bəlli olub. Belə ki, koronavirusun zərər yox, xeyir verdiyi “Evdə qal” çağırışına qoşulub, az qala camaata əmr formasında mesaj göndərən bəzi müəssisə, şirkət və qurumların nədənsə hesabına xeyli qazanc əldə etdikləri, koronavirusa görə işindən olan vətəndaşlara dəstək göstərməyi fikirləşmirlər. Məsələn, rəsmi məlumata görə, ölkədə ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” Məhdud məsuliyyətli Cəmiyyəti (MMC), demək olar ki, gündəlik qazancı olmayan minlərlə abunəçisinin qeydinə qalmaq üçün heç bir addım atmaq istəmir. Baxmayaraq ki, özlərinin də elan etdiyinə görə, “Azercell” ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 milyard dollardan artıq sərmayə qoyub, qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Bəs bu çətin durumda “Azercell” şirkəti niyə sosial çağırışlardan əlavə olaraq sosial layihə elan edərək onların hesabına Azərbaycanda lider mobil operatora çevrildiyi ölkə vətəndaşlarını sevindirmək istəmir?”

Nəzərinizə çatdırmaq istərdik ki, ölkəmiz üçün çətin olan bu dönəmdə Azercell hər zaman olduğu kimi bu dəfə də dövlətimizin və abunəçilərinin yanında oldu. Belə ki, mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilib. Bu layihə dövlətin koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb. Bunlarla yanaşı, “Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb. Mobil operator 65 yaşdan yuxarı olan abunəçilərinə “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edib. Ödənişli mobil müştəri xidmətləri bu kateqoriyaya aid olan insanlara ödənişsiz formada göstəriləcək. Belə ki, zəruri hallarla bağlı yaranan problemlərin (sim-kart dəyişikliyi kimi servislər) həlli vətəndaşların evlərinə gedilməklə təmin olunacaq. Müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib. Yüklənilən hədiyyə məbləği müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.
Bundan əlavə, Azercell media kanalları vasitəsilə yayımladığı yeni video çarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyib.
Şirkət eyni zamanda bu çətin və həssas günlərdə Busuu – dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, Zvuk musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib.
Məlumat üçün bildirək ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan olunmuş karantin rejimi ərzində Azercell şirkəti ölkə vətəndaşlarına və öz istifadəçilərinə dəstək olmaq, onlar üçün müxtəlif sosial aksiyaların keçirlməsini davam etdirmək niyyətindədir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən həqiqəti əks etdirməyən məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telekom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl jurnalist etikasına uyğun olaraq aparılan araşdırma çərçivəsində şirkətin mövqeyinin nəzərə alınmasını xahiş edirik.

Hörmətlə
“Azercell Telekom” MMC-nin
Korporativ Ünsiyyət şöbəsinin rəhbəri
Nigar Şıxlinskaya

Redaksiyadan: Bu məktuba cavab verməmək də olardı. Amma göstərilən kəskin reaksiyadan məlum olur ki, replikada toxunulan məsələlər doğrudan da indiyə qədərki fəaliyyətində heç bir vaxt hisslərə və duyğulara yer verməyən, hətta bu günlərdə abunəçilərini məhkəmə ilə hədələyən “Azercell Telekom” MMC-nin rəhbərlərində mövcudluğunu borclu olduğu abunəçilərinə qarşı mərhəmət hissi baş qaldırıb. Ona görə də şirkətin bu günlərdə atdığı addımlardan doğan bəzi təəccüblərimizi və mövcud reallıqlarla xatırlatmağın zəruruliyini lazım bildik.

Nə yazır, “Azercell Telekom” MMC-nin sözçüsü?

Məktubdan məlum olur ki, “Azercell Telekom” MMC, sən demə, öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı (etiraf edilir ki, “korporativ ünsiyyət” və s. boş sözlərdir, bu mobil operator fəaliyyətini ancaq biznes maraqları və qaydalarına görə qurur) zəruri hesab edən şirkətdir. Daha sonra “Azercell Telekom” bizi “şirkətin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq, şirkətin müsbət yöndə olan fəaliyyətinə kölgə salmaq cəhdi təəssüratını yaratmaqda” suçlayır. Bizim hansı günah sahibi olduğumuza aydınlıq gətirmək üçün isə yazıda gedən bir abzası olduğu kimi təqdim edir…

Daha sonra hörmətli Nərgiz xanım nəzərimizə çatdırır ki, ölkəmiz üçün çətin olan bu dönəmdə “Azercell” hər zaman olduğu kimi bu dəfə də dövlətimizin və abunəçilərinin (???) yanında olub. STOP! Biz qətiyyən elə bir ifadə işlətməmişik ki, “Azercell” dövlətin yanında olmayıb və Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırması rəsmi məlumat olduğu və elan edildiyi üçün bunu təkzib etmək mümkün deyil. Həmin abzasda bunu təkzib edən bir cümlə tapsanız, bizi nədəsə ittiham edə bilərsiniz. Sizin cümlənizdəki “abunəçilərinin yanında olub” ifadəsinə gəlincə, bununla heç cür razılaşmaq olmur. Çünki bu bir faktdır ki, “Azercell” 4 milyon yarım abunəçisinin yanında olmayıb. Əgər abunəçilərə “Evdə qal” mesajı göndərməyi yanında olmaq hesab edirsə, bu da mübahisəli məsələdir. Ona görə də biz yazırıq ki, “Azercell” gündəlik qazancı olmayan minlərlə abunəçisinin qeydinə qalmaq üçün heç bir addım atmaq istəmir. Qardaş Türkiyədən misal da çəkmişdik ki, orada “TürkTelekom” 65 yaşdan yuxarı abunəçilərinin hər birinə 1 ay boyunca 500 dəqiqə hədiyyə, üstəlik onlara axşam 19:00-dan səhər 07:00-a qədər pulsuz danışmaq imkanı verir.

Lakin həmin məqama toxunmadan şirkət, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla (???) yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti yüklədiyini, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilməsini qabardaraq özünü reaklam etməklə məşğuldur. Bu azmış kimi, “Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaratmasını da abunəçilərə güzəşt kimi təqdim edir. Əvvəla, bu çətin məqamda çağrı mərkəzinə zənglərin pulsuz etmək sizin abunəçinin yanında olmağınız yox, ölkədə fəaliyyət göstərən müəssisə kimi dövlətə dəstəyinizdir. İkincisi, müvəqqəti olaraq başqa ölkəyə gedən və xaricdə ölkədə rominq xidmətindən istifadə edənlərin az qala əksəriyyəti Azərbaycana qayıtdığı üçün bu məsələni də abunəçilərə “böyük jest” kimi təqdim etməyiniz düzgün deyil. Üçüncüsü də, biz ölkədə evində qalmağa məcbur olan abunəçilərə güzəşt etmədiyinizi problem kimi ortaya qoymuşuq, xaricdə rominq xidmətlərində işimiz yoxdur.

“Azercell” gündəlik qazancı olmayan milyonlarla abunəçisinə heç bir kömək etmək istəmir

Biz isə sözügedən replikada sual edirik ki, niyə sosial çağırışlardan əlavə olaraq “Azercell” hesabına pul qazandığı ölkə vətəndaşlarını sevindirmək istəmir? Bunun müqabilində mobil operator 65 yaşdan yuxarı olan abunəçilərinə “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif etdiyini yazır. Bunu da yenə bizi və abunəçilərini aldatmaq, minnət qoymaq cəhdi kimi dəyərləndirmək olar. Ona görə ki, “Azercell” olaraq siz bunu evini tərk etmək qadağan olunan müştəriyə təqdim etməyə sadəcə borclusunuz. Ən azı ona görə ki, evindən çıxmaq qadağan edilən təkcə 65 yaşdan yuxarı abunəçilərin yox, digər müştərilərin də hazırda fəaliyyət göstərməyən ofislərinizə getmək imkanı yoxdur. Bununla da “Azercell”in həmişə olduğu kimi, müştərilərin “gözünə kül üfürmək” istədiyi ortaya çıxır.

İndi isə gələk məktubun ən maraqlı məqamına: “Müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib”. Bunun doğrudan da baş verdiyinə inanmaq istərdik. Ona görə ki, belə bur maraqlı sual yaranır: “Azercell” “müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizə aparan tibb işçilərini hansı üsulla müəyyən edir? Digər tərəfdən, bu 600 nəfəri 50-yə vurduqda cəmi 30 min manat edir. Birincisi, 4,5 milyondan çox abunəçisi olan Azərbaycanın lider mobil operatorunun qazandığı pulların müqabilində bu çox cüzi məbləğdir. İkincisi, bizim eyham vurduğumuz isə “Azercell Telekom”un gündəlik qazancı olmayan minlərlə abunəçisinin qeydinə qalmaq üçün heç bir addım atmaq istəməməsidir.

Şirkət sözçüsünün daha sonra indiki dövrdə lazımsız olan digər pulsuz istifadə kampaniyaları barədə sadaladığı məqamlara diqqət yetirmək isə lüzumsuzdur. Amma sonda bizim irad tutduğumuz məsələyə aid gələcək fəaliyyətləri bağlı bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan olunmuş karantin rejimi ərzində “Azercell” şirkəti ölkə vətəndaşlarına və öz istifadəçilərinə dəstək olmaq, onlar üçün müxtəlif sosial aksiyaların keçirilməsini davam etdirmək niyyətindədir. Belə bir vədin verilməsi də müsbət haldr.

Ona görə ki, biz də bunları qeyd etmişdik: “Ölkəmiz üçün bu çətin dövrdə “Azercell”in rəhbərliyi nəinki mobil və data xidmətlərində qiymətləri aşağı salmaq haqqında fikirləşmir, heç azacıq da olsa sosial məsuliyyət dərk edərək karantin müddətində evdə qalan müştərilərinə güzəşt tətbiq etməyi də istəmir”. Yəni bizim iradımız “evdə qal” mesajı göndərməklə işinizi bitmiş hesab etməyinizlə bağlı olub. Məsələn, onun əvəzinə hər abunəçiyə 50 dəqiqə göndərmək daha məqbul ola bilərdi. Bunun açıqlamasını da vermişik ki, mobil rabitə xidmətləri bəlkə də ölkədə yeganə sektordur ki, koronavirusdan zərər yox, xeyir götürür. Bu bir faktdır ki, evdə qaldıqları üçün insanlar hazırda əvvəlkindən daha çox mobil xidmətlərdən istifadə edir və “Azercell” şirkəti kimi mobil operatorlara milyonlar qazandırmaqda davam edir.

Bunu “jurnalist etikasından kənar” yanaşma kimi dəyərləndirmək, replikamızı isə “həqiqəti əks etdirməyən” yazı kimi qiymətləndirmək başadüşülən deyil. Üstəlik, məktubun sonunda “Azercell” bizi “jurnalist etikasına əməl etməməkdə” suçlayır.

“Azercell” ilin-günün bu vaxtında abunəçilərini məhkəmə ilə hədələyir

Əgər hörmətli mobil operatorların başında dayananlar replikada işlədilən “riyakarlıq” sözünə görə nüfuz və reputasiyasına xələl gətirdiyimizi düşünürsə, bu zaman son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında “Azercell”in fəaliyyətindəki məqamları xatırlatmağı vacib hesab edirik.

Hərçənd ki, son günlər sosial şəbəkələrdə “Azercell”in göndərdiyi mesajlar geniş müzakirə mövzusuna çevrildiyindən şirkət rəsmilərinin və hörmətli sözçünün bunlardan xəbərdar olduqlarını zənn edirik. Sizin xəbəriniz yoxdur ki, indi abunəçiləriniz dövlətin koronavirusla bağlı ianə kampaniyasına qoşulan “Azercell” şirkətinin digər tərəfdən vətəndaşı məhkəmə ilə hədələməsindən qəzəblə danışır?

Ona görə ki, oturduğu yerdə “Azercell”dən müştəriyə belə bir mesaj gəlir: “Sizi özünüzün, doğmalarınızın, hər birimizin sağlamlığı naminə koronavirus infeksiyası ilə mübarizə məqsədilə görülən sosial təcrid tədbirlərinə dəstək olmağa və evdən çıxmamağa çağırırıq”. Ardınca abunəçiyə “Azercell”dən daha bir mesaj gəlir: “Hörmətli abunəçi, xahiş edirik ki, faktura borcunuzu ödəyəsiniz. Əks halda, nömrəniz ikitərəfli bağlanacaq və borclarınız məhkəmə qaydasında tələb olunacaq”. İndi sizdən soruşuruq: bunun adı riyakarlıq deyil, nədir? Yəni, müştərilərin internet paketi hədiyyəsi, danışıq tariflərinin endirilməsi kimi güzəştlər gözlədiyi halda, “Azercell”in abunəçilərini borca görə məhkəmə ilə hədələməsinin adı nədir? Siz adını qoyun, biz də başa düşək.

Yoxsa Sizin üçün müştərinin fikri o qədər də önəm kəsb etmir? Biz isə düşünürük ki, hər cür hörmətə layiq olan abunəçinin ən azı “Azercell”dən bunu soruşmağa haqqı çatır: “Hər bir müştərinə güzəşt etmirsənsə, onunla karantin dövründən əvvəlki sərt qaydalarla danışırsansa, hansı haqla dönə-dönə onlara evdə qalmağı əmr edirsən?

Bir mühüm məqamı bir daha xatırlatmaq yerinə düşər. Hazırda bütün dünya eyni təhlükə qarşısındadır və karantin dövründə, demək olar ki, mobil danışıq qiymətləri daha aşağı olan bütün xarici ölkələrdə mobil operatorlar internet paketlərinə ciddi endirimlər edir, abunəçilərə pulsuz internet paketləri hədiyyə edir, onların yaxşı əhval-ruhiyyə aşılayır. Azərbaycanda isə əksinə “Azercell” abunəçilərini məhkəmə ilə hədələyir, onsuz da evdə oturduqları üçün psixoloji cəhətdən təzyiq altında olan müştərilərin əsəblərini məhkəmə mesajları ilə tarıma çəkir. Halbuki “Azercell” indiyə qədər təqdim etdiyi bahalı xidmətlərdən milyonlar qazanmaqla məşğul olub.

Bu xatırlatmalara ona görə ehtiyac duyduq ki, qeyd etdiyimiz kimi, hesabına milyonlar qazandığı müştərilərinə etinasızlıq göstərdiyini yada salmaq məqsədi güdən replikaya böyük dözümsüzlüklə reaksiya verən “Azercell” MMC-nin başbilənlərinə məlum olan faktların heç dörddə birini yazmadığımızı görsünlər. Siz bir yerdə yanılırsınız ki, müştərilərə davranışınızı onların hər biri illərdir üzərlərində hiss edirlər və bu qəzəb dalğasının indiyə qədər sizi bazardan qovmamasının səbəbi də onların mobil operator seçimlərində imkanlarının məhdud olmasıdır.

Bütün bu reallıqların ortaya qoyulmasından sonra axırda “Azercell”ə bədii çalarlı belə bir sual ünvanlamaq zərurəti yaranır: “Niyə bəs, böylə bərəldirsən, a qare gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü?!.” Allah Mirzə Ələkbərə qəni-qəni rəhmət eləsin…

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button