İqtisadiyyatManşet

Korrupsiyaya bulaşan komitə rəhbəri Əhməd Əhmədzadənin qandallanması gözlənilirmi?

Dövlətin və xalqın vəsaitini talayanlara qarşı böyük savaşın növbəti mərhələsində tenderləri öz şirkətlərinə, yaxın adamlarına verən bəzi nazir və komitə rəhbərləri həbs oluna bilər

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı indiki dövrdə Prezident İlham Əliyevin yeni Baş prokuroru qəbul edərkən mövcud vəziyyətlə bağlı söylədikləri, nəhayət elan olunan islahatlar prosesinə etinasız yanaşan, yeni tələblərə məhəl qoymayan bütün korrupsioner və rüşvətxor vəzifəli şəxslər barədə ölçü götürüləcəyinə cəmiyyətdə inam yaradıb. Eyni zamanda icra başçıların həbslərinin davam etdiyi bir məqamda dövlət başçısının yeni vəzifəyə başlayan Baş prokuror Kamran Əliyevə korrupsiyaya bulaşmış məmurlara qarşı mübarizə aparmaq tapşırığı verməsi böyük ümidlər yaradıb. Dövlət başçısı haqlı olaraq deyib ki, bu korrupsiya halları təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarından da belə siqnallar alınır və araşdırılmaqdadır.

Əhmədzadənin arxası daha möhkəmdir?

Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov vətəndaşları incidən mərkəzi icra hakimiyyətinin yuxarı eşelonlarında vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin olduğunu bildirib. O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var. Deputatın sözlərinə görə, korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var: “Bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.

Bu məqamda qeyd edək ki, tenderləri öz şirkətlərinə, yaxın adamlarına verən yüksək vəzifəli korrupsiyalaşmış məmurlardan biri də illərdir yüksək vəzifələrdə işləmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir. Dövlət başçısının məmurların kiməsə arxalanmasının əbəs olduğu barədə söylədikləri ona da şamil olunsa belə, onun qudasının kimliyi həbsxanada əziyyət çəkməyəcəyini güman etməyə əsas verir.

Məhz bu səbəb görə də Ə.Əhmədzadənin qohumluq əlaqələri sayəsində daha sərbəst hərəkət edə bilir. Belə ki, onun oğlu Cümə Əhmədzadə Mərəzi Bankın rəhbəri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu və Baş bankirin qızı uzun müddətdir ki, Londonda yaşayırlar və mediada yayılmlanan məlumatlara inansaq, Avropada korrupsiyadan qaynaqlanan böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Belə ki, Azərbaycanda devalvasiya baş verən 2015-ci ildə Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından birində mənzil alıblar.

Bununla yanaşı, onların Böyük Britaniyada sahibi olduqları şirkətlərin sayı hesabı yoxdur. 2013-cü ilin sonlarında Ə.Əhmədzadənin oğlu və E.Rüstəmovun qızı Çexiyada hotel açmaq qərarına gəliblər. AzToday.az-ın məlumatına görə cütlük Azərbaycanda, Britaniyada və digər ölkələrdə hotellər şəbəkəsinə sahiblər. C.Əhmədzadənin Azərbaycandakı hotelləri ilə bağlı da mətbuatda xeyli yazılıb.

Komitə sədrinin tender maxinasiyaları həbs ediləcəyini qaçılmaz edir

Bunlar hamısı öz yerində, Cümənin yaşlı atası Ə.Əhmədzadə ənənəvi iş prinsipinə sadiq qalaraq rəhbrəlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-də tender maxinasiyası ilə məşğul olmağa davam edir. Mediada bir müddət öncə onun rəhbərlik etdiyi Açıq Səhmdar Cəmiyyətinə tabe olan rayonlarda yerləşən qurumlar tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə məqalələr yer alıb. Ötən il sözügedən cəmiyyətə tabe olan qurumların elan etdiyi tenderlərdə qalib kimi daha çox “İmpeks N” MMC-nin adı keçirdisə, bu ilin əvvəlindən ASC-yə tabelı idarələr “Ruzi” MMC ilə tender işbirliyinə start veriblər. Görünür, Əhmədzadənin məsləhətçiləri “İmpeks N” MMC-nin bir il ərzində yüzlərlə tenderin qalibi olmasının maxinasiyalara yol açdığı barədə ittihamlardan yayınmaq üçün bu yola gediblər.
“Ruzi” MMC ilə Saatlı, İmişli, Hacıqabul, Xocavənd, Samux, Şəmkir və digər rayonların suvarma sistemləri idarələri ilə, Tərtər Subartezian Quyularının İstismarı İdarəsi, Beyləqan Meliorasiya İdarəsi, Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsi, Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi və ASC-nin digər qurumları ilə milyonlarla manat dəyərində müqavilə bağlanılıb. Medianın yazdığına görə, nizamnamə kapitalı 10 manat olan, heç bir maddi-texniki bazası olmayan “Ruzi” MMC-nin bu işləri reallaşdırması qeyri-mümkündür. Eyni anda ayrı-ayrı rayonlarda həm təmir işləri aparmaq, həm də maşın mexanizmləri üçün ehtiyat hissələri üzrə sifarişləri həyata keçirmək üçün MMC-nin ixtisaslaşdırılmış işçi qrupu olması da şübhəli görünür.

ASC-nin iş prinsipinə görə, təbii olaraq qalib elan olunduqdan bir müddət sonra işin icrasına başlamaq üçün MMC-nin hesabına pul köçürülür. Görülən işlərə sərf olunacaq vəsaitin qədəri əvvəlcədən hər iki tərəfə, sifarişçıyə də, icraçıya da çox yaxşı məlum olur. İcraçı təmir işlərinin aparılması üçün rayon yerlərində gündəlik pulla işləyənlərlə heç bir müqavilə bağlanılmadan fəhlə briqadası təşkil edir. Nəticədə görülən işlərə cüzi xərclər çəkilir. Lakin gizlin tərtib olunan sənədlərdə külli miqdarda xərc çəkildiyi göstərilir. Ayrlmış əsas vəsaitin əlli faizi işə sərf olunursa, yerdə qalanı isə bir neçə nəfər arasında bölüşdürülür. Bununla da “Ruzi”MMC son iki ayda qalib elan olunduğu tenderlər yolu ilə milyonlarla dövlət vəsaitini yüxarıda göstərdiyimiz üsullarla həyata keçirməklə dövlətə külli miqdarda ziyan vurur. Buna şərait yaradan isə sifarişçi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. 2002-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq, heç bir dövlət sifarişi həyata keçirməmiş bir MMC-nin birdən-birə başqa heç bir qurumla deyil, ancaq Əhməd Əhmədzadənin rəhbəri olduğu ASC-yə tabe olan qurumların elan etdiyi 50-dən çox tenderin qalibi olması ciddi maxinasiya şübhəsindən xəbər verir.

Prezidentin ayrıdığı vəsaitlər nə vaxt artezian quyularının qazılmasına xərclənəcək?

Bununla belə, artıq kənd təsərrüfatının məhsulların yetişdirilməsi mövsümü başlayıb. Amma respublikanın rayonlarında kənd təsərrüfatı sahələrini suvarmaq üçün su çatışmır. Bununla belə, bir sıra rayonlarda həm içməli suya olan tələbatı ödəmək, həm də əkin sahələrinin suvarılma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə bu ilin əvvəlindən dövlət başçısının xüsusi sərəncamlarla ayırdığı vəsait subartezian quyularının qazılmasını nəzərdə tuturdu. Lakin “Şöhrət” ordenli Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti pullar ayrılsa da, saxta şirkətlərlə tenderə başı qarışdığı üçün milyonlarla vəsaiti hələlik təyinatı üzrə xərcləmək firkində deyil. Çox güman ki, pullar yuxarıdakı üsullarla maxinasiya yolu ilə mənimsənilir, artezian quyularının qazılması da yaddan çıxıb. Məsələn, Xaçmazın Çayqırağı kəndinin əhalisi onlara vəd edilən və subartezian quyusunun qazılmasını səbirsizliklə gözləyirlər. Amma Ə. Əhmədzadənin əhalinin çətinliklərini həll etmək üçün bir iş görəcəyinə inanmaq bir qədər müşküldür.

Amma yuxarıda qeyd edilən maxinasiyalar əsl korrupsiya nümunələri, söz verilən artezian quyularının qazılmaması isə vətəndaşların incidilməsi olduğu üçün yaxınlarda “qara maskalı”ların onun da dalınca gedəcəyini düşünmək mümkündür.
Beləliklə, “qara maskalı”ların bu köhnə korrupsioneri də həbs edəcəklərinə inam yaranıb. Dövlət başçısının son çıxışından sonra növbəti mərhələdə korrupsiyaya qurşanmış nazirlərin və komitə rəhbərlərinin qandallanması gözləntiləri cəmiyyətdə hakim olduğu üçün buna ümid etməyə dəyər.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button