GündəmSiyasət

Əliyev Səudiyyə Ərəbistanı və İordaniya səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

Görüşdə Əliyev bütün dövrlərdə – həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymət verdiyini bir daha qeyd edib.

O, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib.

İqtisadi əməkdaşlığa toxunan Əliyev enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb.

Səfir Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib.

Əliyev bu gün həmçinin İordaniya səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.

Görüşdə Əliyev ikitərəfli münasibətlərin “yüksək səviyyədə” olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan və İordaniya “beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyir”.

Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.(Turan)

Bənzər yazılar

Back to top button