AnalitikaDünyaManşet

Rusiyanın yaxın və uzaq məqsədləri: Ukraynadan Afrikaya qədər gedib çıxır

Taxıl və gübrə ixracı məsələsində Putinin Afrika ölkələrinin maraqlarından çıxış etməsi də təsdüfi deyil

XXI əsrdə bütün beynəlxalq hüquq və prinsiplərin, BMT-nin Nizamnaməsinin pozulması yolu ilə Ukraynanın suveren əraziləri ilhaq edildi. 2014-cü ildə başlayan işğal prosesi Rusiyanın Kiyev başda olmaqla Ukraynaya hücumu ilə müşayiət olunan 2022-ci ildəki genişmiqyaslı müharibəyə çevrildi. Düz ilyarımdan çoxdur ki, ukraynalıların Rusiya-Ukrayna müharibəsi adlandırdığı, rusların isə işğalı haqlı saymaq üçün “Xüsusi Hərbi Əməliyyat” kimi qələmə verdiyi münaqişə davam edir.

2022-ci ilin fevral ayından keçən müddət ərzində münaqişə tərəfləri əsgər və mülki şəxslərlə yanaşı, çoxlu sayda silah və texnika itirib. Bu müharibədə hər iki tərəfin müttəfiqləri də var. ABŞ və əksər Qərb ölkələri Ukraynaya, Putin hakimiyyətinin “dost” adlandırdığı İran, Çin, Şimali Koreya və digər ölkələr (Kuba da daxil olmaqla) Rusiyaya kömək edir. Lakin indiki məqamda Rusiya üçün hər hansı yolla gəlir gəlməsi silah yardımından daha önəmlidir. Çünki bu ədalətsiz müharibənin maliyyələşdirilməsini davam etdirmək üçün Rusiyanın pula ehtiyacı var və o indiki vəziyyətdə özünün təbii ehtiyatlarını Avropaya sata bilmir. Bu səbəbdən də, Rusiya təbii ehtiyatlarını və digər resurslarını satmaq üçün yeni partnyorlar axtarıçına girişib. Bu sahədə müəyyən uurlar da qazanıb. Məsələn, Hindistan müharibə zamanı Rusiyaya texnika satmaqla deyil, neft və qaz almaqla daha çox kömək edir.

Təcavüzə məruz qalan Ukraynanın müttəfiqləri isə, birbaşa müdaxilədən çəkinsələr də, müşahidəçi mövqeyində deyillər. NATO-dan, xüsusən də ABŞ-dan müasir texnologiyalarla istehsal olunan və daha çox üstünlüklərə malik silahlar Ukrayna ordusunun istifadəsinə verilir. Buna baxmayaraq, texnoloji üstünlüklərə malik silah əldə edən, mövqelərini qoruyub saxlayan Ukrayna silahlı qüvvələri havadan ölkənin dərinliklərindəki hədəflərə hücum edən Rusiyanın quru qoşunlarının müdafiə xəttini yara bilmirlər.

Ukraynanın infrastruktur obyektlərinin sıradan çıxarılması hərbi hava qüvvələrinin aviasiya və raket hücumları ilə mümkün olur. Bu əməliyyatlarda İranın müttəfiqi Rusiya üçün təmin etdiyi “Shaheed” pilotsuz təyyarələrinin geniş istifadə olunmasını da qeyd etmək lazımdır. Mütəxəssislər “Shaheed” pilotsuz təyyarələrinin çox vaxt bəsit və praktiki olaraq uğursuz hesab etmişlər. Buna baxmayaraq, sözügedən dronlar Rusiyaya öz məqsədinə çatmağa imkan verir. Belə ki, onlar Ukraynanın hava hücumundan müdafiə sisteminin bir çox yer-hava raketlərini itirməsinə nail olmağa imkan verir və kifayət qədər ucuzdur. Çünki yer-hava raketlərinin sayı məhduddur və qiyməti “Shaheed” dronları ilə müqayisədə çox bahadır.

Rusiyanın Çindən aldığı avadanlıq da o qədər də mürəkkəb olmasa da, Ukraynaya qarşı hərbi əməliyyatlarda uğur əldə etməyə kömək edir. Düzdür, Pekin Rusiyaya hər hansı yardım göndərdiyini inkar edir. Lakin Qərb mediasının yazdığına görə, Çin Rusiyaya naviqasiya cihazları, avtomobil, tank və digər texnikaların, təyyarələrin hissələri kimi ikili təyinatlı avadanlıqlar göndərir. Çinin təmin etdiyi müvafiq materiallar Ukraynanın Qərbdən aldığı yardımla müqayisə də dəfələrlə az olsa da, Avropa İttifaqı ölkələri və ABŞ sanksiyaları səbəbindən Rusiya üçün çox vacibdir. Burada daha bir məqamı nəzərə almaq gərəkdir. Belə ki, bəlkə də Rusiyanın Çin avadanlığı üçün ödədiyi dəyər Çin yuanı və ya rubl ilə deyil, Afrikadakı vəziyyətə (qitədəki dövlət çevrilişləri və güc tətbiqi halları) təsir və qərarlarla ölçülə bilər.

Görünən odur ki, Afrikada Rusiya-Çin əməkdaşlığı yüksək səviyyədə inkişaf edir və onların baxımından uğur vəd edir. Qara qitə hər iki ölkənin əməkdaşlıq şəraitində əlverişli və yüksək nəticələr əldə etdiyi məkana çevrilib. İndiyə qədər mövcud olan və Qərb dəstəkli rejimlər bir-birinin ardınca çökdükcə, Moskva və Pekin keçmiş müstəmləkəçiləri yavaş-yavaş, ilbəil Afrika qitəsini tərk etməyə məcbur edir. Təsir dairələrinin dəyişməsi, o cümlədən Fransa və ABŞ təsirinin zəifləməsi Afrikadakı resurslara hakim olmaq baxımından Rusiya və Çin üçün böyük əhəmiyyət kəsb edir. Artıq dünyada nadir hesab edilən torpaq resurslarının müasir dünya üçün mühüm perspektiv vəd etməsi bu gün həmin sərvətlərə nəzarəti ələ keçirməyi şərtləndirir. İndiki vaxtda bundan əldə ediləcək mümkün gəlirləri təxmin etmək çətin olsa da, bu ərazilərə nəzarəti təmin edə bilmiş ölkələrin sabah bundan faydalanacağı şəkszidir.

Beləliklə, Rusiya müttəfiqlərinin dəstəyi ilə Ukraynada hərbi əməliyyatları dayandırmaq fikrində olmasa da, onun yeni ərazilərə nəzarət məqsədləri Afrika qitəsinə qədər gedib çıxır. Bu məqsədi həyata keçirmək üçün taxıl və gübrə ixracı məsələsində Putinin Afrika ölkələrinin maraqlarından çıxış etməsi də təsadüfi deyil.

Nazim Əlizadə

Bənzər yazılar

Back to top button