GündəmSiyasət

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının qərəzli qətnaməsini rədd edir və qınayır

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının Qarabağda vəziyyətlə bağlı 12 oktyabr 2023-cü il tarixli qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayır.

Bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir, nazirliyin şərhində deyilir. Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, əsassız şayiələrə və müəyyən dövlətlərin bölgəmizdə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan yanaşma nümayiş etdirməkdə davam edir.

Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamə və tövsiyələr Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir.

Terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, habelə regiona səfər edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müsbət qiymətləndirməsinə və Azərbaycanın yerli əhaliyə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini təsdiqləməsinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.

Bundan əlavə, son on ayda Laçın yolundan hərəkətlə bağlı Avropa Şurası Parlament Assambleyasının əsassız iddiaları və Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarını yekdilliklə rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarına məhəl qoyulmaması ilə yanaşı, məhkəmənin qərarlarının yanlış şərh edilməsi qəbuledilməzdir.

Həmçinin 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə, 44 günlük müharibədən sonra həlak olanların sayını 333-ə çatdıran mina təhlükəsinə, əvvəllər işğal altında olan Azərbaycan ərazilərində qeydə alınan dağıntıların miqyasına aydınlıq gətirilməməsi də dərin narahatlıq doğurur.

30 ilə yaxın müddətdə azərbaycanlı məcburi köçkünlərin və Ermənistandan zorla qovulmuş etnik azərbaycanlı qaçqınların insan hüquqlarının pozulmasına göz yumulmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin könüllü surətdə yerdəyişməsilə bağlı böhtan və hədsizlik nümayiş etdirən arqumentlər bu qurumun insan hüquqları ilə bağlı öhdəliklərinin açıq şəkildə pozuntusudur

Avropa Şurası Parlament Assambleyası etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl qoyulmur.

Avropa Şurası Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.

Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir.

Bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz.

Oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qeyd olunur ki, demək olar ki, bütün erməni əhalinin bölgədən kütləvi şəkildə çıxması “etnik təmizləməyə bərabər ola biləcək ittihamlara və əsaslı şübhələrə” səbəb olub. Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyətini “bunun belə olmadığını sübut etmək üçün səylərini əsirgəməməyə” çağırıb.

“Azərbaycan öz öhdəliklərini yerinə yetirməsə, Assambleyanın “Azərbaycan öz nizamnamə öhdəliklərini ciddi şəkildə pozduğuna görə Nazirlər Komitəsi və Parlament Assambleyasının birgə prosedurunu başlatmağa çağırmaqdan və 2024-cü il sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməkdən başqa alternativi qalmayacaq”, – qətnamədə deyilir.

Bənzər yazılar

Back to top button