Digər

Yerevan Əliyevin bəyanatını “Ermənistanın işlərinə kobud müdaxilə” kimi dəyərləndirib

Ermənistan Respublikasının heç bir qonşusuna, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur. Bu barədə Ermənistan XİN-in Azərbaycan prezidenti İlham Əliyevin bəyanatına cavabında bildirilir.

“ER Konstitusiyası və ona edilən dəyişikliklər Ermənistan Respublikasının daxili işidir və biz rəsmi Bakının Ermənistanın daxilindəki müzakirələrə müdaxilə etmək cəhdlərini ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndiririk.

Eyni zamanda, hesab edirik ki, bu cür danışıqlar sülh prosesini ləngidir və Azərbaycan rəhbərliyinin sülh əldə edilməsi ilə bağlı səmimiliyini şübhə altına qoyur.

Ermənistan və Azərbaycan arasında bağlanan sülh sazişi aydın şəkildə müəyyən edir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırlar və bir-birinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişinin mətnində həmçinin heç bir tərəfin sülh sazişinə uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyi haqqında razılaşdırılmış müddəa var.

Sazişin imzalanması və milli prosedurlara uyğun olaraq ratifikasiyası bu prinsipləri qəti şəkildə müəyyən edəcək. Buna uyğun olaraq, hesab edirik ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın və birbaşa yolu məhz Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişi imzalamaqdır.

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çoxdan çatıb və Ermənistan tərəfi növbəti ay ərzində onun yekunlaşdırılması və imzalanması üzərində konstruktiv və intensiv işə hazır olduğunu ifadə edir”, deyə Ermənistan XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, dünən İlham Əliyev Ermənistanın konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları yer alan hissəsi dəyişdirilməsə Ermənistanla sülh müqaviləsinin imzalanmasının qeyri-mümkün olduğunu bildirib.(Turan)

Bənzər yazılar

Back to top button