Hadisə

Baş Prokurorluq İrandan qaçmış fəalın şikayəti üzrə araşdırmaya başlayıb

2023-cü il oktyabrın 12-də İranda həbsdən qaçıb ağ bayraq qaldıraraq Azərbaycan Respublikasının dövlət sərhədini keçib təslim olan İran vətəndaşı, azərbaycanlı fəal Puya Purhemməti Azərbaycan dövlət hakimiyyəti orqanlarında məruz qaldığı qanunazidd hallarla bağlı iyulun 3-də Azərbaycan Baş Prokurorluğunda sorğu-sual edilib.

“Mənə sərhəddi keçdikdən sonra Azərbaycanda məruz qaldığım hüquqazidd hərəkətlərlə bağlı iki saat suallar verdilər. Bildirdilər ki, məruz qaldığım qanunsuzluqlarla bağlı araşdırma aparacaqlar. Orada hüquq müdafiəçisi Rüfət Səfərovun mənə istinadən yaydığı məlumatlar əsasında sorğu-sual etdilər”, – Puya Purhemməti Baş Prokurorluqda izahat verdikdən sonra “Amerikanın səsi”nə deyib.

Puya Purhemməti Azərbaycanda iki ay həbsdə saxlanılıb.

Belə ki, 2023-cü il oktyabrın 14-də Bakı Şəhər Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemmətinin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) təqsirləndirilən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.

Puya Purhemməti 2023-cü il dekabrın 11-də ev dustaqlığına buraxılıb.

Daha sonra Azərbaycanın Füzuli Rayon Məhkəməsi onu 3 min manat cərimə edib və həbs müddəti ilə pul vəsaitini kompensasiya edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Puya Purhemməti ilə görüşdükdən sonra ona istinadən Facebook səhifəsində bildirib ki, Dövlət Sərhəd Xidmətində istintaq aparan müstəntiq ondan külli miqdarda pul müqabilində işinin həll edilcəyinə vəd verib. Penitensiar Xidmətin təcridxanasında bahalı qol saatını və qələmini alıblar və həbsdən sonra geri qaytarmayıblar. Həmçinin təcridxanada telefon danışığı müqabilində hər dəfə ondan pul aldıqlarını yazıb.

Hüquq müdafiəçisi “Amerikanın səsi”nə deyib ki, onun müraciətindən sonra Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi araşdırmaya başlayıb.

Puya Purhumeti bu araşdırma çərçivəsində iyulun 3-də ilkin izahat verib.

Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.

O, etiraz aksiyasından sonra saxlanılıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra o 2 il də İran ərazisini tərk edə bilməzdi.

Puya Purhemməti 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən o, oktyabrın 12-də Azərbaycanın Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub. Purhemməti Azərbaycan Respublikasından siyasi sığınacaq verilməsini istəyib və ya üçüncü təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib.

Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. O, İran vətəndaşıdır və hazırda Təbriz şəhərində qeydiyyatdadır. Puya Purhemməti ali təhsillidir və ailəlidir.

Puya Purhemməti deyib ki, hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin üzvüdür.

Puya Purhemməti iyunun 24-də “Amerikanın səsi”nə müraciət edərək həyatının təhlükədə olduğunu bildirib.

“Birinci, Azərbaycan üçün problem olmaq istəmirəm. Necə ki, Azərbaycanın Dövlət Miqrasiya Xidmətində demişəm. Mən orada dedim ki, köməklik etsinlər humanitar viza ilə daha təhlükəsiz olan üçüncü ölkəyə gedim. Mən Azərbaycandan tezliklə başqa ölkəyə getmək istəyirəm. Açığı, İran səfirliyi məni açıq təhdid edir. Evimin yerini, ünvanını bildiyini bildirir. Mənə qaldığım evin ünvanını dedilər. Ona görə məcbur qalıb, yaşadığım ünvanı dəyişdim. İndi çox çətin şəraitdə, stress altında yaşayıram”, – o qeyd edib.

Purhemməti Birləşmiş Millətlər Təşkilatı qurumlarına, Azərbaycandakı çoxsaylı səfirliklərə humanitar viza üçün müraciət etsə də, hələ cavab ala bilməyib.(Turan)

Bənzər yazılar

Back to top button