ManşetÖnə çıxanlarSiyasət

Baş redaktorun həbs müddəti artırılıb

Bu gün, dekabrın 20-də Səbail Rayon Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Vəsatəti hazırda həbsdə olan jurnalisti istintaq edən qurum verib.

Jurnalistin yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, jurnalistin vəkilləri vəsatətin əleyhinə çıxıblar, onlar İ.Rəhimovun əvvəllər də istintaq cəlb edildiyini, heç vaxt istintaqdan yayınmadığını əsas gətirərək, vəsatətin rədd edilməsini məhkəmədən xahiş ediblər.

Jurnalist İ.Rəhimov özü də məhkəmədə iştirak edib. Yaxınlarının deməsinə görə, jurnaist məhkəmədə çıxış edib.

“Məni heç bir əsas olmadan həbs ediblər. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsini9n müdiri Əli Həsənov haqqında yazımı dərc edəndən sonra dərhal həb edildim. Bu faktın özü də göstərir ki, əslində nəyə görə həbs edilmişəm. Heç bir günahım olmaya-olmaya həbsə atılmışam. Kəskin baş ağrılarım yaranıb, elə şəraitdə saxlanılırlam ki, gecə-gündüzü, günlərin sayını itirmişəm”, yaxınlarının sözlərinə görə, İ.Rəhimov məhkəmədə belə deyib.

Yaxınlarının deməsinə görə, jurnalist iki il əvvəl barəsində məhkəmə araşdırmasının olduğunu, böhtana görə həbs edilməsindən bəhs edib. Deyib ki, həmin məhkəmə nə vaxt çağırıbsa, vaxtında gedib, heç vaxt suallardan, istintaqdan yayınmayıb. İ.Rəhimov da məhkəmədən xahiş edib ki, vəsatəti təmin etməsin.

Ancaq Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrlik etdiyi məhkəmə heyətivəsatəti təmin edib. İ.Rəhimovun məhkəməyə qədər həbs müddəti deakbrın 20-dən hesablanmaqla 2 ay 28 gün artırılıb.

Yaxınları məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildiriblər.

İ.Rəhimovun məhkəmədə səsləndirdiyi fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

İ.Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib. Bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İ.Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: “İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Bənzər yazılar

Back to top button