Siyasət

VI çağırış Milli Məclisin səlahiyyət müddətinin birinci ilində fəaliyyətilə bağlı müxtəlif rəylər

9 fevral 2020-ci il tarixində VI çağırış Milli Məclisə beşillik səlahiyyət müddətinə seçkilərin keçirilməsindən bir il ötür. Aşkar edilmiş pozuntulara görə MSK 4 dairədə – 33-cü Xətai birinci, 35-ci Xətai üçüncü, 74-cü Lənkəran və 80-ci İmişli- Beyləqan rayonunda seçkilərin etibarsız hesab edib.

O vaxtdan bu dairələrdə təkrar seçkilər təyin edilməyib.

Daha bir vakant yer 2020-ci ilin avqustunda deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar yaranıb. Bu yerə də seçkilər təyin olunmayıb.

Qanunvericilikdə təkrar seçkilərin keçirilməsi üçün konkret müddətlər və deputatın vəfatı ilə əlaqədar əlavə seçkilər qeyd olunmayıb və bu məsələ MSK-ya həvalə edilib. Lakin seçki sahəsində ekspert Bəşir Süleymanlının fikrincə, təkrar və əlavə müddətlər ağlabatan müddətdə aparılmalıdır.

“Əgər Milli Məclisə seçkilərin keçirilməsinə iki ay vaxt ayrılırsa, o zaman yaranan vakansiyalara seçkilər təkrar və ya əlavə seçkilər üçün səbəb yarandıqdan sonra 2-3 ay ərzində keçirilməlidir”, – ekspert bildirib.

Parlamentin bir il ərzində qanunvericilik fəaliyyəti nə dərəcədə səmərəli oldu və Milli Məclisdə nə dəyişdi?

Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, deputat Sabir Rüstəmxanlının fikrincə, koronavirus pandemiyası parlamentin işində çox ciddi çətinliklər yaradıb.

Bununla belə, Milli Məclis bir sıra mühüm qanunlar qəbul edə bilib, deputat deyib.

Onun fikrincə, parlamentin indiki tərkibi “kifayət qədər peşəkardır”.

“Mən dörd il Milli Məclisdə olmadım. Amma görürəm ki, son seçkilərdə xeyli gənc deputat seçilib və onlar öz işlərini kifayət qədər peşəkarcasına yerinə yetirirlər. İlk dəfədir ki, müxalifət nümayəndəsi, bizim partiyanın üzvü Fəzail İbrahimli parlamentin vitse-spikeri seçilib. Bəzi komissiyalarda sədrlər və ya sədr müavinləri müxalifət nümayəndələridir”, – S.Rüstəmxanlı bildirib.

Onun fikrincə, 44 günlük Qarabağ müharibəsi zamanı deputatlar beynəlxalq miqyasda ölkənin maraqlarını fəal şəkildə müdafiə ediblər.

Deputatlığa keçmiş namizəd, ictimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, Milli Məclisin indiki tərkibi “bütün çağırış parlamentlər arasında ən saxta seçkilər əsasında formalaşıb, əhalinin ən böyük narazılığına səbəb olub və ən passiv fəaliyyət göstərir”.

“Bir il ərzində ölkə görünməmiş dərəcədə mürəkkəb bir dövr yaşayıb. Keçən ilin əvvəlində koronavirus pandemiyası başladı və bununla əlaqədar insanların həyatına təsir edən ciddi problemlər yaranmağa başladı. Kiçik və orta biznes ağır problemlərlə üzləşdi, işçilər ixtisar olunmağa başladı, iş yerləri bağlandı. Lakin parlament heç bir ciddi müzakirə aparmadı, vətəndaşların xeyrinə heç bir təklif irəli sürmədi”, – B.Hacıyev deyib.

İlin ikinci yarısında ölkədə müharibə başladı, lakin parlament bu dövrdə onun səlahiyyətinə verilmiş funksiyaların yerinə yetirilməsində özünü heç cür göstərmədi, – fəal davam edib.

“Müharibədən sonra bir sıra malların və xidmətlərin tariflərinin artırılması barədə qərarlar qəbul edilib. Benzin və su bahalaşıb, eyni zamanda, bahalı inzibati binaların tikintisi ilə bağlı qərarlar qəbul edilib. Lakin parlament bütün bunlara biganə qalır, vətəndaşların sosial müdafiəsi üçün addımlar atmır”, – B. Hacıyev vurğulayıb.

VI çağırış Milli Məclisə seçkilər 9 fevral 2020-ci ildə keçirilib.

Hazırda 120 deputatdan 69-u Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vətəndaş Həmrəyliyi Partiyasının 3, Vətən, Demokratik İslahatlar, Demokratik Maarifçilik, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vəhdət, Respublika Alternativi, Vətəndaş Birliyi partiyalarının hər birinin 1 deputat yeri üzrə mandatı var.

40 deputat bitərəfdir.

Turan.az

Bənzər yazılar

Back to top button