CəmiyyətManşet

III qrupda ödənişsiz yerlərin azalması ilə bağlı “varlı-kasıb” söhbəti…

Azərbaycanda ali məktəblərə qəbul üzrə III qrupda (beş qrup olur) dövlət sifarişli yerlərin sayı azaldılıb. Bunu avqustun 11-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb.

“Dövlət sifarişli yerlərin sayında isə artım yoxdur, əksinə, 328 yer azalıb”, – DİM sədri vurğulayıb.

Bəzi sosial şəbəkələr istifadəçiləri düşünür ki, III qrupda dövlət yerlərinin azaldılması sosial təminatı zəif olan şəxslərin hüquq və digər çox bal tələb edilən ixtisaslara qəbulunu çətinləşdirəcək.

Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Turana bildirib ki, III ixtisas qrupunda plan yerlərinin azaldılmasının hansısa subyektiv amillə bağlı olduğunu düşünmür: “Ümumiyyətlə, bunun səbəbi son illər texniki sahəyə, informasiya texnologiyaları, mühəndislik və tibb sahələrinə gənclərin meylinin artmasıdır. Artıq gənclər özləri də anlayırlar ki, humanitar sahədən daha çox bu gün texniki sahəyə yönəlmək daha uyğundur… Hamı hüquqşünas, dövlət qulluqçusu, diplomat olmalı deyil. Biz bu düşüncələrdən xilas olmalıyıq”.

C.Məmmədov deyib ki, hər il humanitar sahəyə kifayət qədər sənəd verənlər və bitirənlər var: “Amma bu gün onlar iş tapmağa çətinlik çəkirlər. Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində mütəxəssislərə çox böyük ehtiyac var. Nəinki Azərbaycanda, dünyada 3 milyona yaxın belə mütəxəssislərə ehtiyac var. Bu baxımından, humanitar sahəyə həddindən artıq meyl göstərməyin tərəfdarı deyiləm. Təşviq etməliyik ki, insanlar daha çox texniki, inşaat, tibbi sahəyə meyl göstərsinlər”.

Deputat Fazil Mustafa da hesab edir ki, III qrupda plan yerlərinin azalmasını “varlı-kasıb” məsələsinə aid etmək doğru deyil: “Sadəcə bu sahədə işsizlik səviyyəsi daha çox artmaqdadır, işlə təmin olunmaq problemi var. Hamı bu ixtisasları daha çox seçməyə çalışır”.

Deputatın sözlərinə görə, ali məktəblərin kadr potensialı çox zəifdir və hazırlıq imkanları yetərli deyil: “Ona görə də humanitar sahədə konveyer üsulu ilə diplomlu mütəxəssislərin artması ictimai inkişafımıza heç bir təsir göstərmir”.

Tələbə Güc Mərkəzi təşkilatının sədri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, nəinki III qrup, heç bir qrupda dövlət sifarişli yerlər azaldılmamalıdır: “Ümumiyyətlə, mən təhsilin dövlətin öhdəliyi olduğunu və ödənişsiz olmalı olduğunu düşünürəm”.

Onun fikrincə, dövlət universitetlərində təhsilin pullu olması dövlətin kommersiya maraqlarına xidmət etməsindən başqa bir işə yaramır: “Minimal əməkhaqqının 350 manat olduğu ölkədə 2000 manat təhsil haqqı tələb etmək, yüngül şəkildə desək, gülüncdür. Üstəlik, dövlətin təqdim etdiyi təhsil keyfiyyəti də bu qiymətlər ilə təzad təşkil edir”.

III qrupda ödənişsiz yerlərin azaldılmasına gəlincə isə, F.İmanov bunu dövlətin tələbələri, az da olsa, siyasi və hüquqi baxımdan inkişaf edəcəkləri ixtisaslardan uzaq tutmaq məqsədi kimi dəyərləndirir.

Rəsmi açıqlamalara görə, son beş ildə Azərbaycanın ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118.7 faiz, qəbul plan yerlərinin sayı isə 34.6 faiz artıb. Rəsmilərin deməsinə görə, ötən illə müqayisədə bu il dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27 min 691-ə çatdırılıb.

Altı-yeddi il əvvəl yerlərin təqribən 70 faizindən çoxunun ödənişli olduğu bildirilirdi.

Ötən il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 min 881 plan yeri ayrılıb. Bu il bu rəqəm 56 mindən çox olub.

Bənzər yazılar

Back to top button