Bizim seçimCəmiyyətHadisəManşet

DİQQƏT: Acınohur çölündə çeyranlar təhlükədə (MÜRACİƏT)

Ictimaiyyətin və aidiyyatı dövlət qurumlarının rəhbərlərinə açıq məktub

Qax Dövlət Təbiət Yasaqlığında, Acınohur Sarrıca yarımsəhralarında ağır və uzun müddətli zəhmət hesabına başa gəlmiş uğurlu reintroduksiyasına yenicə sevindiğimiz ceyran populyasiyası məhv olma təhlükəsi qarşısındadır. Ərazidə hal hazırda 71 baş ceyran var. 14000 hektar düzən ərazinin 7500 hektarı 2018-ci ilin taxıl əkini planına salınıb.

Ərazinin 2000 hektarı isə Acınohur gölünün və ətraf duzlu sahilin payına düşür. Bütün bu ərazilər yovşanlı, şorangəli yarımsəhra biogeosenozudur. Və taxıl məhsuldarlığından söhbət gedə bilməz. Əkinlər başlasa torpağın üst nazik qatı məhv olacaq, quraq ərazilərə anidən yağan yağışlar dərin yarğanlar açıb bütün ərazi erroziyaya uğrayacaq, əkinlərdə zərərvericilərə qarşı istifadə ediləcək kimyəvi preparatlar, texnikanın səs-küyü, heyvanların qida bazasının məhv edilməsi, infrastruktur zolaqları, bütün bunlar başda ceyran populyasiyası olmaqla bütün ekosistemi məhv edəcək.
Qax Dövlət Yasaqlığı Acınohur gölü və ətraf Axar Baxar alçaqdağlığı ilə birlikdə çox zəngin və özünəməxsus ekosistemə sahibdir və Azərbaycanda ən mükəmməl vaşaq populyasiyası məhz bu ərazidə mövcuddur! Nadir və nəsli kəsilmə təklükəsində olan növlərdən qamışlıq pişiyi, çöl pişiyi, meşə pişiyi, safsar, imperator qartalı, qara kərkəz, misir leşyeyəni, eləcə də şahinlərin nadir növləri məskunlaşıb, bəzgəklərin isə kütləvi qışlama yeridir. Hətta ilk dəfə eşidəndə çox təəccübləndiyim 40-a yaxın fərddən ibarət olan ayı populyasiyası var. Çaqqal, tülkü, canavar öz yerində.
Mingəçevir su anbarı tikildikdən sonra ərazinin ekosistemi kəskin dəyişsə də hələ də zənginliyi ilə və genişlənmə potensialı ilə Azərbaycanın Serengetisi adlandırılır. Yaxın keçmişə qədər ərazidə zolaqlı kaftarlar bəbirlər hətta pələng yaşayıb. Amma bu heyvanlar bir-bir buralardan yoxa çıxdılar.

Gələcəkdə bu ərazini Türyançay qoruğu və Gürcüstanın Vaşlavani Milli Parkı ilə birləşdirib və hətta cənub şərqdə Şirvan MP və Qızılağac qoruqlarına qədər, qərbdə isə Ceyran çölə qədər uzatmaq olar. Və nəsli kəsilmiş və uzaqlara çəkilmiş heyvanları reintroduksiya etmək olar.

Xatırladım ki, sovet vaxtı Acınohur çölündə bir neçə il davam edən əkinlər məhsuldarlığın çox aşağı olması səbəbi ilə dayandırıldı. Ancaq həmin müddətdə ceyran sürüləri tamamilə məhv oldu. Ceyranların əkin sahələrində zəhərlənərək kütləvi ölümünü yerli sakinlər arasında xatırlayanlar öz gözləri ilə görənlər var.

ETSN-nin bu məsələdə acizanə susqunluğunu anlamaq olmur. İctimaiyyətin dəstəyi və tələbi olmasa böyük bir səhvi təkrar edəcəyik.

Kənd Təsərrüfatı Nazirliyi üçün ekoloji həssaslıq önəmli deyil. Məhsuldarlıq məsələsində isə görünür bir neçə il dotasiyalarla oyun oynamaq daha cəlbedicidir.

Avqustda yay əkinləri başlayacaq və geri dönüşü çox çətin olacaq proses başlaya bilər. Bizim isə bir bir bütün qurumların rəhbərlərinə müraciət etməyə vaxtımız və ümidimiz yoxdur.

Ecofront olaraq bu məsələdən narahatlığımızı ictimaiyyətin və dövlət qurumlarının diqqətinə bu açıq məktubla çatdırmaq istəyirik. Və bütün qurumları aidiyyatı üzrə dövlət və ictimai əmlakı qorumağa və dövlət vəsaitinin israfına yol verməməyə çağırırıq.

Bu düşünülməmiş planın qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

İndi isə bu mövzuda hazırladığımız karikaturalarla bir az gülüş, bir az kədər, bir az empati, bir az sevgi haqqında düşünməyə çağırırıq hər kəsi.

Müraciəti Ecofront qrupu hazırlayıb. Karikaturaların müəllifi isə Javad Caffardır.

Rövşən Hüseynov

AzToday.az

Bənzər yazılar

Back to top button