Siyasət

Ermənistan Naxçıvana nəqliyyat dəhlizi yaradılmasını ləngidir – RF səfiri

2023-cü ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 17% artaraq, 4.4 milyard dollara çatıb. Qərbin sanksiyaları iki ölkə arasında münasibətlərin daha da sıxlaşmasına gətirib çxıarıb. 17%-lik artım Azərbaycan ərazisindən təkrar ixrac deyil, böyük layihələrdir. Bu barədə RF-nin Azərbaycandakı səfiri Mixail Yevdokimov Moskvanın “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Xüsusən, o, “KAMAZ” servis mərkəzinin açılmasını, Bakı metrosu üçün 35 vaqonun tədarükünü qeyd edib. Eyni zamanda, elektrobus və tramvaylarla bağlı layihələr və Azərbaycanda onların yığılmasının və onlara xidmətin təşkili var. Bu, dərin sənaye əməkdaşlığıdır.

Cari ildə Rusiya, Azərbaycan, İran və Türkiyə arasında yük çatdırılmalarının həyata keçiriləcəyi gözlənilir. Xüsusən, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan, İran, Naxçıvan və Türkiyə dəmir yolu ilə daşıma həcmi ildə 30 mln. ton təşkil edəcək, deyə səfir bildirib.

Xəzərdə gəmilərin birgə istehsalı və Qarabağdakı ərazilərin bərpası üçün Azərbaycanda tikinti materiallarının istehsalı üzrə Rusiya müəssisələrinin qurulması məsələsi müzakirə olunur. Bakı buna 36 mlrd. dollar ayırır və Rusiya şirkətləri material tədarük etməkdə və xidmətlər göstərməkdə maraqlıdır.

Ermənistan-Azərbaycan nizamlanması mövzusuna toxunan diplomat qeyd edib ki, Qarabağ məsələsi “bağlanıb”, lakin Rusiya iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlara maksimum dəstək verməyə hazırdır.

“Azərbaycan tərəfin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslı, bir qayda olaraq tərəflər arasında sülh müqavilələrində mövcud olan standart ifadələr və maddələrdir. Və prinsipcə, Bakının irəli sürdüyü təkliflər əsasında, mənə elə gəlir ki, bu danışıqları kifayət qədər tez yekunlaşdırmaq olar”, deyə səfir qeyd edib.

Azərbaycanın əsas hissəsindən Naxçıvana nəqliyyat dəhlizi məsələsi də Azərbaycan üçün çox vacibdir. Bu, Naxçıvanla sabit nəqliyyat əlaqəsinin mövcudluğu deməkdir. Azərbaycan üçün marşrutun (təxminən 46 km) təhlükəsizliyi mücərrəd mövzu deyil.

“Rusiya Federasiyası öz vəsaiti ilə bu marşrutu kifayət qədər tez bərpa etməyə hazır idi. Ermənistan mənə çox da aydın olmayan müxtəlif səbəblərdən bu danışıqları uzadır”, deyə diplomat qeyd edib.

Buna görə Bakı və Tehran İran ərazisindən dəmir yolunun tikintisi haqqında saziş imzalayıblar. Bu, həmçinin Türkiyəyə gedən marşrutdur. Türkiyədən Naxçıvana dəmir yolu tikilməsi də vacibdir. “Biz Rusiyadan yükləri Azərbaycan, İran və Naxçıvandan keçməklə Türkiyəyə daşımaq imkanı əldə edəcəyik”, deyə səfir vurğulayıb.

Qarabağdakı Rusiya sülhməramlılarının aqibəti haqqında suala cavavda diplomat deyib ki, “Rusiya sülhməramlıları əks-terror əməliyyatları başa çatdıqdan sonra Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul xidməti, binaların və mədəniyyət tikililərinin mühafizəsini həyata keçirir.

Hazırda Azərbaycan XİN-lə Moskva və Bakı arasında bizim sülhməramlı kontingentlə bağlı danışıqların növbəti mərhələsinin tarixləri razılaşdırılır, kontingentin bölgədə qalma müddəti 2025-ci ildə başa çatır”, deyə RF səfiri bildirib.(Turan)

Bənzər yazılar

Back to top button