İdman

Murad Musayev Bakıya gəldi: AFFA rəhbərliyi ona bu təklifi etdi, razılaşdı

Futbol üzrə Azərbaycan milli komandasına baş məşqçi axtarışları davam edir. Çox sayda mütəxəssisin adı yığmamızla hallanır. Ancaq siyahıda fəaliyyətinə isti yanaşılan cəmi bir namizəd var.

Aut.az-ın əldə etdiyi məlumata görə, bu, ötən ay “Sabah”dan istefa verən Murad Musayevdir. Buna səbəb onun milli komandada çalışmaqla bağlı ünvanlanan suallara müsbət cavablar verməsi olub. “Sabah”dan ayrıldıqdan sonra federasiya rəhbərliyi Musayevlə maraqlanmaq qərarına gəlib.

İstefadan sonra müqavilə və digər texniki məsələləri həll etmək üçün 2 həftə əvvəl bir günlük Bakıya qayıdan rusiyalı mütəxəssis AFFA rəhbərliyinə yaxın şəxslərin biri ilə qısa görüş keçirib. 41 yaşlı mütəxəssis bu varianta müsbət yanaşdığını bildirib. O, AFFA-nın elçisinə tələblərini də çatdırıb.

Maliyyə məsələlərinə gəlincə, Murad Musayev illik 1 milyon dollara razılaşa biləcəyini qeyd edib. Digər şərtlərə gəlincə, o, ailəsi ilə Azərbaycanda daimi yaşamağa razı olduğunu bildirib.

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabrından bu ilin fevralına kimi “Sabah”ın baş məşqçisi kimi çalışıb. “Bayquşlar” rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). “Sabah” məhz onun dönəmində ötən mövsümü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Bənzər yazılar

Back to top button