Siyasət

Müsavat Partiyasının yeni başqanı Zakir İsmayıl olacaq?

2023-cü ilin başa çatmasına təxminən iki ay yarım vaxt qalır. Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq bu il partiyanın növbəti – X qurultayı keçirilməlidir. Qeyd etmək lazımdır ki, Müsavat Partiyasının sonuncu – IX qurultayı 2019-cu il oktyabrın 13-də keçirilib. Mediada və sosial şəbəkələrdə verilən məlumata görə, Müsavat Partiyasının Məclisi bu ilin sonunadək qurultayın keçirilməsi barədə müvafiq qərar qəbul edib, həmçinin partiya Divanının hər həftənin 1-ci günləri keçirilən iclaslarında qurultaya hazırlıq işləri müzakirə edilir.Yayılan məlumatlarda Müsavat Partiyasının növbəti qurultayının dekabr ayında keçiriləcəyi bildirilir. Hazırda partiyada, eləcə də müxalif siyasi düşərgədə ən çox maraq doğuran məsələlərdən biri Müsavat Partiyasının yeni başqanının kim olacağıdır. Mövzunun aktuallığını nəzərə alaraq apardığımız jurnalist araşdırmaları zamanı yeni maraqlı məlumat əldə etdik.

Belə ki,Müsavat Partiyasındakı etibarlı mənbənin verdiyi məlumata görə, partiya Nizamnaməsinə əsasən, bir şəxs ardıcıl 2 dəfədən artıq eyni vəzifəyə seçilə bilməz. Nizamnamənin bu tələbinə görə, Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının yenidən başqanlığa öz namizədliyini irəli sürmək hüququ yoxdur. Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin hazırkı sağlıq durumu onun yenidən partiya başqanlığına namizəd ola bilməsi ehtimalını azaldır. Digər tərəfdən, partiyanın sonuncu qurultayında qəbul edilən qərara görə, İsa Qəmbər partiyanın lideri və prezidentliyə vahid namizədi kimi müəyyən edilib. Lakin mövcud sağlıq durumu İsa Qəmbərin bu statusda da çıxış edə biləcəyinə şübhə yaradır.

Müsavatdaxili mənbədən aldığımız məlumata görə, hazırda partiya başqanlığı iddiasına düşən partiya funksionerlərindən biri də Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri və Məclis üzvü Zakir İsmayıldır. Baxmayaraq ki, Arif Hacılı qardaşı Mustafa Hacıbəylinin, Məclis sədri Nüşabə Sadıxlının, İsa Qəmbər isə Arzu Səmədbəylinin, Osman Kazımovun yeni başqan seçilməsində maraqlıdırlar, lakin buna rəğmən Zakir İsmayıl da partiyanın başqanı olmaq iddiasını həyata keçirmək üçün pərdəarxası fəaliyyətə başlayıb. Mənbənin verdiyi məlumata görə, Zakir İsmayılın bu iddiasına başqan müavinləri Razim Əmiraslanlı, Səxavət Soltanlı, Təşkilat Departamentinin rəhbəri Söhrab Məhərrəmov, Binəqədi rayon təşkilatının sədri və Məclis üzvü Çingiz Əli dəstək verirlər. Yeri gəlmişkən, Çingiz Əlinin Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsindən sonra onun barəsində yazdığı tənqidi status Müsavat Partiyasının fəalları tərəfindən mənfi qarşılanıb və Çingiz Əli bundan sonra müəyyən qədər geri çəkilməli olub. Özünə qarşı bu münasibətdən inciyən Çingiz Əli həmyerlisi Zakir İsmayıla dəstək verməyə başlayıb. Bundan başqa, partiyanın Ucar, Zərdab, Göyçay, Kürdəmir, Ağsu, Şamaxı, Qobustan rayon təşkilatları, eləcə də Bakı şəhərinin bəzi rayon təşkilatları Zakir İsmayılın başqanlığa namizədliyini dəstəkləmək barədə onunla gizli razılığa gəliblər. Qeyd edək ki, Zakir İsmayılın son vaxtlar öz şəxsi Feysbuk səhifəsində paylaşdığı bəzi statusları da onun bu iddiada olmasını göstərir. Məsələn, onun bu günlərdə Müsavat Partiyasının yaranmasının 112-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etməsi bunun əyani sübutudur, halbuki partiya başqanı kimi Arif Hacılının bu münasibətlə xalqı təbrik etməsi siyasi və etik baxımdan daha məqsədəuyğun olardı. Eyni zamanda Zakir İsmayılın son günlərdə öz siyasi tərcümeyi-halı ilə bağlı paylaşım etməsi də onun başqanlıq iddiasına düşməsini təsdiq edən məqamlardan biridir. Yəni o özünün bütün parametrlər üzrə başqanlığa layiq olduğunu isbat etməyə çalışır. Mənbə hətta Zakir İsmayılın partiyanın bəzi fəal və nüfuzlu üzvləri ilə görüşərək başqanlıq üçün onlardan razılıq aldığını da bildirir. Zakir İsmayılın Müsavat Partiyasının yeni başqanı olub-olmayacağını isə zaman göstərəcək. Bu istiqamətdə araşdırmalarımız davam edir.

https://m.facebook.com/story.php?story_fbid=pfbid02fZkXu3LmhWFT8wc7waQZCqs2oCS2SvZnjPd6rS9no6EFo2PEnGXuBdsCycZAWpzEl&id=100001997925306&mibextid=9R9pXO

https://m.facebook.com/story.php?story_fbid=pfbid02jj75twJhPwNGn7VS8VKqwQce79kxKYsfpDzmcADvVRjsrqnHFH5KsrsNgdzbJSMDl&id=100001997925306&mibextid=9R9pXO

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button