Bakıda ofisi olan BU TƏŞKİLAT Ermənilərin sponsorluğunu edir - bu quruma qarşı niyə belə təmkinliyik?

Sep 11, 2024 - 08:45
 0
Bakıda ofisi olan BU TƏŞKİLAT Ermənilərin sponsorluğunu edir - bu quruma qarşı niyə belə təmkinliyik?

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana yardımın həcmini 130 milyon dollar artıracaq. Yardımın artırılması ilə USAİD Ermənistana ümumi investisiyasını 250 milyon dollara çatdıracaq. USAİD özünün təqribən 27 milyard dollarlıq büdcəsi ilə dünyanın ən böyük yardım təşkilatı hensab olunur.

Təkcə son iki il ərzində bu beynəlxalq yardım təşkilatının büdcəsinndən “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğunu dəstəkləmək üçün” 9 milyard dollar vəsait ayrılıb. Amma bu zaman ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıqda olan USAİD-in “demokratik inkişafı dəstəkləmək” şüarı altında Afrikanın və Yaxın Şərqin müxtəlif ölkələrindəki müxalif qüvvələri dəstəkləmək üçün xüsusi donor fondları və yardım mexanizmləri yaradılıb.

USAİD Azərbaycanda da 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə Azərbaycana münasibətdə həmişə ayrı-seçkilik edilib. Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAİD dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi. O, səfər zamanı “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi. 2023-cü ilin noyabrında USAİD-in Ermənistan ofisi ABŞ-ın “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını elan etdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” təşəbbüsü ilə çıxış etmişdi.

Vaşinqtonun yaratdığı və maliyyələşdirdiyi bu strukturun casusluq fəaliyyətini yaymaq baxımından Ermənistan USAİD üçün “etibarlı dayağa” çevrilib. Bu təşkılatın İrəvanın qərbyönümlü meylləri fonnunda Ermənistandakı aktiv fəaliyyətinin regional dövlətlərin maraqlarına qarşı yönəlməsi artıq heç kəsdə şübhə doğurmur. USAİD-in Azərbaycana qarşı bu mövqeyinin əsl səbəbi təbii ki, bağlı olduğu "Soros" fondudur. Zamanında Azərbaycanda hərc-mərcliklər yaratmaq istəyən "Soros" fondu biabırçı şəkildə ölkədən qovulmuşdu. Hələ də “quyruq acısını” unuda bilməyən fond törəməsi USAİD-i işə salaraq Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. Bu isə ABŞ-ın nə xarici siyasətinə, nə də regionda yürütdüyü xəttə uyğundur. Bu mövzular gündəmə gələndə USAİD-ə "Soros" fondu kimi qapını göstərmək lazım olduğu haqda tələblər səslənsə də, hələ də Azərbaycanda fəaliyyətlərini davam etdirməkdədirlər. USAİD Ermənistanın sponsoruna çevrilməsinə rəğmən Bakının təmkinli davranışının səbəbi nədir?

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistana qrantlar ayrılmasının bir neçə amili var: “Əvvəla, USAİD-in verdiyi dəstəyi başa düşmək olar. Çünki Qərb regiondan, Cənubi Qafqazdan çıxmaq istəmir. Vaxtilə Xankəndidə erməni separatçılarına qrantlar ayrılırdı. İndi də Qarabağdan gedən ermənilərə vəsaitlər verilir. Bunlar reallıqlardır. Amma biz də onlarla işləməliyik. Beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək lazımdır. Zamanında bizə gələn qrantlar Ermənistana, Gürcüstana getdi. Misal üçün, biz illərlə Milli Demokratiya İnstitutu ilə əməkdaşlıq etmişik, amma heç zaman bizə hansısa tələblər irəli sürməyiblər, siyasi şərtlər qoymayıblar. Ona görə bu məsələdə beynəlxalq təşkilatlarla əlaqələri saxlamağın tərəfdarıyam. Sadəcə, Azərbaycan nə istədiyini onlara deməlidir”. Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycana ayrı-ayrı institutlardan qrantlar daxil olur, amma vergidən yayınanlar var: “Əgər açıq işləməyə davam etsək, şəffaflığı təmin etmək olar. Yəni biz onlarla əlaqələri dayandıranda bu qrantlar digər Qafqaz ölkələrinə yönəlir. Ona görə USAİD Ermənistana yardım edirsə, bu səbəbdən fondla yolları ayırmaq həll variantı deyil. Azərbaycan qadın hüquqları, ümumən insan haqları ilə bağlı istəklərini beynəlxalq təşkilatlara izah etməlidir”.

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu USAİD-in ermənipərəst fəaliyyətinin ABŞ-ın siyasətindən irəli gəldiyini düşünür. Hüquq müdafiəçisi fondun Azərbaycanda da layihələri dəstəklədiyini bildirsə də, faktiki olaraq Ermənistana yardımların həcmini artırmaqla bu ölkədə təsir gücünü böyüdürlər: “Qərb təsisatları bütün resursları ilə səfərbər olaraq Ermənistana yerləşirlər. Rusiyanın təsirlərinin azaldılması üçün Avropa təşkilatları, Amerika fondları güclü şəkildə iş aparırlar. USAİD başqa ölkələrdə müstəqil, yaxud müxalif qruplarla əməkdaşlıq etsə də, Ermənistanda fərqlidir, Paşinyana yaxın QHT-lərə qrant ayırırlar. Çünki burada hakimiyyət qərbpərəst kimi qəbul olunur və iqtidaryönlü QHT-lər maliyyə almaqla propoqandanı gücləndirirlər. Azərbaycana gəldikdə, biz USAİD-in hərəkətlərinə münasibət bildirməliyik. Eyni zamanda əlaqələri kəsmək də çıxış yolu deyil və əməkdaşlıqla bağlı məsələlərin müzakirəsinə ehtiyac var. Sadəcə, Ermənistana Qərbdən axan pulların səbəbi Rusiyanın nəzarətindən çıxarmağa hesablanıb”. X.Teyyublu ABŞ və Aİ-nin çətiri altında müxtəlif beynəlxalq fondların Ermənistana dəstək verdiyini vurğulayaraq, bu prosesin davam edəcəyini proqnozlaşdırır: “Əgər belə davam edərsə, Azərbaycan Samanta Paueri ermənipərəst çıxışlarına görə persona-non-qrata elan edə bilər. Bu təşkilat simpatiyasını nümayiş etdirir”.

Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə yaradılıb. Agentliyin məqsədi qlobal miqyasda kasıb ölkələrə humanitar yardım etməkdən ibarətdir. Amma 62 ildir ki, fəaliyyətdə olan USAİD nəcib ideyalar əsasında fəaliyyət göstərdiyini elan etsə də, zaman-zaman onun fəaliyyəti ilə bağlı ciddi suallar və şübhələr yaşanıb. Ən əsas və ciddi ittiham USAİD-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) alt strukturu kimi fəaliyyət göstərməsi, fəaliyyət göstərdiyi ölkələrdə humanitar yardım və digər dəstək proqramları ilə yanaşı, rəsmi ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc” kimi istifadə edilməsi ilə bağlı olub. Məsələn, Haitidə USAİD 2004-cü ildə prezident Jan Bertrand Aristide qarşı çevrilişdə iştirak edən təşkilatları maliyyələşdirməkdə ittiham olunurdu.

Analoji hallar 1970-ci illərdə Cənubi Amerikada solçu hərəkatının məhv edilməsi əməliyyatlarından tutmuş 2000-ci illərdə Boliviyada, Eritreyada, Kubadakı fəaliyyətə qədər geniş dövrü əhatə edir. USAİD-in fəaliyyəti Rusiyada, Belarusda və Efiopiyada bu əsasla qadağan olunub. USAİD-lə bağlı sonuncu qalmaqal isə yenicə bitib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ötən il oktyabrın 2-də açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən 3 Serbiya vətəndaşını maliyyələşdirməkdə ittiham edib. Rəsmi məlumata görə, 1991-ci ildən USAİD Azərbaycanda dəstək proqramlarına, o cümlədən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow