"Şir gedəndə pişiklər ortalıqda dolaşır" - İbrahimoviçdən UEFA rəsmisinə sərt cavab

Sep 18, 2024 - 22:10
 0
"Şir gedəndə pişiklər ortalıqda dolaşır" - İbrahimoviçdən UEFA rəsmisinə sərt cavab

Xorvatiya millisinin əfsanəvi kapitanı olan, hazırda isə UEFA-nın Peşəkar Futbol Direktoru Zvonimir Boban "Milan"ın funksioneri Zlatan İbrahimoviçin "bostanına daş atıb".

Fanat.az xəbər verir ki, UEFA prezidenti Aleksandr Çeferinin yaxın adamı olan Boban "Gazzetta Dello Sport"a müsahibəsində ötən il futbolçu karyerasını başa vuran Zlatanın "Milan"dakı rolunun bilinmədiyini deyib:

"Zlatan dahidir və ömrümün sonuna qədər ona minnətdar olacağam, çünki o, sabiq klubum "Milan"a olan sevgisinə görə qayıtmağa razılaşdı və bununla da klubun yaxın tarixini dəyişdi. Amma indi onun nə işlə məşğul olduğu mənə aydın deyil. "Milan"da onun vəzifəsini bilsəydim, mühakimə edərdim". 

İbrahimoviçin cavabı özünü çox gözlətməyib. "Sky Sports" studiyasının qonağı olan isveçli "Milan"ın sabiq oyunçusu olan Bobana sərt cavab verib:
 
"Şir gedəndə pişik balaları ortalıqda dolaşır. Şir geri qayıdanda onlar yox olur. Şəxsi səbəblərə görə 17 gün idi yox idim. Amma əslində həmişə oradayam. Çox işləyirik, hər şeyə diqqət yetirirəm. Boban mənim rolumun nə olduğunu bilmir. İndi izah edəcəyəm. Mənim rolum sadədir - çox danışmaqdan ibarətdir. Mən rəhbərlik edirəm, patron mənəm və hamı mənim üçün işləyir. Əmin olun, içəridə siçan yoxdur, onlar klubun xaricindədirlər".

Qeyd edək ki, İbrahimoviç "Milan"da Direktorlar Şurasının məsləhətçisi postunu tutur. 163 oyun keçirib, 93 qol vurub və 34 məhsuldar ötürmə edib. Milan klubu ilə o, iki İtaliya çempionluğu və bir İtaliya Superkuboku qazanıb. O, həmçinin “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “PSJ”, “Mançester Yunayted” və “LA Galaxy” klublarında da çıxış edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow