Paşinyan tam razılaşdırılmamış sülh sənədinin imzalanmasına niyə israr edir?

Sep 19, 2024 - 15:21
 0
Paşinyan tam razılaşdırılmamış sülh sənədinin imzalanmasına niyə israr edir?

"Paşinyan indiyə qədər razılaşdırılan məqamlarla bağlı sülh sənədinin imzalanmasını istəməklə dolayısı ilə ilk növbədə ABŞ-ın təzyiqindən qurtulur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın artıq razılaşdırılmış bəndlər üzrə Azərbaycanla sülh müqaviləsinin bağlanması təklifinin arxasında hansı niyyətlərin dayandığını şərh edərkən deyib. 

"Bayden adminstrasiyası noyabrda keçiriləcək prezident seçkiləri öncəsi Cənubi Qafqazla bağlı siyasi uğur əldə etmək istəyir. Bu hələlik İsrail HƏMAS qarşıdurması kontekstində alınmır. Ancaq Vaşinqton Cənubi Qafqazda istənilən sülh sənədinin imzalanmasını istəyir. Bununla da Vaşinqton dolayısı ilə Rusiyanı prosesdən tamamilə uzaqlaşdırmağı hədəfləyib", deyə Natiq Miri bildirib. 

Politoloq qeyd edir ki, Paşinyan əldə edilən razılıqlar əsasında sülh sazişini imzalamaqla birincisi ABŞ-ı razı salır, ikincisi zaman qazanır: 

"Çünki konstitusiya dəyişikliyi uzun zaman aparan prosesdir. Bununla bağlı referendumun 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Ona qədər də Paşinyan müxtəlif ölkələrdən - ABŞ, Fransa, Yunanıstan, Hindistan, Cənubi Koreya və Yaponiyadan silah almaqla gələcək perspektivdə güc balansını təmin etməyə çalışır. Belə olan halda da İrəvan Azərbaycanla bərabər şəkildə danışıqlar aparmaq imkanı qazanır. Ona görə də İrəvana bu zaman lazımdır. Ancaq Azərbaycan haqlı olaraq həmin zamanı onlara vermir. Konkret şərtlər tələb edir. Deməli, vəziyyəti yumşaltmaq üçün Paşinyana hansısa bir keçid sənədinə ehtiyac var ki, onun vasitəsilə həm havadarlarını sakitləşdirsin, həm də zaman qazansın". 

Həmsöhbətimizin fikrincə, bu addımla Paşinyan həm də danışıqları uzadır:

"O vaxta qədər də erməni cəmiyyətində öz köklərini daha dərinə nüfuz etdirməyə çalışır. Deməli, Paşinyan növbəti parlament seçkisinə hazırlaşır. Belə vəziyyətdə Paşinyana həmin istiqamətdə yürümək daha asan olacaq". 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ümumdünya erməni sammitində çıxışı zamanı Azərbaycana artıq razılaşdırılmış bəndlər üzrə sülh sazişinin imzalanmasını və ardınca digər bəndlərin müzakirəsinə keçməyi təklif etdiyini deyib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow