Ermənistan Qarabağ ermənilərinə vətəndaşlıq verilməsini sadələşdirib

Sep 4, 2024 - 07:24
 0
Ermənistan Qarabağ ermənilərinə vətəndaşlıq verilməsini sadələşdirib

Prosedurun müddətinin də qısaldıldığı bildirilir

Miqrasiya orqanları Qarabağdan olan mühacirlərin Ermənistan vətəndaşlığı alması prosedurunu sadələşdirib və müddəti qısaldıb.

Bu barədə avqustun 30-da Ermənistanın Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəisi Armen Kazaryan parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının iclasında danışıb.

Onun sözlərinə görə, Qarabağdan olan 4300-dən çox məcburi köçkün Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib, onlardan 2900-ü artıq bu vətəndaşlığı alıb.

Kazaryan izah edib ki, yetkinlik yaşına çatmayanlara avtomatik olaraq valideynləri ilə Ermənistan vətəndaşlığı verilir, yəni azyaşlıların müraciət etməsinə ehtiyac yoxdur.

"Miqrasiya orqanları bunu mümkün qədər asanlaşdırmağa və Qarabağ sakinlərinin Ermənistan vətəndaşlığını almaq müddətini qısaltmağa çalışıb. Əgər qanuna görə prosedur təxminən 90 iş günü davam edirsə, Qarabağ ermənilərinə münasibətdə bu müddət nadir istisnalarla 2 aya yaxındır. Bundan əlavə, Qarabağ ermənilərinin vətəndaşlıq üçün müraciətlərinə bütün ərazi idarələrində baxılır. Əcnəbilərə gəlincə isə sənədlər yalnız Yerevandakı mərkəzi viza və pasport şöbəsinə təqdim edilməlidir. Bu vəziyyət prosesi əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir”, - Kazaryan belə deyib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycanın başlatdığı hərbi əməliyyatdan sonra Ermənistan hökuməti Qarabağda yaşayan 100 mindən çox erməninin köç etdiyini açıqlayıb.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi: "İlk gündən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırmışıq”, – deyə cavab verib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow