Nəsimi rayonunda qanunsuz tikililər davam edir: İcra Hakimiyyəti Arxitektura Komitəsini saya salmır?

Aug 27, 2024 - 08:42
Aug 27, 2024 - 08:46
 0
Nəsimi rayonunda qanunsuz tikililər davam edir: İcra Hakimiyyəti Arxitektura Komitəsini saya salmır?

Bakı şəhərinin Nəsimi rayonunda qanunsuz tikintilər davam edir. 
 
Qlobal.az xəbər verir ki, paytaxtda qanunsuz tikintilərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Bakı şəhərinin bir sıra rayonunun ərazisində gizli tikinti işləri aparılmaqdadır.
 
Qanunsuz və əsasən də gizli aparılan tikinti işləri əsasən Bakının mərkəzi rayonlarından biri olan Nəsimi rayonunu əhatə edir. 
 
Nəsimi rayonu ərazisində aparılan qanunsuz tikintilər əsasən iaşə obyektlərini əhatə edir. 
 
Belə ki, konstruksiya və betafon tipli materiallarla rayon ərazisində fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahəsi artırılır.
 
Əldə etdiyimiz məlumata görə Nəsimi rayonunda aparılan qanunsuz tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan aparılır. 
 
Rayon icra Hakimiyyəti ilə anlaşan bəzi sahibkarlar yuxarıda qeyd edilən tikinti materiallarında istifadə etməklə 3-4 sutka ərzində obyektlərinin sahəsini dəfələrlə artırırlar. 
 
Məsələ ilə əlaqədar saytımızın əməkdaşı Nəsimi rayonunun bəzi ünvanlarında olub. 
 
Öncə qeyd edək ki, 3-cü mkr dairəsi ərazisində dönərxana kimi fəaliyyət göstərən obyektin sahəsi qeyri-qanuni olaraq iki dəfə artırılıb. 
 
Hazırda qeyri-qanuni tikinti işlərindən biri də Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində aparılmaqdadır. 
 
Belə ki, Heydər Əliyev parkı ilə ("Nənəmin təndiri") üzbəüz ərazidə yerləşən, əvvəllər "yaz çiçəyim" adı altında fəaliyyət göstərən obyektin ərazisi iki dəfədən çox artırlıb. 
 
Obyektin ərazisinin yaşayış binasının qarşısında yerləşən kiçik istirahət guşəsinin hesabına aparılmaqdadır. 
 
Metal konstuksiya və betofon üzlüklə montaj olunan obyektin sahibinin Nəsimi rayon İcra Hakimiyyəti ilə "anlaşdığı" vurğulanır. 
 
Qeyd edək ki, Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovdur. 
 
Asif Əsgərovun eyni zamanda sentyabr ayının birində keçiriləcək Milli Məclis seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülüb. 
 
Seçkilərə sayılı günlər qaldığından Asif Əsgərovun Nəsimi rayonunda qanunsuz tikintilərə vüsət verdiyi də ehtimallar sırasında yer alır. 
 
Xatırladaq ki, bir neçə gün öncə  - avqust ayının 21-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilmişdir.

Qarşı tərəf mövqe sərgiləyə bilər

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow