ManşetSiyasət

OCCRP Vasif Talıbovun ailəsinin xaricdəki çoxmilyonluq sərvəti barədə

Beynəlxalq OCCRP şəbəkəsindən jurnalistlər Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbovun oğullarının xaricdə çoxmilyonlu maliyyə və daşınmaz əmlakına dair araşdırma dərc ediblər.

OCCRP-in (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin) “Çirkli pulyuma mexanizmilə milyonlar qazanan Vasif Talıbovun oğulları” adlı araşdırmasında deyilir ki, Vasif Talıbovun övladları Azərbaycan və Troyka pulyuyanları sxemi vasitəsilə 21 436 250 ABŞ dolları qazanıblar, bu pulun 9 491 250 dolları İsveçrənin Credit Suisse və Bank Vontobel, Birləşmiş Ərəb Əmirliyinin Emirates NBD və Britaniyanın Barclays banklarında Vasif Talıbovun oğlu Seymurun adına, 11 045 250 dolları İsveçrənin Credit Suisse və Birləşmiş Ərəb Əmirliyinin Bank of Dubai bankında Talıbovun digər oğlu Rzanın adına, 900 000 dolları Talıbovun qızı Baharxanımın adına İsveçrənin Vontobel bankında yerləşdirilib. Bundan əlavə, onlar Gürcüstanda və Birləşmiş Ərəb Əmirliklərində 63 milyon dollarlıq mülk alıblar.

Vasif Talıbov 26 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasına rəhbərlik edir. “Onun hakimiyyəti dövründə həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. O, hakimiyyətindən müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalist və fəallar təzyiqə, həbsə və digər ölkələrə köçməyə məruz və məcbur qalıblar”, – məqalədə qeyd edilir.

Yerli KİV Talıbovu “böyük vətənpərvər, qətiyyətli, cəsur, və humanist”, həm də “həddindən artıq təvazökar” şəxs kimi təsvir edir.

Xarici media isə Talıbovun balkonlarda paltar asmağa, məmurların rəngli corab geyinməsinə qoyduğu qadağalara diqqət yetiriblər.

Müxalifətçi fəallar Naxçıvanı “Azərbaycanın Şimali Koreyası” adlandırarkən, Norveç Helsinki Komitəsi “Azərbaycanın qara adası” adlandırıb.

ABŞ diplomatı regiona səfəri barədə hesabatında oranı Talıbovun “xanlığı” adlandırıb və muxtariyyatı “Naxçıvan baş-ayaq bir dünyadır” kimi xarakterizə edib.(Turan)

Bənzər yazılar

Back to top button