Cəmiyyət

“Vəkillər sosial şəbəkələrdə, medialarda çıxışlarına görə cəzalandırılır…”

Yanvarın 1-də Bakıda Vəkillər Kollegiyasının binası yaxınlığında vəkil Zaur Məmmədovun intiharı ölkədə vəkillərlə bağlı yenidən müzakirələrə səbəb olub.

Həmin vəkilin yaxınlarının deməsinə görə, Zaur Məmmədov onlara məlum olmayan istintaq orqanın bir müstəntiqinə iş düzəltmək üçün pul verib, daha sonra isə nə pulu geri ala bilib, nə də iş düzəlib. Yaxınlarının vurğulamasına görə, nəticədə vəkil özü qurbana çevrilib.

Hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb, istintaq aparılır.

Vəkillərlə bağlı bundan əvvəl də oxşar iddialar səslənib. Üstəlik, bu illər ölkədə vəkillərin hüquqsuz duruma düşməsi, polisdə döyülməsi ilə də bağlı bir sıra şikayətlər eşidilib.

Zaur Məmmədovun intiharından dərhal sonra Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov onun qurumla hər hansı probleminin, barəsində intizam işin olmadığını bildirib.

Vəkillərdən Fariz Namazlı isə sosial şəbəkdə belə yazıb:

” İntihar etmə səbəbi çox ola bilər. Vəkillik hüququnu lazımi qaydada yerinə yetirmədiyinə, vəkillik əvəzinə istintaq orqanı ilə qeyri prosessual əlaqəyə girməyə məcbur edildiyinə, hüquqlarını qorumağa gücü çatmadığına, rəhbərlikdən lazımi dəstək ala bilmədiyinə, istintaq orqanının əvəzinə dəyən zərəri odəməyə məcbur edildiyinə görə və s…”

Fariz Namazlı deyir ki, onun özünü yandırması VK ilə bağlı olmaya bilər, amma qeyri prosessual münasibətə giribsə istintaq orqanının açıqlanmasını tələb edən toplu azdır, yox dərəcəsindədir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə “Turana” bildirib ki, vəkilin intihar etməsi çox üzücü bir hadisədir: “Bütövlükdə bunu hansısa vəkil fəaliyyəti ilə əlaqələndirmək doğru deyil. Hər kəs söyləyə bilər ki, motivdə haqlıdır, yaxud da hansısa motiv onu intihara vadar edib. Amma bütövlükdə intihar özü heç bir halda iradəli insan üçün çıxış yolu deyil. Onda yüzlərlə dünyada borc, problem içində yaşayan insanların hamısı kütləvi şəkildə intiharmı etməlidir? Bu yanaşma forması doğru deyil”.

Deputatın sözlərinə görə, hadisənin hansı binanın qarşısında olub-olmaması mahiyyəti dəyişmir: “Amma bütövlükdə bu hadisənin həm də vəkilliklə əlaqələndirmək absurddur. Çünki Vəkillər Kollegiyası son illərdə daha çox vəkillərin müdafiəsi istiqamətində addım atır və şəxsən mən müşahidə etmişəm ki, qanunvericilikdə dəyişiklərlə bağlı daha çox vəkillərin xeyrinə olan təşəbbüsləri məhz Vəkillər Kollegiyasının rəhbərliyi irəli sürür. Hətta vəkillərə qarşı törədilər qeyri-qanuni hərəkət törədiləndə Kollegiyanın sərt reaksiyasını görmüşəm”.

F.Mustafanın fikrincə, bu o deməkdir ki, vəkillər elə də diqqətdən kənarda qalan bir anlayışla qiymətləndirilə bilməzlər: “Deməli burada daha çox subyektiv motivlərə baxılmalıdır və onların üzərində ehtimallar qurulmalıdır. Hər halda bu kifayət qədər ciddi bir problemdir və intihar məsələsi ciddi araşdırılmalıdır. Bir vəkilin intihar edilməsi çox ağır bir hadisədir, amma intihar edən müstəntiq də olub, istintaq orqanların işçisi da olub. Yəni, intihar məsələsi bir az subyektiv faktor olaraq araşdırılsa, daha çox mənbəyinə gedib çıxmaq mümkün olacaq”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, baş verənlər vəkillərin acınacaqlı durumda olduğunun göstəricisidir:

“Onlar məhkəmədə nəyinki siyasi, hətta mülki işlərdə insanların hüquqlarını müdafiə edə bilmirlər, müdafiəni düzgün təşkil etməkdə çətinlik çəkirlər və haqlı olduğu təqdirdə haqsız duruma düşürlər”.

O, hesab edir ki, bu təkcə vəkilliklə bağlı problem deyil:

“Bu, ümumilikdə dövlət institutların nə dərəcədə işləməsinin əsas göstəricilərdən biridir.”

Onun fikrincə, ölkədə ən böyük problem hesabatlılığın və şəffaflığın olmamasıdır: “Bundan dolayı da belə problemlər ortaya çıxır. İnsan hüquqların pozulması halları artdıqca biz bu sahələrdə daha acınacaqlı vəziyyətin şahidi oluruq. Bu gün vəkil özünü Vəkillər Kollegiyasının yaxınlığnda yandırır və sonra yaxınları deyir ki, o hansısa müstəntiqə pul verib geri ala bilməyib. Bunun özü vəziyyətin necə olduğunun göstəricisidir”.

B.Süleymanlı hesab edir ki, ölkədə hansısa texniki irəliləyişlər olur: “Məsələn, vəkillərin sayı artırılır. Amma ümumilikdə mahiyyət üzrə qiymət verilmir. Son illər vəkillərə qarşı basqılar artıb. Hətta vəkillər sosial şəbəkələrdə, medialarda çıxışlarına, açıqlamalara görə tənqid olunur, cəzalandırılır və bu prosesdən çəkindirilir”.

O, qeyd edib ki, ölkədə mütləq müstəqil məhkəmə institutu olmalıdır: “Məhkəmə ədalətli, qanuna uyğun olaraq hüquqi proseslərə qiymət versə, bu yaranmış vəziyyət aradan qalxacaq”.

Bənzər yazılar

Back to top button