Siyasət

Azərbaycanda 2 həftəyə 5 jurnalistin həbsini media qurumları belə yozur…

Azərbaycanda jurnalist həbsləri davam edir. Son 2 həftə ərzində 5 jurnalist həbs olunub.Sonuncu belə hal, dekabrın 2-də baş verib. Kanal 13 internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə inzibati qaydada həbs olunub. R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrlə ittiham olunub.

Ondan əvvəl isə Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov, “Abzas Media” İnternet nəşrinin direktopru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və jurnalsti Nərgiz Absalomova həsb edilib.Əziz Orucov torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada, digər həbs olunan jurnalistlər isə qaçaqmalçılıqda ittiham olunur. Onların hər biri ittihamı qəbul etməyib.Bu 4 jurnalit barəsində isə həbs qətimkan tədbiri seçilib.

Bəs bu həbslərə ölkədəki media qurumları lazimı münasibəti bildiribmi?

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Turan”a deyib ki, “Abzas Media” və “Kanal 13” redaksiyalarında çalışan 6 nəfər şəxsin qısa zaman kəsiyində saxlanılaraq istintaqa cəlb edilmələri xoş olmayan mənzərə yaradır: “İstənilən halda kiminsə məhbəsə salınması ağır məsələdir və təəssüf hissi yaradır. Arzu edirəm ki, irəli sürülmüş ittihamlar öz təsdiqini tapmasın və saxlanılan şəxslər azadlığa çıxsınlar”.

Lakin bununla belə, ekspert hesab edir ki, “Abzas Media” və “Kanal 13” ətrafında baş verən hadisələri birmənalı şəkildə dəyərləndirmək çətindir: “Ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının indiki halda müdafiə prosesinə tam qoşula bilməmələri də bu amillə bağlıdır. Problem ondadır ki, Azərbaycan hüquq-mühafizə orqanlarının “Abzas Media” və “Kanal 13”-ün rəhbərləri ətrafında başlatdıqları istintaq prosesi özlüyündə media hadisəsi deyil. Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqovanın açıqlamalarından belə görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi, yəni qaçaqmalçılıq işində şübhəli bilinir. Qaçaqmalçılıq da heç bir halda media hadisəsi sayılmır. Yaxud, “Kanal-13”-ün rəhbəri Əziz Orucov sənədsiz tikililər mövzusu üzrə təqsirli bilinir”.

M.Ələsgərlinin fikrincə, bunlar elə mövzulardırlar ki, hansısa jurnalist təşkilatının müdaxilə etməsi, öncədən fikir söyləməsi çətindir: “Şübhəli faktın təsdiqini tapıb-tapmayacağı barədə qəti rəy bildirmək imkansızdır. Bu halda istintaqın son rəyini gözləməkdir. İstisna etmək olmur ki, istintaq orqanları isbatlanmış bir faktı açıqlaya bilərlər. Yaxud bəlkə də irəli sürülən faktlar öz təsdiqini tapmayacaq, Ülvi Həsənli də, Sevinc Vaqifqızı da, digərləri də sərbəst buraxılacaqlar”.

O, qeyd edib ki, jurnalist təşkilatları istintaq qurumu deyillər və bu faktları təsdiqləmək və ya inkar etmək üçün mexanizmə malik deyillər: “Bu baxımdan təşkilatlar saxlanılmış şəxslərin ifadə vermələrini gözləyirlər”.

Ekspertin fikrincə, jurnalist təşkilatının görə biləcəyi ən yaxşı iş məsələni diqqətdə saxlamaq, problemlər olarsa ictimailəşdirmək, həmçinin, istintaq prosesinin ədalətli keçirilməsini tələb etməkdir: “Əgər istintaq prosesində şəxslərə qarşı təzyiq olarsa, ittihamı zorla boynuna qoymağa məcbur edilərsə, təbii ki, etiraz da olacaq. İndiki halda bunun əlamətləri görünmür”.

M.Ələsgərli bildirib ki, məsələnin digər tərəfi odur ki, ictimailəşdirilmiş məlumatlara görə, “Abzas Media”nın rəhbərləri onlarla xarici təşkilatdan qrant vəsaitləri alıblar, amma həmin qrant vəsaitlərlərini rəsmi qeydiyyatdan keçirilməyiblər. ““Qrant haqqında” qanuna əsasən, istənilən qurum aldığı qrant layihəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir. “Abzas Media”nın həmin qrant vəsaitlərini alıb-almadığını, qeydiyyatdan keçirib-keçirmədiyini təsdiqləmək üçün əlimizdə fakt yoxdur”.

Ekspertin fikrincə, problem bununla da yekunlaşmır: “Belə görünür ki, “Abzas Media” və “Kanal-13” KİV subyekti qismində “Media haqqında” qanunun tələblərinə də əməl etməyiblər. Media Reyestrindən keçməyiblər. Kimsə deyə bilər ki, “Abzas Media” “Media haqqında qanun”u qəbul etmir. Bu, mümkün haldır. “Media haqqında” qanunu bəyənməyən, onun prinsipləri ilə razılaşmayan başqa şəxslər də vardırlar. Amma bu, qanundan kənar fəaliyyət üçün əsas vermir. Məsələn, “Turan” İnformasiya Agentliyinin rəhbərliyinin də “Media haqqında qanun”a münasibəti neqativdir. Amma mövcud qanun qüvvədə olduğu üçün Media Reyestrində də qeydiyyatdan keçib. Fəaliyyətini mövcud qanunlara müvafiq qurub. Onlar nə üçün Media Reyestrində qeydə düşüb fəaliyyətlərini qanuniləşdirməyiblər. Bu sualların cavabları mühümdür”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, bu həbslərin arxasında sırf siyasi proseslər dayanır. O, AzadlıqRadiosuna bildirib ki, söhbət burada hətta daha fərqli proseslərdən gedir: “Niyəsə Azərbaycan höküməti belə qərara gəlib ki, xarici ölkələrlə Azərbaycanın münasibətlərdə yaranmış problemin kölgəsini beynəlxalq dəstəyə malik olan kütləvi informasiya vasitələri üzərinə salsınlar”.

Arif Əliyev vurğulayıb ki, ona görə də o həmin şəxslərin həbsi üçün əsas görmür: “Amma istintaq orqanların hətta buna hansısa əsası varsa da, məsələn “Abzas Media” ilə bağlı jurnalistlərin işində, həbsə atmadan da araşdırmanı aparmaq olardı. Çünki “Abzas Media”nın əməkdaşı Sevinc Vaqifqızı istintaqdan yayınmaq istəsəydi, o heç ölkəyə qayıtmazdı. Amma o öz ayağı ilə durub gəlib.Bilirdi ki, bu onun üçün təhlükəlidir”.

Onun sözlərinə görə, əgər Azərbaycan hökümətinin müəyyən şübhələri, müəyyən əsasları varsa araşdırmanı aparsın: “Amma bunu jurnalistlərə qarşı həbs qətimkan tədbiri seçmədən də etmək mümkündür”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button