Digər

Almaniyaya qaçan iş adamının yaxınlarına təzyiqlər başlayıb

Hazırda mühacirət həyatı yaşayan iş adamı, jurnalist və AzToday.az saytına sponsorluq edən İbad Mənəfovun yaxınlarına təzyiqlər başlayıb. Bu barədə İbad Mənəfovun Neftçalada yaşayan qohumları məlumat verib. Onların sözlərinə görə, İcra Hakimiyyətinin əməkdaşları İbad Mənəfofun Almaniyada siyasi fəaliyyətinə son verməyəcəyi təqdirdə onun yaxın qohumlarının həbs etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, 2016-cı ildə bağlanmış ANS PRESS nəşriyyatının dərc etdiyi jurnalların, eləcədə dövri mətbuatın yayımı ilə məşğul olan iş adamı İbad Mənəfova saxta cinayət işi də açılıb. Dəfələrlə Bakıdakı yaşadığı ünvana cinayət işinin başlanması ilə əlaqədar cağırışlar göndərilib. Belə ki, Nəsimi rayon Polis İdarəsində başlanılan cinayət işinə əsasən İbad Mənəfov dələduzluqda ittiham olunur.

İbad Mənəfov başlanan cinayət işinin heç bir əsasının olmadığını və qurama bir iş olduğunu bildirir:

“Həbs ediləcəyimlə bağlı dəfələrlə xəbərdarlıq almışdım. Məndən Aztoday.az saytını bağlamağı və siyasi fəaliyyətlə məşğul olmamağı tələb edirdilər”.

Qeyd edək ki, AzToday.az onlayn qəzetin əsasını qoyan, xəbər portalının fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi verən iş adamı İbad Mənəfov 1988-ci ildən Xalq Cəbhəsinə qoşulub. Müxalifətin təşkil etdiyi bütün aksiyalarda fəal olaraq iştirak edib. Hakimiyyətə qarşı barışmaz mövqeyi ilə tanınan və hazırda həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının yaxın silahdaşı kimi tanınıb. Həmçinin müxalif və müstəqil qəzetlərin yayımı ilə məşğul olan İbad Mənəfov hakimiyyətin qəzet yayımına qarşı qoyduğu qadağalara qarşı etiraz aksiyaları təşkil edib. Qarabağ müharibəsi veteranı olan İbad Mənəfov 2005-ci ildən ANS-də çalışmağa başlayıb. 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılaraq, işgəncələrə məruz qalıb. 2015-ci ildən başlayaraq, iş adamının Bakının müxtəlif yerlərindəki satış məntəqələri qapadılıb. Bu işi davam etdirməmək üçün hüquq-mühafizə orqanlarından dəfələrlə xəbərdarlıq alıb. Həbs təhlükəsi ilə üzləşən iş adamı Almaniyaya sığınmaq məcburiyyətində qalıb. Almaniyadada Azərbaycan hakimiyyətin əleyhinə təşkil olunan aksiyalarda fəal iştirak edir…

Bənzər yazılar

Back to top button