Cəmiyyət

Professor: “COVİD-19 virusunun vaksininin tapılması real deyil”

“COVİD-19 virusunun vaksininin tapılması real deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, belə viruslar hər il olduğundan vaksinlərin hazırlanması mənasızdır:

“Xəstəliyə yoluxanlar və sağalanlarla bağlı real statistika bizim əlimizdə deyil. Biz tədbirlərə gec başlamışıq. Koronavirusun vaksinin hazırlanması məsələsi real deyil. Təcrübə göstərir ki, bu viruslar il boyunca olur, sonra təkrar olunmur. Ona görə də vaksinin hazırlanmasının bir mənası yoxdur. Onsuz da infeksiya pandemiya şəklini alıb. İyun ayının əvvəllərində tədricən yoxa çıxacaq. Dünya əhalisinin xeyli hissəsi bu xəstəlikdən əziyyət çəkir. Bəziləri heç yoxlanılmadan, bəzən müalicə ilə sağalıb. Məsələ burasındadır ki, dünya səhiyyəsi eyni deyil, xəstələrin statistikası hər ölkədə bir cür aparılır. Heç bir ölkədə siyahı faktiki statistikanı əks etdirmir. Bu virus hər il olur, amma bu növü bir az ağırdır”.

Adil Qeybulla Azərbaycanda bu virusa yoluxan və sağalan xəstələrin adlarının açıqlanmamasına da münasibət bildirib:

“Bu işlə məşğul olanlar var. Onlar bu işin içindədir. Qobustanda ayrılmış xüsusi xəstəxana var. Görünən odur ki, həmin xəstəxanada karantinə xeyli adamlar götürülüb. Hər halda biz rəsmi məlumata inanmalıyıq. Başqa carəmiz yoxdur”.

Bənzər yazılar

Back to top button