İdman

Qurbanovların tramplin kimi gördüyü transfer…

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı yeni mövsümdən legioner həyatı yaşamağa hazırlaşır.

“Qarabağ”dan ayrılan 21 yaşlı hücumçu karyerasını İsveçin “Yurqorden” klubunda davam etdirəcək. Artıq tərəflər 3 illik müqaviləyə imza atıblar. M.Qurbanlı İnstaqram hesabında yeni paylaşım edərək “bu böyük kluba transferi üçün inanılmaz dərəcədə xoşbəxt olduğunu” yazıb. O, həmçinin bildirib: “Rəqiblərimizlə görüşü və möhtəşəm atmosferi hiss etməyi səbirsizliklə gözləyirəm”.

Bundan başqa M.Qurbanlı transferində əməyi olan şəxslərlə şəkillərini də paylaşıb. Söhbət “Qarabağ” skaut sisteminə cavabdeh olan Musa Qurbanov və futbol meneceri Tural Əsgərovdan gedir. Bir məqam da məlum olub ki, hər iki şəxs İsveçə səfər zamanı M.Qurbanlını müşayiət və yekun danışıqlarda iştirak edib.

Qeyd edək ki, Musa Qurbanov M.Qurbanlının əmisidir. O, bir müddət əvvəl Qol.az-a verdiyi müsahibədə M.Qurbanlının legioner həyatı yaşamasının mümkünlüyü haqda danışarkən demişdi ki, bu haqda onun atası Qurban Qurbanovla danışırlar və təklif olanda ən yaxşı variantı seçməyə çalışırlar.

M.Qurbanov demişdi: “Onun inkişafına xeyir verə biləcək təklif olsa, gedə bilər. Burada məqsəd ancaq Musanın daha yaxşı inkişaf etməsidir. Uyğun çempionatdan və klubdan təklif olarsa, inanıram ki, gedər. Atası ilə bu barədə danışırıq. Gələn təklif bayaq dediyim amillərə görə dəyərləndiriləcək. Hansısa yaxşı klubdan təklif gəldi, ona görə buraxaq getsin, xeyr, belə bir şey yoxdur. Onun gələcək karyerasına yaxşı mənada təsir edəcək təklif olarsa, yalnız o halda dəyərləndiriləcək. Musa həmişə öz üzərində çalışır ki, ustalığını artırsın. Atasının nəzarətindədir. Qurban da futbolla böyüyən insan olub. Mən də bacardığım qədər kömək edirəm. Söhbətlər aparırıq. İnanıram ki, Musa daha da inkişaf edəcək. Özünün də, bizim də məqsədimiz odur ki, daha yaxşı çıxış etsin”.

Beləliklə, yekunda “Yurqorden” üzərində dayanılıb. Musanın daha da inkişaf etməsi, legioner kimi güclənməsi üçün Qurbanovlar indiki məqamda məhz bu klubu və İsveç çempionatını uyğun görüblər…

Bir növ uğurlu ola biləcək tramplin ölkə kimi.

ELNUR

Qol.az

Bənzər yazılar

Back to top button