ABŞ səfirliyi İzmirdə hərbçiyə edilən hücumu təsdiqləyib

Sep 3, 2024 - 11:46
 0
ABŞ səfirliyi İzmirdə hərbçiyə edilən hücumu təsdiqləyib

ABŞ-nin Türkiyədəki səfirliyi ölkənin qərbindəki İzmir şəhərində “USS Wasp” amfibiya hücum gəmisinin hərbçilərinə hücumu təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə səfirlik “X” sosial şəbəkə səhifəsində məlumat verib.

“Biz “USS Wasp” gəmisində xidmət edən ABŞ hərbçilərinin bu gün (2 sentyabr - red.) İzmirdə hücumun qurbanı olması ilə bağlı xəbərləri təsdiqləyə bilərik. Onlar hazırda təhlükəsizdirlər. Biz Türkiyə rəsmilərinə operativ reaksiyaya və davam edən araşdırmaya görə təşəkkür edirik”, - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Gənclər Birliyi (TGB) İzmir limanında lövbər salmış “USS Wasp” hərbi gəmisi ilə gələn ABŞ hərbçilərindən birinə qarşı əməliyyat həyata keçirdiyini bəyan etmiş, təşkilat həmçinin dənizçiyə hücumun “X”də videosunu yaymışdı.

Videoda bir neçə nəfərin amerikalı hərbçini mühasirəyə alması və onlardan birinin onun başına ağ çuval keçirməsi göstərilir.

TGB bu hərəkəti ABŞ-nin imperialist siyasətinə reaksiya kimi qiymətləndirib. Hücumdan sonra təşkilatın sədri Kayahan Çətin də daxil olmaqla TGB-nin 15 üzvü saxlanılıb.

Bundan əlavə, Türkiyə Kommunist Partiyasının bir neçə onlarla üzvü və tərəfdarı İzmir limanında “USS Wasp” gəmisinin ora daxil olmasına etiraz edərək nümayiş keçirib. Etirazçılar İsrailin Qəzza zolağına davam edən hücumlarına, həmçinin ABŞ və ordusunun buna şərait yaratdığına işarə ediblər. Türkiyə rəhbərliyi də bölgədəki imperialistlərin hərəkətləri ilə bağlı kifayət qədər sərt mövqe tutmadığına görə tənqid olunub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow