DGK-nın kontrabandaya görə həbs edilən şöbə rəisi Ali Məhkəməyə müraciət etdi

Aug 26, 2024 - 15:08
 0
DGK-nın kontrabandaya görə həbs edilən şöbə rəisi Ali Məhkəməyə müraciət etdi

Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsi Cəmil İsmayılov Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Qaynarinfo xəbər verir ki, iş hakim Tahir Kazımovun icraatındadır. 

Cəmil İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləyib. O, ötən il saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Cəmil İsmayılovun 2022-ci ilin avqust-oktyabr aylarında hava limanı ilə ölkəyə gətirilən qızıl-zinət əşyalarının gömrük ödənişlərinə cəlb olunmadan qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün rüşvət müqabilində bir qrup şəxsə köməklik göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil İsmayılova Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar qaçaqmalçılığa köməklik), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Lakin işin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Yəni, Cəmil İsmayılova hansı cəzanın təyin olunduğu bəlli deyil. Məlum olan odur ki, o, hazırda məhkumluq həyatı yaşayır. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow